İlham Əliyev dünyadan nə istəyir?

natiqedilovNatiq Güləhmədoğlu

Bakıda keçirilən “Ümumdünya mədəniyyətlərarası dialoq forumu”na həsr elədiyim son məqalədə vəd etmişdim ki, növbəti yazıda İlham Əliyevin Forumun açılışında səsləndirdiyi bəzi fikirlərin üzərində dayanmağa çalışacam.

Düşünürəm, İlham Əliyevin çox darıxdırıcı və monoton nitqinə rəğmən, onun postu və iddiaları bizi vadar edir ki, həmin çıxışa təhlil gözü ilə baxaq.

***

Mədəniyyət, multikulturalizm çox geniş anlayışlardı. Mədəniyyətin bir çox formaları var: bədii mədəniyyət, əxlaq mədəniyyəti, hüquq mədəniyyəti, istehsal mədəniyyəti, xidmət mədəniyyəti, siyasi mədəniyyət və s. Diqqət yetirsəniz, görərsiniz ki, açılış nitiqində İlham Əliyev “mədəniyyətlərarası dialoq”dan danışarkən onun ağırlıq verdiyi mədəniyyətin tək bir sahəsi oldu – din!

Dini dözümlülük haqda uzun-uzadı danışan Əliyev mədəniyyətin digər sektorları barədə danışmağı lazım bilmədi. Bəlkə də onun mədəniyyət barədə dünya görüşü belə məhduddur…

Yaxşı, bəs Əliyev din və onun cəmiyyətin həyatında rolu barədə hansı parlaq ideyalara malikdir ki, çox bahalı bir tədbir keçirib, dünyanın dörd bir yanından insanları hüzurunda cəmləyərək, o fikirləri paylaşmağı lazım bilib?

***

Əliyevin Azərbaycanda müxtəlif dinə inanan insanların uzun əsrlərdən bəri ən müxtəlif formasiyalarda mehribanlıq şəraitində yaşamasını müsbət hal kimi səsləndirməsi doğru təsbitdir, bunu mübahisələndirmək fikirində deyiləm. Azərbaycanda həqiqətən yəhudilər, xristianlar, müsəlmanlar birgə yaşayırlar və çox şükür ki, onların arasında qan-qadalı bir konflikt müşahidə olunmur. Lakin hesab edirəm ki, təkcə Əliyev yox, bizim özümüz də bu faktı ifrat şişirdirik. Nədənsə, aparılan amansız, ardıcıl dövlət təbliğatı nəticəsində azərbaycanlılarda belə bir fikir hasil olub ki, guya dünyada Azərbaycan bu cəhəti ilə unikaldır. Məyus olmağa dəyməz, amma bu, heç də belə deyil. Elə qonşularımızı götürsəniz, oradakı dini müxtəliflik barədə bir-iki sanballı materialı tədqiq etsəniz, görəcəksiniz ki, məsələn, Gürcüstanda da müxtəlif din mənsubları bir-birinə qənim kəsilməyib. Rusiyada Azərbaycandan da çox dini müxtəliflik var, bəyəm orada din davası gedir? Bəs Türkiyədə necə? Yoxsa, kimsə elə zənn edir ki, Türkiyədə ucdantutma hamı Məhəmməd ümmətidir? İranı bilirsiniz, dini dövlətdir, özü də o səviyyədə ki, konstitusiyasında cəfəri məzhəbi dövlətin rəsmi məzhəbi kimi qeyd olunub. Buna baxmayaraq orda da sünnilər, şiələr, xristianlar, yəhudilər, yezidilər birgə yaşayırlar.

Əlbəttə, sadaladığım ölkədə din, məzhəb təəssübkeşliyindən doğan bəzi problemlər ortaya çıxır. Ancaq insan cəmiyyəti üçün bu xoşagəlməz olsa da, təbii hadisədir. Evin içində 3-4 nəfərlik ailədə də bəzən söz-söhbət yaranır, əsas olan budur ki, bu hal cəmiyyətin və dövlətin əsaslarını sarsıdacaq qədər ciddi olmasın.

