Məhvə məhkum antiƏfqan kampaniyası

Ramiz Mehdiyevin bir çağlar dediyi məşhur söz zaman keçdikcə göz deşir. Keçmiş kommunist, “boz kardinal”, nomenklatura ustası, siyasi oyunların drijoru və başqa titulların sahibi olan akademik məqalələrinin birində yazmışdı: Prezident Administrasiyasına işə götürməyə savadlı hüquqşünas tapa bilmirik. Əslində, bu sözlər analoqsuz inkişafıyla öyünən YAP rejiminin çürüklüyünün göstəricisiydi. Eyni zamanda müxalifətlə dialoqa, polemikaya girməkdən çəkinən, onlara münasibətdə daha çox qarğışa üstünlük verən ölkə başçısı İlham Əliyevə də mesajlar vardı bu sözlərdə; bilərək, ya da bilməyərək. Çünki analoqsuzluqdan, ölkədə bütün sahələrin inkişafından daha çox, həm də ağız dolusu danışan odur; səlahiyyət sahiblərindən. Qalanları – istər jurnalist, politoloq, tarixçi, partiya sədri, deputat, ziyalı – reallıqları bilsələr də, boşqabları boş qalmamaq üçün inkişaf nağılları quraşdırırlar. Təkcə bir söz bütün yazılanların, palaz-palaz qəzet materiallarının, AzTV-lərdən havaya buraxılan qazların boş, çürük qoz olduğunun sübutudur. 24 illik hakimiyyət, onun təmsilçiləri bu illər ərzində ancaq var-yatırlarının, daha çox sümürməyin, gödəni doldurmağın qayğısına qalıblar. Gödəniyyət inkişaf etsə də, mədəniyyət yerində sayıb. Ancaq burda bir məsələ də var ki, Ramiz müəllim savadlı hüquqşünası öz ətrafında, YAP çevrəsində axtarıb. O çevrədə ki, orda savada yox, regionçuluğa, tayfaçılığa üstünlük verilir… Ölkədə yetərincə gənc, savadlı, səviyyəli hüquqçular var, ancaq onlar ya başqa regiondadılar, ya müxalif mövqelidilər, ya da sifariş yerinə yetirməkdən uzaqdılar. Bu tip hüquqçuların üzünə dövlət idarələrinin, Vəkillər Kollegiyasının belə qapıları həmişə bağlı olur…

Neçə illərdir rəqibləri narkotik ittihamı ilə susdurmağa çalışıblar, heç əziyyət də çəkməyiblər, hansısa gödən yiyəsinin ağlının məhsulu olan “narkotik ittihamı” yüzlərlə müxalifətçinin, söz azadlığı, özgürlük uğrunda mübarizə aparanların cinayət işinə çevrilib. Nöqtə-vergülünə toxunmadan eyni işi hamıya aid ediblər. İndi də başqa bir ittiham düşünüblər. “Arzuolunmaz adamlar”la bağlı illərdir apardıqları “xaricdən maliyyələşmə”ni gerçəyə çevirmək kiminsə ağlına gəlib. Ancaq, Ramiz Mehdiyev dediyi kimi, savadlı hüquqşünas tapılmadığı ölkədə bu işi də ağıllarına uyğun şəkildə aparırlar. Pul gətirənləri tutmaq kimi əziyyətli əməliyyat aparmaq yerinə, asan yola əl atırlar; istədikləri adamın çantasına pul qoyub tuturlar. Sonra da PA-dan mətbuata direktiv göstərişlər verilir. “Düşmən ovu” başlanır. Şəkillərdə gördüyünüz mətbuat mənzərəsi yaranır.

Tayfa hüquqşünaslarının Tiflis əməliyyatı hələ çox başağrısı olacaq. Avropa Məhkəməsi artıq sorğularını göndərib Azərbaycandan cavab istəyir. Niyə bu addımı atıblar? Bu plan hansı ağılın məhsuludur? Elmar Hüseynovun qətlində, ADNA qətliamında Gürcüstan hüquq mühafizə orqanları ilə niyə belə operativ əməkdaşlığa getməyiblər? Görünür, büdcə pullarını oğurlamaq gözlərini o qədər tutub ki, qonşu ölkədən jurnalist oğurlamağı da, qutudan bülleten oğurlamaq qədər asan sayıblar. Bu əməliyyatın sonradan çıxacaq səsini də gözə almayıblar. İndi cavab vermək zamanıdır. Qabağa verdikləri Bəxtiyar Sadıqov, Aydın Mirzəzadə, gec gəlib tez başa düşən deputat Elman Nəsirov və başqa bu tip politoloqların sözü keçərli olmayacaq. Hələ əsl istintaq bundan sonra başlanacaq:

Zilli-Sultan, bura say, döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!

Rövşən Hacıbəyli