«Washington Post» İlham Əliyevi «ən qüdrətli prezident» adlandırdı

Planetin bütün dələduzları Məşədi İbaddan pul qoparmağa girişib

Hakimiyyətyönlü Trend agentliyi bu həftə növbəti dezinformasiya yaydı. Agentliyin yaydığı xəbərdə iddia edilir ki, Gürcüstanın «Həftəlik palitra» adlı qəzeti İlham Əliyevi «İlin ən xoş niyyətli prezidenti» elan edib. Xəbərə görə, qəzet 500 nəfər arasında sorğu keçirib və belə bir nəticə alınıb.
(https://az.trend.az/azerbaijan/politics/2776266.html)

«Azadlıq» bu məsələ ilə bağlı kiçik bir araşdırma aparıb və bəlli olub ki, bu xəbər… sadəcə olaraq yalandır və heç bir əsası yoxdur. «Həftəlik Palitra» adlı qəzet belə bir sorğu keçirməyib və İlham Əliyevin «ilin ən xoş niyyətli prezidenti» olması haqqında da onlarda heç bir xəbər yoxdur. Maraqlıdır ki, belə bir xəbər gürcü mətbuatında da keçməyib. Bəzi rus dilli və Azərbaycan mənşəli saytlar da bu xəbəri paylaşıblar, amma Trend-ə istinadən paylaşıblar.

Gürcüstandakı «Həftəlik Palitra» qəzetinin özündə və saytında isə belə bir xəbərin izi-tozu da keçməyib.
Xatırladaq ki, ötən həftə Trend iki yaşlı Zəhranın vəhşicəsinə öldürülməsi ilə bağlı Fransanın məçhuur Le Monde qəzetinin də erməniləri ittiham edən bir yazısı barədə xəbər paylaşmışdı və bizim araşdırmalarımız nəticəsində bəlli oldu ki, Le Monde belə bir yazı dərc etməyib, Trend əsasssız xəbər yayıb. Haqqında danışılan yazı isə Fransadakı Azərbaycan Dostluq cəmiyyətinin bloqunda yayılmış bir yazı olaraq Le Monde-a heç bir dəxli olmayıb.

Bizə elə gəlir ki, son kampaniyalarda hansısa lobbi qrupları İlham Əliyevi Məşədi İbad yerinə qoyublar və ondan pul qoparmaqla saxta reytinq əməliyyatları təşkil edirlər. Biz isə təxminən belə bir iddia edə bilərik: «Amerika Birləşmiş Ştatlarında dərc edilən nüfuzlu «Washington Post» İlham Əliyevi qalaktikanın ən qüdrətli lideri» adlandırıb». Niyə də yox? Bir halda ki, yalanı protez ayaqlarla itələyib qabağa atırlar, o halda, belə bir protez xəbər də biz düzəldə bilərik.

Azadliq.info