Mən qonşularımızdan misalı ona görə gətirdim ki, azərbaycanlıların bu ölkələrlə təmasları var, bu ölkələr barədə məlumatlıdılar, müəllifin dediklərini rahatca müqayisə edə bilərlər. Eyni müqayisəli faktları geridə qalmış Afrika, uzaq Şərq ölkələrindən də gətirmək olardı. Yəni, biz dini dözümlülüyə görə tək deyilik.

***

Səhv anlaşılacağımdan ehtiyat edərək, fikirlərimi ümumiləşdirim. Əlbəttə, bizdə müxtəlif din mənsublarının yaşaması, onlar arasında konfliktin olmaması təqdir olunası haldır. Lakin bu elə bir faktdır ki, bircə buna görə dünyanı qabağımıza qoyub danlamağa yetmir. Məsələnin ən ilginc tərəfi isə odur ki, bu dözümlülük halının ərsəyə gəlməsində, cəmiyyət üçün stabilləşdirici rol oynamasında Əliyev hökumətinin rolu sıfra yaxındır. Yəni, Əliyevin vaxtaşırı bu faktoru öz nailiyyəti kimi dünyaya təbliğ eləməsinin heç bir əsası yoxdur. Hətta feodalizm dövründə də bizdə məscid, sinaqoq, kilsə, atəşgah harmonik şəkildə fəaliyyət göstəribsə, bu, hakim quruluşun lütfkar və bacarıqlı siyasətinin yox, xalqın özünün yaratdığı bəhrədir.

***

Ən pisi isə odur ki, Əliyev rejimi öz mürtəce siyasəti ilə bu bəhrəni ciddi formada zədələməkdə, risk altına salmaqdadır. Hökumətin yazdıqlarıma qarşı işlətdiyi arqumentləri çox zəifdir, tənqidə davamı yoxdur. Məsələn, onlar Azərbaycanda çoxsaylı məscidlərin və başqa ibadət yerlərinin açıldığını bəyan edirlər, həmçinin dövlət büdcəsindən bəzi dini icmaların inkişafı üçün pul ayrıldığını vurğulayırlar.

Formal olaraq, bunlar var. Hətta bizim hökumət bir az da qabağa gedərək, İslam aləmində vəhdətin vacibliyi kimi ciddi problemi həll etdiyini zənn edir. Necə? Çox sadə – Heydər Əliyev məscidində sünni və şiələri bir yerdə cümə namazı qılmağa cəlb etməklə…
Bu adamlar doğrudan da elə zənn edir ki, inzibati və ya başqa metodlarla iki müxtəlif məzhəbin bir çatı altında namaz qılması problemləri avtomatik həll edir.

Bu gün təkcə Bakıda iki sünni məscidi qapadılıb – “Əbu Bəkr” və “İlahiyyat” məscidləri. Özü də heç bir qanuni əsas olmadan, bəhanə ilə. Bakıda elə bu məlum Forumun açılışına günlər qaldığı bir vaxtda “Sovetski”də tarixi məscidi buldozerin qabağına qoydular.

“Qanunsuz cümə namazı” qıldığına görə (bu, sizə absurd görünə bilər, lakin rəsmi ittihamda belə yazılıb) adamları türməyə doldururlar. Saqqal saxlamaq indi nüvə başlığı saxlamaq qədər qorxulu bir macəraya dönüb. Azca ictimai fəallıq edən müsəlman aktivistlər şərlənib türmələrə salınır və adları “terrorçu” qoyulur. Biz Tale Bağırzadənin məhkəməsi zamanı hüquq-mühafizə orqanlarında dindarlara necə vəhşicəsinə işgəncələr verildiyini, onlara qarşı dövlət səviyyəsində necə qara PR aparıldığını gördük. Bütün bunlardan sonra Əliyev mötəbər tədbirdə çıxıb deyir: “Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir”. Bunun açması odur ki, dünya-Qərb İslamı qaralayır, müsəlmanlara haqsız yerə terrorçu yarlığı yapışdırır və s. Qərb bunu etmir, edirsə də çox pis, bəs sizin öz elədiyiniz nədir? Ölkənin ən sayqın, milli dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etdiyinə görə insanı şərləyib tutmaq, ona insanlığa yaraşmayan formada işgəncələr vermək, sonra da terrorçu kimi tanıtmaq islamsevərlikdimi? Buna inanmaq üçün gərək insanda Fəzail Ağamalı, yaxud şöhrət ordenli Səməd Səmədov qədər beyin göstəricisi olsun.

