Özünə quyu qazanlar

Natiq Güləhmədoğlu

“Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi”- şair bunu başqa konteksdə yazmışdı. Biz isə bu misraları dünyanın mütərəqqi sayılan təşkilatlarına müxalifət adından ünvanlaya bilərik.
Ölkəmizdəki vəziyyət heç də poetik deyil. Dramatikdi.
Əliyev-Paşayev cütlüyü azad fikir sahiblərin, müxalifləri, demokratiya və azadlıq istəyənləri yerli-dibli məhv etmək üçün and içiblər.
Artıq şərləmə üçün xüsusi, mürəkkəb kombinasiyalar qurmağa da ehtiyac qalmayıb. Tut, kəs, as-hər şey bu qədər sadədir. Vətəndaşların ən elementar hüquq və azadlıqlarına məhəl belə qoyulmur.
Belə bir şəraitdə biz nə görürük? Dünyanın qüdrət və güc sahibi olan dövlətləri, demokratiyanın qarantiyası sayılan təşkilatlar Suriya üçün iclası-iclasa calayırlar. Suriya böhranının bir çox səbəbləri ilə yanaşı, mühüm cəhət ondadır ki, orda Bəşər Əsəd rejimini əvəzləyəcək yönlü-başlı alternativ qüvvə yoxdur.
Bəşər Əsəd elə bu amilə görə dünyanı da rahat şantaj edə bilir. İndi o qədər qan axıb, baş kəsilib ki, çox adam heç sual verməyi ağlına da gətirmir ki, “yaxşı bu alternativsizlik mühüti kimin məhsuludur, nə üçün sivilzasiyanın ilk beşiyi olan Suriyada Əsəd ailəsindən başqa yetkin, təcrübəli siyasətçilər yoxdur?”

Müasir dünyanın tələblərinə cavab verən, sivil, demokratik dəyərləri mənimsəmiş yeni siyasi qüvvə isə bir günə, bir ilə yaranmır. Müharibə şəraitində isə onu yaratmaq, formalaşdırmaq lap müşkül olur. Lap bütün dünya bu iş üçün arzu tutub, niyyət eləsə də.
Qüdrət sahibləri bir yandan Suriyada yeni, sivil qüvvə axtarışına onun formalaşmasına əmək sərf edir, o biri yanda isə Azərbaycanda İlham Əliyev hakimiyyətinin mütərəqqi qüvvələri əzməsinə seyrçi qalır. Bunu necə başa düşmək olar?
Yuxarıdakı misralardan başqa hələ daha uyğun fikir tapa bilmirəm.
İlham Əliyev çox da desə də ki, heç kim bizim daxili işimizə qarışa bilməz, bu tənqidə davamı olmayan əsassız tələbdir. Heç kim unutmamalıdır ki, demokratiya heç bir dövlətin daxili işi ola bilməz. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda öz arzusu ilə, könüllü təmsil olunub. Bu təmsilçilik isə dövlətin üzərinə insan hüquq və azadlıqları, demokratiya ilə bağlı müxtəlif tələblər qoyub. Onları hələ heç kim qüvvədən salmayıb. Sala da bilməz. Şükür ki, İlham Əliyevin gücü hələ BMT-nin, Avropa Şurasının, ATƏT-in təməl prinsiplərini ölkə konstitusiyası kimi həftə səkkiz mən doqquz dəyişdirmə çatmır.
Belə olan təqdirdə, ölkədə fəaliyyət göstərən beynəlxalq qurumlar öz missiyalarına məsuliyyətlə yanaşmalıdılar. İndi İlham Əliyevin repressiya maşınının əceybət səsindən daha çox onların səssizliyi qulaq batırır.
Heç kimdə şübhə olmamalıdır ki, Əliyev rejimi hətta indikindən 5 dəfə artıq repressiya aparsa belə öz labüd tənəzzülünü sığortalaya bilməyəcək. Bütün xalqı susdurmaq ondan əvvəlki müstəbidlərə müyəssər olmadığı kimi ona da olmayacaq. Müxaliflik cəmiyyətin təbii halıdır.
Əldən çıxan neft pullarının “lomka”sın yaşayan sərsəm rejim bunu unudur ki, zor, ədalətsizlik müxalif ruhu öldürmür, əskinə dünyanın harasına baxırsınız, baxın bütün müxalif hərakatların məhvərində ifrat haqsızlıq, ədalətsizlik, zülm dayanır. Şablon ifadə də olsa da belədir; bu gün azad insanlara, bütün cəmiyyətə qarşı yönələn repressiya bumeranq effekti ilə rejimin özünə qayıdacaq. Azərbaycanlıların əfəlliyi barədə heç kim xam xəyala düşməsin. Bu xalq öz sözünü deyəcək. Diplomatik korpus, beynəlxalq təşkilatlar olsa da, olma da. Hələ ki, onlar var və Azərbaycan xalqının da təbii haqqıdır, onlardan tələb etsin ki, barı siz özünüzü İlham Əliyev kimi kənar səslərə qulağınızı tıxamayın, yazıb altına imza qoyduğunuz dəyər və prinsiplərin qorunması üçün təşəbbüskarlıq göstərin.