Avropaya “qaçqın nümunəsi” göstərmək

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib ki, “qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın zəngin təcrübəsi bütün Avropa ölkələrinə yaxşı nümunədir.”

 

Komitə sədri bu sözləri elə bir ölkədə səsləndirib ki, həmin ölkə  bu il təkcə sığınacaq üçün  müraciət edən insanlara  ayrılan vəsaiti əvvəlki illə müqayisədə 70 milyon artıraraq, 220 milyon avroya çatdırıb. Həmin ölkəyə, yəni Fransaya  sığınacaq üçün 2015-ci ildə 80 mindən çox, 2016-cı ildə 85244 nəfər müraciət edib. Avropada qaçqınlara ən humanist şəkildə qucaq açan ölkələrdən sayılan Fransa bu il də təxminən eyni sayda qaçqın axını ilə üzləşəcəyini gözləyir.

 

Rəsmi rəqəmlərə görə son 10 ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait xərclənib. İlin əvvəlinə olan məlumatda deyilir ki, indiyədək bir nəfər məcburi köçkünə il ərzində xərclənən vəsaitin məbləği 1100 manat olub. Gəlin, rəqəmləri Fransada sığınacaq alan insanlarla müqayisə edək. Bu ölkədə sığınacaq alan həmvətənlərimizdən biri ölkədə qaçqınlar üçün müəyyən olunmuş imtiyazlar haqqında bunları deyir:  “Deməli, oturum alana qədər yaşamağa yer və ailə üzvlərinin hər birinə aylıq 120 avro  kompensasiya verilir.  Oturum aldıqdan sonra kompensasiyanın məbləği 2 dəfəyə yaxın artır. Sığınacaq üçün müraciət edən tək adamdırsa, ona verilən məbləğ 220 avro olur. Oturum alandan sonra  həmin məbləğ təxminən 472 avroya  çatdırılır. İmtiyazlara daha nələr daxildir?  Oturum alana  qədər yaşadığın yerdə kommunal xərc ödəmirsən, ictimai nəqliyyatda abunəlik hüququ verilir( məsələn, 50 avro bir nəfərlik, oturum alandan sonra 25 avro və 50%  güzəşt). Bundan başqa, iş axtardığın halda, “Pole Emploi” adlı təşkilat var, o sənə kömək edir, iş axtarır, keçid dövründə yardımçı olur və s. Sığınacaq üçün müraciət etdiyin 2 həftə müddətində dövlət tərəfindən tibbi sığorta ilə təmin olunursan. Həyati əhəmiyyətli bütün dərmanlar pulsuz verilir. Hər hansı sağlamlıq problemin yaransa, əməliyyat ehtiyacların 100 % dövlət tərəfindən ödənilir”.

 

 

Dünyada ən çox qaçqın axınına məruz qalan Almaniyanın göstəriciləri isə rekord həddədir.  Almaniya hökuməti bu il ümumilikdə qaçqın problemlərinə 19 milyard avro vəsait ayırıb. Ölkənin vitse-kansleri Siqmar Qabriel bildirib ki, ölkə hər il 500 min sığınacaq üçün müraciət edən insanı qəbul edə bilər. Almaniyaya son 2 ildə orta hesabla 800 mindən çox mühacir üz tutub. Bu, 2014-cü illə müqayisədə dörd dəfə çoxdur. Qeyd etdiyimiz imtiyazlar Almaniyada da təxminən eynidir. Sığınacaq üçün müraciət edən  şəxslərə əvvəlcə günlük yemək və aylıq 150 avro pul verilir. Sonrakı mərhələdə bu məbləğ 275-325 avroya, oturum aldıqdan sonra 450 avroya qədər artır. Gediş haqqında da 50% güzəşt verilir. Hər kəs tibbi sığorta ilə təmin olunur və kommunal xidmətlərdən azad olur.

 

Bu isə Hollandiyada sığınacaq alan həmvətənlimizin dedikləridir: “Oturum alana qədər yaşamağa yer və ailə üzvlərinin hər birinə aylıq 220 avro  kompensasiya, limitsiz sağlıq sığortası verilir.  Oturum aldıqdan sonra tək adam üçün aylıq 984 avro verilir. Bu məbləğdən kirayə pulu (təxminən 450-500 avro), sağlıq sığortası (120 avro), elektrik və qaz pulu (təxminən 60-70 avro) tutulur. Ancaq bundan əlavə də hökumət yardım üçün kirayə ödənişinin 40%-ə qədərini, sağlıq sığortasının isə 60%-ə qədərini geri qaytarır. Bununla da, tək adama yemək və digər xərclər üçün ümumilikdə  450-500 avro qalır. Uşaq doğulanda zəruri əşyaları almaq üçün 800 avro birdəfəlik, aylıq isə 100 avro verilir. Bundan başqa, ildə bir dəfə istirahətə getmək üçün adambaşına 650-700 avro pul ayrılır.”

Azərbaycanla bağlı qeyd edək ki, bu ildən məlum təbəqəni təmsil edən şəxslərə imtiyazlar ləğv olunmağa başlayıb. İlin əvvəlindən məcburi köçkünlər üçün bütün imtiyazlar əvəzinə, yalnız  adambaşına  36 manat vahid aylıq müavinət ayrılıb. Bu isə əvvəlki məbləğin hardasa 3/1-i deməkdir. 2010-cu illə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb. Yeni qərara görə bu ilin dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət də dayandırılacaq.

Bax, məsələ belədir. Böyük tribunalardan böyük yalanlar danışmaq olar. Amma faktlar ortaya gəlincə, doğruları yalnız onlardan öyrənə bilərsən. Bu halda, ən yaxşı nümunəni də artıq siz özünüz müəyyən edin…

 

Səadət