Ər arvadını və iki azyaşlı uşağını öldürdü
Son bir ay ərzində bu, Mingəçevir şəhərində qeydə alınan 3-cü dəhşətli qətl hadisəsidir
Mingəçevir şəhəri, Nəsimi küçəsi 31 ünvanda dəhşətli qətl hadisəsi baş verib. Şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Ağa oğlu Hüseynov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Aynurə Abbasovanı və iki azyaşlı övladını – 2010-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı qətlə yetirib.
Qətlə yetirilən A.Abbasovanın qohumlarının sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, L.Hüseynov özündən 20 yaş kiçik olan A.Abbasovanı 18 yaşında olarkən qaçıraraq ailə qurub. Bu izdivacdan onların iki övladı olub. İlk vaxtlar mehriban yaşayan bu cütlüyün münasibətləri Lazım Hüseynov narkotikə qurşandıqdan sonra korlanıb. Ailədə mütəmadi olaraq münaqişələr yaşanıb. Bir müddət sonra L.Hüseynov həbs olunub. Həbsdən çıxdıqdan sonra isə bu hadisəni törədib.
Qətlə yetirilən A.Abbasovanın və iki övladın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. İlkin araşdırmalardan sonra məlum olub ki, L.Hüseynov arvadının və hər iki övladının başına küt və ağır alətlə vurduqdan sonra bıçaqla onların boğazını kəsib.
Qeyd edək ki, Lazım Hüseynov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
Məlumat üçün bildirək ki, son bir ay ərzində bu, Mingəçevir şəhərində qeydə alınan 3-cü dəhşətli qətl hadisəsidir.
Azər