***

Bütün bunlara görə Əliyev rejiminin ölkədəki dini mühitdən fəxarətlə danışmasının zamanı deyil. Əksinə, onlar dansa da, biz açıq səslə danışmaqdan çəkinməməliyik ki, Azərbaycanın dini mühitində məhz hazırkı rejimin yarıtmaz, qeyri-müəyyən siyasəti nəticəsində heç zaman olmayan problemli təzahürlər meydana gəlib. Keçənlərdə xüsusi xidmət orqanının başçısı dedi ki, təkfirçi dəstələrin tərkibində İraq və Suriyada 900 azərbaycanlının döyüşdüyü təsdiq olunub. Bu, hələ təsdiq olunandı. Türkiyədə terroçu elan edilən “Gülən” dini sektasının Azərbaycanda nələrə qadir olduğundan isə yazıb, uzunçuluq etməyə dəyməz. Bu təriqətlərin ölkədə qol-qanad açmasına isə birbaşa Azərbaycan hakimiyyəti cavabdehlik daşıyır. Qısası, vəsf zamanı deyil!

***

Əliyev hakimiyyətinin bu gün öz adına protokollaşdırmaq istədiyi dini dözümlülüyün necə formalaşması barədə təsəvvürləri olduqca məhduddur. Onlar dini tolerantlıqdan təriflə danışırlar (bu, heç də pis deyil), lakin onu necə qorumaq, daha da inkişaf etdirmək barədə elementar təfəkkürdən məhrumdular. Onların bildiyi, ancaq zor, zorakılıq, tutmaq, damlamaq, təcrid eləməkdir. Halbuki, Əliyev sisteminin ana funksionerlərinin məzun olduğu anti-din konsepsiyaları ilə zəngin marksizm məktəbi belə, bu yolu məqbul bilmirdi.

Radikalizmin kökünü güc, dəyənək yolu ilə qazmaq, qurutmaq mümkün olsaydı, onda gərək “Taliban” və “Əl-Qaidə” üçün ABŞ-ın tökdüyü tonlarla bombanın hər birinin yerində bir Kamal Abdulla adına Multikulturalizm məktəbi, bir o qədər də məzun yetişərdi. Amma belədimi? Xülasə, bu bambaşqa mövzudu, zamanla ona da qayıdarıq.

***

İlham Əliyevin fərəhlə və dönə-dönə vurğuladığı məqamlardan biri də budur: Azərbaycan yeganə ölkələrdəndi ki, həm Avropa Şurasında, həm də İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur.

Bəli, olunur, amma nə olsun? Bu təmsilçiliyin arxasında nə dayanır?

Avropa Şurası ilə bağlı məsələlər aydındır. Üzv olduğumuz müddətdə bu qurumdan ancaq məzəmmət və tənbeh gördük. Demokratiya, insan hüquq və azadlıqlarının pozulmasına görə AŞ PA-da vaxtaşırı tənbehləndik. Bu tənbehlərdən, tənqidlərdən nəticə çıxarmaq, ölkəmizi Avropa Şurasının bəyan elədiyi dəyərlərə uyğunlaşdırmaq yerinə, fərasət nümayiş etdirik, Avropa Şurasındakı məmurları “özümüzünkülərə” oxşatdıq. Rüşvət, şirnikləndirici vasitələrlə avropalı siyasətçiləri də korladıq, AŞ PA dəhlizlərini “kürü mübadilə zonasına” çevirdik və buna görə dünya mediasının ulduzuna döndük.

İslam Əməkdaşlıq Təşkilatında ölkəmizin hansı nüfuz və səlahiyyət sahibi olması barədə geniş bilgili deyiləm. Ancaq bir faktdan əksər camaatımız kimi, dəqiq məlumatlıyam. O təşkilatdakı səfirimiz Arif Məmmədov “facebook”da cəmi bir xalqa canyandıran status yazdığına görə işdən qovuldu, onun statusunu “like” edən həmkarları da “xalq düşməni” elan edildi.

İndi belə bir təfəkkür və siyasətin sahibi olan adamlar durub dünyaya mədəniyyət, dialoq, dözümlülük mövzusunda dərs keçir. Heyhat!