Bu yazını bilərəkdən yubadıb yazıram. 8 aprel mitinqindən sonrakı reaksiyaları izləyirdim. Ölkəni bütünlüklə uğursuzluğa gətirib çıxarmış 24 illik ANTİMİLLİ, ANTİDEMOKRATİK rejimin mitinqlə bağlı reaksiyası məni azacıq da ilgiləndirmir. Konkret faktlardan çıxış etməklə, mən bu reyimi illərdir ANTİMİLLİ-ANTİDEMOKRATİK-İŞĞALÇI rejim adlandırıram. Konkret faktlardan çıxış etməklə. 24 il dedim, gerçəkdə isə bu, demək olar, 50 ilin rejimidir. Demək olar, 50 ildir bizim Quzey Azərbaycanımız Kremldən çox-çox uzaqlaradak imperialist güclərə arxalanmaqla ölkəmizi soyub-yağmalayan bir ailənin yesirinə çevrilib. Politologiyadan bilindiyi kimi, 50 ilə xalqı dəyişib başqalaşdırmaq olur. Bəlli KQB generalı, onun qurduğu rejim 50 ildir (daha böyük ardıcıllıqla, daha kəsinliklə son 24 ildə) bu xalqı dəyişib başqalaşdırmaq yolundadır: adını-gerçək kimliyini – dəyişməklə, təhsil sistemini dağıdıb din bataqlığına batırmaqla, rüşvət-korrupsiya faktlarını DÖVLƏT POLİTİKASINA dönüşdürməklə…
Rejim başçısının çoxsaylı “imkişaf” yalanlarına baxmayaraq, ölkəmiz durmadan yoxluğa sürüklənməkdədir. Bu üzdən də bizə ardıcıl, durmadan genişlənən mitinqlər gərəkdir. Ölkəni bütünlüklə bürüyən yoxsulluq, yolsuzluq üzündən ardıcıllıqla mitinqlər keçirmək gərəyini anlayanların sayı durmadan artmaqdadır. Biz istər-istəməz böyük, qarşısıalınmaz mitinqlərə doğru gedirik – bunu rejim adamları da, rejimdən az-çox pay alan qurama müxalifət adamları da çox gözəl anlayırlar. O üzdən də onlar Mitinqdən qabaq da, Mitinqdən sonra da Bakıdan Avropayadək antiMitinq alovuna büründülər. Qarabağla bağlı indiki status-kvo əliyevçi rejimə necə gərəkdirsə (onu ayaqda saxlayan başlıca faktorlardan biri kimi), indiki rejimin dəyişməz qalması da Bakıdan Batıyadək bir çox qurama-agent “müxalifətçilər” üçün bir elə gərəkdir.
Bəlli olduğu kimi, Milli Şuranın Mitinq qərarına qarşı çıxanlar, başlıca olaraq, Bakıdan uzaq Batıyadək “müsavatçı” adı daşıyanlar, bu başdan o başa “Rəsulzadə partiyası” adı altında əliyevçi rejimə qulluq yolu tutanlardır. Burada bir fakta ayrıca toxunmadan keçmək olmaz. Azərbaycandan Avropaya sığınmaçı olaraq gedən çəbhəçilərin üzünə ölkənin qapıları biryolluq, bütünlüklə qapalıdılr – onlar sığındıqları ölkələrdə də çəbhəçi, müxalifətçi olaraq qaldıqları, bu yöndə dönməz olduqları üçün. Ancaq, “Müsavat” adıyla sığınmaçı olanların bir ayağı burda, bir ayağı ordadır. Onlardan (o bir ayağı burda, bir ayağı orda olan “müsavat” tanınmışlarından bir neçəsi konkret yazı-statusları ilə Milli Şuranın-8 aprel Mitinqinin qanlısı kimi görünməkdədirlər. Soruşulur: nədən? Hansı öhdəlikdən? Azərbaycandan uzaqda yaşamalı olanların böyük çoxluğu Milli Şuranın rejimə qarşı keçirdiyi Mitinqə Vətənə dönüş üçün işıq ucu kimi baxırkəın, biriləri niyə Mitinqə yağıcasına yanaşırlar?
İstər-istəməz stalinçi NKVD-KQB metodunu anmaq gərəkir. Stalın agentlərini (NKVD-KQB) “müxalifətçi” adıyla dünyanın bir çox gərəkən yerlərinə yollamaqla bir yandan sığınmaçı müxalifətçilər arasında birlik yaranmasına yol vermir, başqa bir yandan gərəkirkən onların əlilə Trotski kimi barışmaz düşmənlərini aradan götürürdü…
Alınan soraqlara görə, Azərbaycandan gedən sığınmaçılar arasında hansısa partiyanın adıyla (istər hakimiyət partiyasından, istərsə də müxalifətdən) agent olaraq göndərilənlər də var, sonradan ələ alınanlar da. Belələrinə qabaqlar gizlin olaraq pul verilirdisə, indi onlar Azərbaycandan qıraqda yaşayan “aztəminatlılar” olaraq onsuz da dağıdılan dövlət büdcəsindən barınmaq olanağı qazanıblar. İçdə-dışda olan belələri (agent-əlaltılar) doğal resurslarla dolu bir ölkəni soyub-yağmalamaqla yoxsulluq-yolsuzluq ölkəsinə çevirən rejimi deyil, rejimin ANTİXALQ politikalarına qarşı çıxan Milli Şuranı söyüb-yamanlamağa girişirlərsə, qaynaq axtarışına çıxmağa dəyməz, anlaşılmaz da nəsə yoxdur: ortada parlaq bir görsəniş var – satılmışlıq!
