Eldəniz Quliyev: “Hakimiyyət təmsilçiləri gah ermənilərlə şərab içməkdən danışır, gah da dediklərini təkzib edirlər”
Bitmək bilməyən Qarabağ müharibəsi ağrı-acılarıyla hələ də davam edir. Atəşkəs dövrü olsa da, nə atəş kəsilir, nə də sabitlik olur, cəbhə xəttində əsgər və zabitlərimiz yenə də şəhid olur, eyni zamanda dinc əhali arasında da düşmən gülləsindən ölənlərin sayı artır. Bütün bunlar ictimaiyyətən, beynəlxalq təşkilatlardan mümkün olduğu qədər gizlədilir. Əslində, hər itkiylə bağlı həyəcan təbili çalınmalı, informasiyalar bütün dünyaya yayılmalıdır. Lakin Azərbaycan hakimiyyəti son çağlar daha çox düşmənlə barışıqdan danışır, ermənilərlə keçən “dostluq” illərinin həsrətiylə yaşayır. Hakimiyyət daha qabağa gedərək bütün baş verənlərdə demokratik qüvvələri qınayıq, onları “ermənipərəstlikdə” ittiham edir. Maraqlı məntiqdir, erməniylə dostluğun, onlarla bir masa arxasında oturmağın təbliğatını hakimiyyət təmsilçiləri aparır, ittihamlar isə müxalifətə yönəldilir.
Füzuli rayonunun Alxanlı kəndindəki faciəni vandalizm adlandıran rəsmi qurum nümayəndələri, millət vəkilləri bir araya gələrək düşmənə qarşı “birləşib”. Nə baş verir? Düşmənlə şərab içməyə dünən “ləbbeyk” deyənlər bu gün mövqeyini dəyişir, yenidən vətənpərvərə çevrilir. Nifrət püskürür. Bəs nədən bu sözləri müxalif mövqeli adamlar, siyasi partiya təmsilçiləri deyəndə süngüylə qarşılanır? Hakimiyyət nümayəndələrinə hansı göstəriş gəldi ki, belə qəfil mövqe dəyişikliyi baş verdi?
Milli Şura üzvü, tanınmış ziyalı Eldəniz Quliyev deyir ki, hakimiyyət nümayəndələrinin, yüksək rütbəli məmurların müəyyən bir koordinasiyası yoxdur: “Onların vahid doktrinası yoxdur. Qarabağ müharibəsiylə bağlı necə gəldi danışırlar. Onların dedikləri böyük çaşqınlıq yaradır. Düşmənə nifrət aşılamaq deyil, öncə xalqa, torpağa məhəbbət aşılamaq gərəkdir. Amma hakimiyyət təmsilçiləri gah ermənilərlə şərab içməkdən danışır, gah da dediklərini təkzib edirlər. Ona görə də onların vahid bir məqsədi yoxdur. Xalqı boğulmaqdan xilas etmək vacibdir. Milli Şura xalqı arxasınca aparan bir qüvvə olaraq bu missiyanı daşıya bilər. Yalnız demokratik düşərgə ermənilərin törətdiyi vəhşilikləri hər zaman ictimailəşdirib və düşmənin Qarabağda törətdiyi insanlıqla bir araya sığmayan əməllərini dünyaya çatdırıb. Hakimiyyətdə oturanların müxtəlif mövqe nümayişi isə cəmiyyətdə yalnız çaşqınılıq yaradır”.
azadlıq.info