ABŞ-ın “populyar” saytı hakimiyyəti necə sevindirdi?

Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir. ABŞ-da internet qəzeti olan qz.com saytının əməkdaşı Dan Kopf belə qənaətə gəlib. Ağır iqtisadi böhran içərisində olan, son iki ildə milli valyutası iki dəfə kəskin şəkildə dəyərdən düşən, makroiqtisadi göstəriciləri olduqca pisləşən, enerji daşıyıcılarından fəlakətli dərəcədə asılı olan, korrupsiya indeksində həmişə liderlər sırasında yer alan ölkə necə iqtisadi cəhətdən ən normal elan edilə bilər? Hansısa çox az tanınan bir internet qəzetinin əməkdaşı özündən iqtisadi inkişaf meyarları uydurub və dərhal Azərbaycana birinci yeri verib. Dan Kopfun fikrincə, Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul 17 min 800 dollardır, işsizlik 5 faiz, inflyasiya 4 faiz.

Bu rəqəmlərin ağ yalan olduğu hamıya bəllidir. Xüsusi vurğulamağa ehtiyac yoxdur ki, Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul 7 min dollardan yuxarı olmayıb. Digər rəqəmlərdən danışmağa isə heç dəyməz.

Bu uydurmanı sanki çoxdan səbrsizliklə gözləyən hakimiyyət mətbuatı dərhal onu yaymağa başlayıb.

Kopfun uydurduğu iqtisadi inkişaf metodologiyasının tətbiqi nəticəsində üzə çıxan bu material yada məşhur filmdəki ifadəni salır: “Bu qədər də barıt qoyarlar?..”