Elçibəyin qınanması üçün daha hansı arqumentlər lazım deyil

Qənimət Zahid

Əbülfəz bəyin doğum günüdür. Azərbaycanda çağdaş demokratik düşüncənin çox qısa müddətdə olsa da, praktik tətbiqi ilə xatırlanan siyasət adamının.

Əbülfəz bəy yeni Azərbaycan tarixinin məhək daşı kimi bir insan oldu. Onunla, ona münasibətdə, onu anlamaqda olanlarla onu qəbul etməyənlərin qarışılıqlı münasibətlərinin müstəvisidir bu günkü Azərbaycanın siyasi müstəvisi.

Ya demokratiya tərəfdəsən, ya da diktatura tərəfdə. Qeyri səlis məntiq başqa yolları da təqdim edir. Amma hələlik, biz iki ölçülü müstəvidəyik. İki ölçülü müstəvinin imkanları məhdud olur. Azərbaycan cəmiyyətinin indiki çabaları, canfəşanlıqları, uğursuz və ya uğurlu cəhdləri, zülm və zorakılıq, bunlara qarşı dirəniş nümunələri… hər şey həmin o iki ölçülü müstəvidə baş verir.

Elçibəy Azərbaycanın ictimai-siyasi həyatında üçölçülü gerçəkliyin təcəssümü idi.

Diqqət edirsinizsə, indi Azərbaycan tarixini yazanlar Elçibəy mərhələsini unutdurmağa çalışırlar. Üstündən ya keçmək, ya da neqativlərlə xatırlamaq kimi bir dərdi var rəsmi tarix konsepsiyasının. Rəsmi tarix bir az yalançıdır. Bir azdan daha artıq yalançıdır. Konyukturanın yazdığı tarixdir. Konyuktura tələb edir ki, Azərbaycan xalqının özünə inamı arxa planlara atılsın. Azərbaycan adamının tarixi yox, Azərbaycandakı adamların başının üstünə qaldırılmış birisinin tarixini həkk etməyi tələb edir konyuktura.

Əbülfəz Elçibəy nə qədər böyük şəxsiyyət idi? O, zamanındakı ictimai enerji boyda böyük adam idi. Bütün tarixi şəxsiyyətlərin həcmini elə bu düsturla müəyyən eləmək olar. İctimai enerjinin yoxluğu, azlığı, qıtlığı dövründə zirvələrdə təsvir edilən böyük siyasət adamlarının heç biri, əslində, böyük adam deyil. Tarixin lap ən qədim zamanlarından başlayaraq üzübəri gələ bilərsiz. Böyük siyasət adamları, böyük hərb adamları, böyük ictimai enerjilərin doğurduğu təşəbbüslərin qabağa çıxardığı adamlardır. Elçibəyin zamanında da Azərbaycan nəhəng enerji ilə qaynayan, coşan zamanlarını yaşayırdı. Böyüklük də, elə o cür qaynar zamanlarda önə çıxmağı bacarmaqla, önə çıxmağa layiq görülmüş insanların boyuna biçilir. Sonra həmin ictimai enerji öləziməyə başladı. Bəlkə də, onu söndürmək istəyənlərin cəhdləri uğurla nəticələndi, deyə bilərik.