Avropa birliyində İ.Əliyevin bir neçə ay qabaq etdiyi çıxışda ayrıca yanaşılası iki ilginc yer vardı: 1) “Azərbaycanda demokratik islahatların inkişafına sadiqik”; 2) “Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik”. Burada birinci yalandır, ikinci doğru. Doğru yalanın kompensasiyası deməkdir. Açıq-açığına monarxiya-diktatura rejimi qurulan ölkədə hansı “demokratik islahatlardan” danışmaq olar? Böyük böhranla üzləşən Avropanın demokratiya yalanına göz yumması üçün “bəzi” Avropa ölkələrinə pulsuz neft verilir. Avropa demokratiləşmə dirənişi göstərməzsə, Avropada uzun sürən qarlı-şaxtalı qış aylarında onlara pulsuz qaz veriləcəyi də bildirilir. Beləcə, pulsuz SƏMT qazı belə, Azərbaycan xalqına ikiqat-üçqat qiymətinə satılırkən, erməni kilsəsi başda olmaqla, başqalarına… qaz PULSUZ verilir! Neft də eləcə…
Doğal resurslar baxımından Güney Qafqazın ən varlı ölkəsi Azərbaycandır. Ancaq, bu üç ölkə arasındakı orta aylıq əmək pulu göstəricilərinə baxın: Gürcüstan – 476 dollar, “Ermənistan” – 389 dollar, Azərbaycan 270 dollar. Üstəlik, Gürcüstanla “Ermənistanda” ərzaq bizdəkindən iki-üç qat ucuzdur. Bu, İŞĞALÇI rejim faktı deyil, nədir? Son 15 ildə təkcə neftdən ölkəmizə 119 milyard dollar gəlir gəldiyi bildirilir (bir çox faktlardan bəlli olduğu kimi, gerçəkdə bundan qat-qat artıqdır). Ortada olan nədir: milyardlarla dollarlıq gəlir faktı ilə yanaşı, ölkəni başına alan yoxsulluq, yolsuzluq.
Tanınmayan bir şirkət 1 ildə ölkədən 1 milyard avro pul çıxarır, sonra bu şirkətin 31 milyonluq vergi borcu silinir – bu, İŞĞALÇI rejim faktı deyil, nədir?
İ.Əliyev bugünlərdə keçirdiyi yığıncaqda belə deyib: “Ölkələr valyuta ehtiyatlarını itirirlər, biz artırırıq”. 2,5 kv.km ərazisi, 500 min əhalisi olan cırtdan dövlət Lüksemburqun dövlət büdcəsi 16 milyard avro, 80 min kv km ərazisi, 10 milyon əhalisi olan Azərbaycanın dövlət büdcəsi 9 milyard manat. Necə də acınacaqlı, necə də utandırıcıdır, ancaq, ölkəsini sevən üçün, utanan üzü olan üçün!
Bu ölkədə bir neçə ayın içində dolanışıq dözülməzliyindən 500 adam özünü öldürür. Bu ölkədə işsizlik-pulsuzluq-dolanışıq dözülməzliyindən hər ay 1000 (min!) ailə dağılır. İ.Əliyev ölkədə durmadan iş yerləri yaradıldığından danışır, Bakıda 300-dən çox bina tikildiyini bildirir. El arasında buna ŞAPALAQLA ÜZ QIZARTMAQ deyirlər. İllərlə xalqı soyub-yağmala, sonra da ona tikdirdiyin, arxasında durduğun çoxsaylı göydələnlərlə göz dağı ver! Bütün bunlardan yazmaq yerinə, Milli Şuranı söyüb-yamanlamağa girişmək Xalqa, Vətənə dönüklük deyil, nədir?
…Mitinqə adamın “az gəlməyi” bütün ölkə boyu administrativ resursları xalqa qarşı çevirmək faktından doğur. Mitinq öncəsi, Mitinq sonrası repressiyalar, repressiv qadağalar baş alıb gedir. Pulsuz-parasız adamlar rayonlardan Mitinqə gəlmək üçün qat-qat əngəlləri aşmalı olurlar. “Məhsul” stadionu bütünlüklə kameraların, gizli-açıq polisin, rayon İcra Hakimiyətlərindən göndərilən agent-əlaltıların gözətimi altında olan… tələdir! O tələdən qurtulmaq üçün Mitinqə gələnlərin sayı indikindən qat-qat artıq olmalıdır. Rejim o qat-qat artıq say çoxluğunun yaradacağı qorxu üzündən repressiyalarla, satınalmalarla ölkə boyu Mitinqə axının qarşısını almağa çalışır, hələlik alır da!
İndilikdə bu xalqı, bu ölkəni sevən hər bur kimsənin bir başlıca borcu var: Mitinqə gəlib, say artımına PAYINI vermək!

Mitinqə gəlmək gərəyi
•