Banklardakı əmanətlərin taleyi sual altındadır

Xəbər verdiyimiz kimi, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə “Banklar haqqında” qanuna və digər məcəllələrə dəyişikliklər qüvvəyə minib. Onlardan biri də əmanətlərin qorunması və qaytarılması ilə bağlıdır.
Hüquqşünas Əkrəm Həsənov yeni dəyişiklikləri şərh edərkən  bildirib ki, qanunvericiliyə edilən son dəyişkliklər əmanətlərin sığortalanması sisteminin faktiki fasiləyə çıxdığını göstərir:
“Bir neçə bank artıq aylardır ki, əmanətləri qaytarmır. Əmanətçilər məhkəməyə müraciət edir, prosesi udur, amma əmanət yenə ödənilmir. Əmanətçilər Palataya şikayət edərək əmanəti qaytarmayan bankı müflis elan etməyi tələb edir, amma Palata onlara heç cavab da vermir. Niyə? Çünki bank müflis elan olunarsa, maksimum 6 ay ərzində Fond əmanətləri tam kompensasiya etməli olacaq. Yəni, Fond yenə Mərkəzi Bankdan kredit götürməli olacaq və bankirlərin korrupsion və quldur fəaliyyətinin bədəlini yenə dövlət ödəməli olacaq. Dövlət ödəmək istəmir, buna görə də faktiki müflis banklar hələ də fəaliyyət göstərir”.
Xatırladq ki, 2016-cı ilin martın 1-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə mindi. Bankların təşəbbüsü ilə qəbul edilmiş bu Qanun əmanətlərin banklardan çıxarılmasının qarşısını almağa hesablanmışdı. Lakin dəyişiklikdən sonra bağlanmış 5 bank üzrə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin mütləq əksəriyyətini kompensasiya etməli oldu. Öz pulu olmadığı üçün bunu Mərkəzi Bankın kreditləri hesabına etməli oldu.
Buna görə də Palata dövlətin əmanətlərin sığortalanması sistemindən çıxacağının anonsunu verdi.
Ə.Həsənov bildirib ki, qanunvericiliyə edilən son dəyişikliklər bankların müflisliyinin rəsmiləşdirilməsinin bir neçə il təxirə salınmasına imkan verəcək. Qanunda bunun üçün müxtəlif üsullar (prosedurlar) nəzərdə tutulub:
1) ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulması;
2) ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən başqa banka köçürülməsi;
3) körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması;
4) ödəmə qabiliyyətini itirmiş bankın investora satılması.
“Bütün bu prosedurlar bankın kreditorlarının, o cümlədən əmanətçilərinin razılığı olmadan həyata keçiriləcək. Bu prosedurlar zamanı da əmanətlərin qaytarılması dondurulacaq. Özü də bir prosedurdan sonra digəri də aparıla bilər. Bir sözlə, əmanətçilərə deyəcəklər ki, gözləyin, səbrli olun!” (Fins.az)