Elçibəyi sevənlər və onu qınayanlar var. «Getdi, gərək getməyəydi» deyənlər onu qınayanların arasında ən yumşaq ifadə edənlərdi. «Getməsəydi, Azərbaycan bu gündə olmazdı» arqumentini səsləndirənlər var və açığı, mən bunu ciddi arqument saymıram. İsa peyğəmbər haqqında bir film çəkiblər. Həmin filmdə İsa peyğəmbərin zühurunu təsvir edirlər və bir rahib onunla polemikaya giri ki, sən nahaq gəldin, sənlik bir iş yoxdur və qayıt get. Çox qısa təsvir edirəm o boyda filmi və orada çoxlu dəlillər, əks dəlillər var, ağır psixoloji mövzudur. Bu yaxınlarda bizim rəsmi və ya yarımrəsmi şəxslərdən biri demişdi ki, əgər indi bir peyğəmbər zühur etsə mütləq Azərbaycana gələrdi və ictimai polemikaların qırmızı xətti də burdan keçirdi ki, «Mütləq Azərbaycana gələrdi və mütləq Bandotdeldə olardı». Nə mən, nə də həmin məmur söhbətin o hissəsini nəzərdə tuturuq ki, Peyğəmbərlər daha çox, yolunu azmış cəmiyyətlərə göndərilir, amma gerçək elə budur. Elçibəy peyğəmbər deyildi, klassik anlamda sufi də deyildi, praqmatik siyasət adamıydı. Amma çox ədalətli bir siyasət adamı idi. Bəziləri «bu qədər adil olmağa gərək yox idi»,- deyirlər, amma bu bizim cəmiyyətin ictimai subyektivlik yükü ilə bağlıdır. Azərbaycan cəmiyyəti adil dövlət adamı görməyib axı…

Elçibəy azərbaycanlıları sevərdi. Çox sevərdi və azərbaycanlılardan zərər gözləməzdi. Baxmayaraq ki, onun bir siyasət və ictimaiyyət adamı olaraq fərqləndirilməsində, önə çəkilnməsində olduğu kimi iztirablı həyatının mənbəyində də elə azərbaycanlılar dayanırdı. O, hesab edirdi ki, azərbaycanlıların bütün yaxşı xüsusiyyətləri daimidir, onlara məxsusdur, bütün pis xüsusiyyətləri isə sonradan onlara sırınan keyfiyyətlərdir və həmin keyfiyyətləri ədalətli münasibətlər sistemini qurmaqla, demokratik idarəçilik ənənələrini bərkitməklə islah etmək mümkün olacaq. Haqlıydımı, haqsızdımı, bunu dartışmaq olar. Özünün yetişdiyi, içərisində formalaşdığı cəmiyyəti bu cür qavrayırdı və o mühitdən pislik gözləmirdi. Hətta ən ağır günlərində də azərbaycanlılardan yamanlıq gözləmirdi.

Buna görə də, elə Əbülfəz Elçibəyin rakursundan baxmağa çalışacam ki, onu sevənləri təqdir, sevməyənləri isə tənqid eləməyim. Bir insanı sevənlər və sevməyənlər ola bilər. Olduqca normal bir şeydir. «Bütün xalq onu sevir» kimi bir qiymətləndirmə saxta qiymətləndirmədir və belə şey olmur. Ateistlər belə var bu dünyada. Yəni, demək istədiyim odur ki, Allahın varlığına da inanmayanlar var, peyğəmbərlərin də düşmənləri olub.  Amma «Elçibəy getməsəydi…» şərtinin sonrasına bir türlü  ictimai arzuları əlavə etməklə Elçibəyi qınamaq nə kimsənin fərdi, kimlərinsə ictimai hikkəsinin mənbəyi olmamalıdır. Bu, normal deyil.

Elçibəy böyük demokrat idi. O, Azərbaycana demokratik dövlət idarəçiliyini tətəbiq eləyən adamdı. Hesab etmək olar ki, onun gedişi, süqutu Azərbaycanda demokratik dövlət idarəçiliyini çökdürdü. Demokratik idarəçilik insan haqlarına, azadlıqlara əsaslanan idarəçilik deməkdir. Bu, yaxşı bir nəsnədir. Amma bir cəmiyyətin demokratiya təsəvvürləri yalnız bir liderin varlığı üzərində təsəvvür edilirsə, bu, heç yaxşı nəticə deyil. İndi Azərbaycanda ictimai enerji, passionarlıq səviyyəsi Elçibəyi aktuallaşdıracaq səviyyədə deyil. Onun süqutu ərəfəsində də beləydi. Elçibəy prezident seçildikdən sonra bütün ölkəyə, bütün ictimai rəyə hakim olmaq kimi bir qayğısı olmadı. Ölkənin prezidenti idi və onu bəlli qaydalarla, qanunlarla idarə edirdi. Demokratik dövlətçilik təşəbbüsləri 70 il əvvəl nakam qırılan bir cəmiyyətdə nələrisə bərpa etmək üçün həmin o qırılan təşəbbüsü davam etdirirdi. Bu 70 il əvvəlki təşəbbüs də elə, ilk təşəbbüs idi.

