Ermənistan münaqişənin həllində vaxt qazanır

Rusiya isə bu məsələni tormozlayıb

Dağlıq Qarabağ münaqişəsinin həlli yolu dalana dirənib. Uzun və səmərəsiz danışıqlar problemin həll yolu deyil. Amma yenə də vasitəçilər münaqişənin həllini məhz belə formada görmək istəyirlər. Bu mənada Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-i Avstriyanın Mauerbax şəhərində ğörüşəcəklər. Nazirlərə ATƏT üzv ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşmək təklif olunub. Gözlənilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri də görüşdə iştirak edəcək.
Bu barədə saytımıza açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov deyir ki, belə görüşlərlə Ermənistan tərəfi öz məqsədinə çatmağa vaxt qazanır. Ermənistanın Azərbaycanı fakt qarşısında qoymaq istədiyini vurğulayan ekspert, ermənilərin bu yolda inamla irəlilədiyini deyir:
“Bu inamı da onlarda yaradan Rusiya, Fransa və Amerikadır. Bu ölkələr Ermənistana kömək edir. Dağlıq Qarabağ probleminin həllində bir addım da irəliləyiş yoxdur. Rusiya bu məsələni tormozlayıb. Ona görə də belə görüşlər yalnız vaxt uzatmaq üçündür. Problemin həllində əməli bir nəticə, nailiyyət yoxdur. Rusiya Ermənistana silah verir. Ona Dağlıq Qarabağ məsələsini həll etmək lazım deyil. Ona öz maraqları vacibdir. Bu marağı da görüşlər keçirməklə təmin edirlər. Gah Madrid, gah da Kazan prinsiplərini müzakirə edirlər. Separatçılarla gizli danışıqlar aparırlar. Azərbaycan tərəfi bütün bu məsələlərə təpki göstərməlidir. Əhəmiyyətsiz görüşlər və səmərəsiz danışıqlarla Azərbaycanın başını qatmamalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli bu yolla mümkün deyil”.

azadlıq.info