Tapdıq Babaşovun anım tədbiri keçirilib
2015-ci ilin mayında Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsində müəmmalı şəraitdə dünyasını dəyişmiş Tapdıq Babaşovun kitabının təqdimat mərasimi keçirilib. BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş, evin yeganə oğlu olan Tapdığın şeirləri, eləcə də onun yaxınlarının təəssüratlarının, xatirələrinin yer aldığı kitab “Qürurun qətli” adlanır. Kitabın tərtibatçısı Tapdıq Babaşovun anası Kifayət Süleymanova, redaktoru Əli rza Xələflidir.
Kitabın təqdimat mərasimində Tapdığın ailə üzvləri, qohumları ilə yanaşı, onun müəllimləri, sinif və tələbə yoldaşları, başqa bir şəhidin anası Tərlan xanım da iştirak edib. Tədbir iştirakçıları Tapdığın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardından çıxış edərək, Tapdıqla bağlı xatirələrini bölüşüblər.O da məlum olub ki, sən demə, Tapdıq Babaşovun səhhətində müəyyən problemlər olduğundan hərbi həkim komissiyası onun hərbi xidmətə yararsız olması haqda rəy vermək istəyib. Amma Tapdıq razılaşmayıb. O, böyrəyindəki problemləri müalicə etdirib ki, hərbi xidmətə gedə bilsin.
“Qürurun qətli” kitabında Tapdığın şeirləri, Kifayət ananın ürək sözləri, qohumların, müəllim və tələbə yoldaşlarının xatirələri ilə yanaşı, Əli Rza Xələflinin Tapdığın xatirəsinə həsr etdiyi “Qiyamətdən bir gün əvvəl” povesti, ailə və əsgərlik fotoları da yer alıb.
Tədbirdə Tapdıq Babaşovla yanaşı, onun atasının da xatirəsi yad edilib. Həmçinin Tapdıq Babaşovun özünün şeir səsləndirdiyi slayd da anım tədbirində nümayiş etdirilib.
Tapdığın bacısı Gözəl xanım qardaşının şeirlərinə mahnı bəstələyib. Həmin mahnılar da tədbirdə səslənib.
Sonda tədbir istirakçılarına “Qürurun qətli” kitabı paylanılıb.
Qeyd edək ki, 500 tirajla çap olunan “Qürurun qətli” kitabının növbəti tirajlarının da çapına dəstək üçün aşağıdakı ünvanlarda satışı həyata keçirilir:
“Zəka” mağazası – Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 235a (metronun Ə28 May” stansiyası ilə üzbəüz)
“Kitabevim.az” mağazası – Bakı şəhəri, Dəmiryol xəstəxanasının yanı
Əlaqə nömrəsi: (+994 55) 899 99 09