Bu cəmiyyət Elçibəydən nə gözləyirdi ki? Yaxud, hətta indi «Elçibəy Azərbaycan demokratiyasına xəyanət elədi» arqumentlərinin ictimai, elmi, praktik yükü nədən ibarətdir? Bir çoxları «mən dedim ki, a bəy…», yəni bundan sonra «düz eləmirsən» iddiasında olan əsilsiz bir xatirə epizodu gəlməlidir. Yaxud da, «gördük də…» və bundan sonra da «nəyi necə yanlış etdi» kimi bir iddia gəlməlidir. Elçibəy Azərbaycan üçün vacib olan nələri etmədi? Demokratiyanın quruculuğunu bir liderin doğrularında və yanlışlarında axtarmaq nə qədər doğrudur? Bu, demokratiya etiketlərinin, sisteminin, düzəninin bir diktatorun hökmü ilə yaranacaq  fenomen olduğunu təsəvvür etməyə bənzəyir. Məncə.

Elçibəyin yarıda qoyduğu, edə bilmədiyi bir şeylər var, əlbəttə. Amma həmin işləri cəmiyyət özü görməlidir. Yeni ideyalar, yeni təşəbbüslər və yeni Elçibəylər yetirməklə. Bizim cəmiyyətin potensial enerjisi buna yetirmi?  Elçibəyi sevmək asandır. Onu sevdiyini bəyan etmək, onunla bağlı xatirələrini kövrək, romantik qəliblərə yerləşdirib cəmiyyətə təqdim etmək də asandır… Hətta bir qədər bəzəyib- düzəmək də olar. Onu tənqid etmək, lənətləmək bundan da asandır. Amma bu, hamısı deyil. Azərbaycanda Elçibəydən sonra qırılıb qalan ictimai təşəbbüslərin daşıyıcısı olmaq çətindir. İndi azərbaycanlıların yüzdə neçəsi ölkədə demokratiyanın bərqərar edilməsi üçün imkanlarının lap az hissəsini olsa da sərf edir? Yüz minlərlə adam ağrısız nəzəri polemikalara qoşula bilər. Elçibəyi tənqid etməklə cəmiyyətə nəyi sübut eləmək olar ki? Yaxşı, tutaq ki, pis adamdı, öhdəsinə düşən işləri görmədən getdi, daha nələrisə etmədi və ya yanlış etdi… Bu qənaətlərin ictimai yaddaşa mismarlanması Azərbaycan xalqına nəsə verəcəkmi? Bunun üçün enerji sərf etməyə dəyərmi?

Bunun əksi də var axı. Elçibəy korrupsiya təsəvvürlərini ağlına belə gətirməyən bir dövlət başçısı obrazını yaratdı. Ölkədəki iqtisadi təşəbbüsləri tamahının girovuna çevirməyən bir prezident nümunəsini yaratdı. Azadlıqların nə qədər böyük perspektivlər yarada biləcəyini sübut edən siyasi xadimin surətini yaratdı. Bunlar bir ölkədə demokratiyanın mümkün tətbiqi üçün çox asanlıqla dərk ediləcək modellərdir.

Ölkədə demokratiya qurulmalıdır və bunu heç zaman kimlərinsə xəyallarında canlandıracağı bir nəfər etməyəcək. Bunu cəmiyyət etməlidir. İnsanlar, çoxlu sayda insanlar ölkədə ədaəltli bir düşçənin qurulması üçün peşəkar fəaliyyətlə uğraşmalıdır. Enerji, bpyük bir ictimai enerji tələb olunur. Böyük və çoxlu sayda fərdi təşəbbüslər tələb olunur. Tələb olunanların sırasında isə Elçibəyi sevmək və ya sevməmək kimi zərurət yoxdur. Mən isə onu sayğıyla xatırlayıram. Böyük sayğıyla xatırlayıram.