Onlar insansa…

Zümrüd Yağmur

Son vaxtlar baş verənlərin bu sahibsiz məmləkətin sahibləri kimi görünən, amma heç öz haqqına sahib çıxa bilməyən, hər gün ciddi-ciddi hansısa işin arxasınca gedirmiş kimi davranan insanlarla bağlantısını qurmağa çalışıram. Məsələn, yol kənarında durub ağzındakı çürük-çarıq dişləri göstərə-göstərə gülən o cəlimsiz kişiyə yaxınlaşıb “Gözəl Bayramlı həbs olundu” desəm, ya da kütləvi səhnələrin qəhrəmanlarına bənzəyən o yaşlı, üzündən möhnət yağan qadına dövlət başçısının varidatından bəhs etsəm, birilərinin əslində, onun olanı oğurlayıb yaxşı yaşamasından danışsam, nə baş verər?
Bəlkə gülüşü qulaq deşən gənci saxlasam, onun bu andakı bəxtəvərliyinin gələcəyə daşınacağına inanıb inanmadığını soruşsam?!
Ürəyində qorxudan qala tikib bütün ömrünü bu qalada yaşayanların qanına qarışıb hüceyrələrinə axıb getmək, nələr hiss etdiyini öyrənmək bəlkə də dünyanın ən maraqlı məşğuliyyətidir. Amma elə ki, gəncin, yaşlı qadının, beli bükük məzlumun gözlərinə baxırsan…,orda bomboş uzanıb gedən düzənlik adamm əlini- qolunu soyudur.
Halbuki bu ölkənin insanının qəlbinin kədərini sıxanda kədər leysanı yağmalı idi.
Heyrətlə anlayırsan ki, qanı damarlarında sadəcə bir ət parcasını hərəkət etdirmək üçün axır.
Qəlb deyil onun-bunun sinəsində döyünən, sadəcə bir ət parçası…
İnana bilmirsən… Axı 9 milyonun qəlbu atsaydı, bir ölkədə durum belə ola bilməzdi.
Bu ölkədə 9 milyon qəlb atsaydı, məsələn, keçən gün İslam partiyasının sədri Mövsüm Səmədovun məhkəməsində Rəşad Məmmədov adlı bir hakim məhkəmə şousunda baş qəhrəman olaraq üç saat hakim-hakimçilik oyununu elə rahatlıqla oynaya bilməzdi.
Qəlb bu ağırlığı qaldırmaz!
Amma təqribən 300 qram olan ət parçası bu işi asanlıqla görə bilər. Hətta qurulan məhkəmə- məzhəkə sonunda hökm qüvvədə saxlanıldıqdan sonra zalı tərk edərkən “qətnamə hazırdır, götürə bilərsiniz” deyə vəkil Yalçın İmanova müraciət də edə bilər. “İndi?” deyib eşitdiyinə inanmaq istəməyən vəkilsə, deyəsən həmin anda 3 saatlıq məzhəkənin zorakı iştirakçısına çevrildiyinə görə doğulduğu ölkənin taleyinə düşən bu günə lənət yağdırdı.
Və cəmi 5 dəqiqədən sonra əlində 4 səhifəlik qətnamə ilə görünəndə bu ölkədə artıq siyasi abırsızlığın pik həddə çatdığına heç bir şübhəm qalmadı.
Daha əxlaqsızlığı gizlətməyə belə cəhd etmirlər və sən demə, verilən qərardan çıxarılacaq məhkəmə qətnaməsi əvvəldən hazırlanmış…
24 noyabr 2005- ci ildə Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında yazılıb. “Dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, təcrübi cəhətdən düzgün tərtib edilməsi vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir.”Amma maraqlıdır ki, vətəndaşı hüquqi vasitələrlə tərbiyə etməyə çalışanların özləri təbiyəsizliyin ən böyüyünü edir. “Dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan” sənədsə hansısa məhkəmənin yekunu da deyil, yəqin ki, Prezident Administrasiyasında hazırlanıb hakimə göndilmişdi.

***
Həqiqətin hər gün təcavüzə məruz qaldığı, ədalətin bir küçə adamının əlində öldüyü, haqqın dara çəkilib hər gün daha bir az can verdiyi, bütün dəyərlərin çeynənib tüpürüldüyü bir məmləkətdə qəlb necə ata bilər?
O ət parçasına çevrilməyə məhkum…
Bəlkə elə insan olmaq budur?!deyə özmü didib parçalayıram.
Və eyni təşviş, utancla da dayanmadan bu sualı özümə verirəm.
Onlar insansa , mən kiməm?