Əhməd Əhmədzadənin idarəsində ciddi yeyintilər aşkarlandı

Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

İdarə tərəfindən büdcə layihəsinə təkliflər hazırlanarkən xərclərə olan tələbat dəqiq hesablamalara əsasən tərtib edilməmiş, 2015-ci ildə İdarə qazla təchiz olunmadığı halda “Qaz haqqının ödənilməsi” paraqrafı üzrə vəsait nəzərdə tutulmuş, müvafiq illər üzrə ilin əvvəlinə olan anbar qalıqları nəzərə alınmamış, yanacaq və sürtkü materiallarının sərfi üzrə nəqliyyat vasitələrinin marşrut və manevr xətləri müəyyənləşdirilməmiş, hər bir meliorativ nasos stansiyasına və təmir işləri aparılacaq obyektlərə qədər olan gediş-gəliş məsafəsi müəyyən edilməmiş, yol vərəqələrində zəruri göstəricilər doldurulmamış, nəqliyyat vasitələrinə artıq ehtiyat hissələri silinib.

Auditlə əhatə olunan dövrdə təchizatçı tərəfindən meliorativ nasos stansiyasının enerji təchizatında sərhəd mənsubiyyətinə qədər enerji itkilərinin müqavilə şərtlərinə zidd olaraq İdarənin sayğac göstəricisinə əlavə edilməsi hesabına enerji itkisi hesablanmış, “Sudan istifadə Qaydaları”nın tələblərinə əməl edilmədiyindən isə artıq su haqqı üzrə səmərəsiz xərcə yol verilib.

ASC tərəfindən İdarənin istismar tədbirləri planı təsdiq edilərkən İdarənin texnika və işçi qüvvəsinin potensialının düzgün qiymətləndirilməməsi nəticəsində yerinə yetirilmiş lildən təmizləmə işləri 2015-ci ildə 72,5%-i, 2016-cı ildə 73,9%-i İdarənin öz gücü ilə icra edilmiş, qalan 2015-ci ildə 27,5%-i, 2016-cı ildə isə 26,1%-i podrat müqavilələrlə yerinə yetirilib. İdarənin texnika və işçi qüvvəsindən tam istifadə edilməmiş və boşdayanmalara yol verilib.