AXCP 2015-ci ilin sentyabrında keçirilmiş partiyanın son qurultayının nəticələrinin qeydə alınmaması ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək. Bu haqda “Azadlıq”a sözügedən məsələ ilə əlaqədar Ali Məhkəmənin qərarı bəlli olandan sonra AXCP-nin nümayəndəsi Səməd Rəhimli məlumat verib. Aprelin 25-də Ali Məhkəmədə Rahib Nəbizadənin sədrliyi ilə AXCP-nin Ədliyyə Nazirliyinə qarşı öhdəliyin icrasına dair iddiası üzrə kassasiya şikayətinə baxılıb. AXCP Ədliyyə Nazirliyinin qərarının qanunsuz sayılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb. Qərardan verilən apellyasiya şikayəti də nəticəsiz qalıb – Bakı Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Bu gün Ali Məhkəmədə işə baxılarkən AXCP tərəfdən vəkil Fəxrəddin Mehdiyev və hüquqşünas Səməd Rəhimli iştirak etsə də, Ədliyyə Nazirliyindən prosesə heç kim qatılmamışdı. Səməd Rəhimli məsələnin mahiyyəti haqda məlumat verərək bildirib ki, AXCP 2015-ci ilin sentyabrında partiyanın növbəti qurultayını keçirib. Qurultay nəticəsində partiyanın rəhbər orqanları formalaşdırılıb, sədri seçilib. Hüquqi şəxslərin reyestrinə dair qanunvericiliyə uyğun olaraq, partiya bu faktın qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət eləmişdi. Lakin Ədliyyə Nazirliyi qurultayın nəticəsini qeydə almaqdan imtina edib. Əsas kimi isə müraciətin qanunvericiliyə uyğun hazırlanmaması, həmçinin Razi Nurullayev tərəfindən də nazirliyə analoji müraciətin olunması göstərilib. Nurullayev müraciətində iddia edib ki, onlar da qurultay keçiriblər və özü partiyanın sədri seçilib. Bundan sonra AXCP məsələni məhkəmədə mübahisələndirib. Arqument olaraq göstərib ki, qurultay keçirdiyini iddia edən Razi Nurullayev və digərləri ümumiyyətlə, partiyanın səlahiyyətli şəxsləri deyil. O adamların partiya sıralarından xaric olunması və ya könüllü çıxmaları haqda rəsmi qərarlar var. Həmin qərarlar partiyanın səlahiyyətli şəxsləri tərəfindən qəbul olunub, yaxud o adamlar özləri partiya sıralarını tərk etdiklərini bəyan ediblər. Ona görə də bu adamlar özbaşına qurultay keçirib, partiyanın rəhbər orqanlarını formalaşdıra və ya bu orqanlara seçilə bilməzdilər. Digər tərəfdən, Ədliyyə Nazirliyinin “müraciətin qanunvericiliyə uyğun hazırlanmaması” haqda cavabı ümumi ifadədir. Uyğunsuzluğun konkret nədən ibarət olduğunu nazirlik göstərməyib. “Ədliyyə Nazirliyi ən azı, özü araşdırma aparıb müəyyənləşdirə bilərdi ki, qurultayın nəticələrinin qeydə alınması üçün müraciət edənlərdən hansı tərəf səlahiyyətli idi. Amma bunu eləməyib”, – deyə Səməd Rəhimli bildirib. Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan edib. Səməd Rəhimli bildirib ki, Ali Məhkəmənin qərarı onlara təqdim olunmadığından məhkəmənin öz qərarını necə əsaslandırdığı məlum deyil. Amma aşağı instansiya məhkəmələri bu məsələ ilə əlaqədar qərarlarını əsaslandırmayıb, problemi araşdırmayıb. “Qurultayın nəticəsinin, faktların qeydə alınmaması partiyanın fəaliyyət göstərməməsinə gətirib çıxarır. Bu da Avropa Konvensiyasının 11-ci maddəsi ilə təminat verilən birləşmə azadlığının pozulmasıdır. Ümumiyyətlə, qurultayın nəticəsinin qeydə alınmaması hüquqi problemlərlə əlaqədar deyil, siyasi motivli qərardır. Bütün bunlarla əlaqədar Avropa Məhkəməsinə şikayətimizdə Avropa Konvensiyasının 6, 11, 13 və 18-ci maddələrinin pozuntusunun tanınmasını istəyəcəyik”, – deyə Səməd Rəhimli əlavə edib.
azadliq.info