Keçmiş səhiyyə naziri Əli İnsanovun yenidən məhkəməsi başlayır. Aprelin 7-də Qaradağ Rayon Məhkəməsində keçmiş nazir haqqında yeni cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. İşə hakim Rəşad Mustafayev baxacaq. Bu haqda “azadliq.info”ya keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.
Xatırladaq ki, Əli İnsanovun 11 illik həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yeni cinayət işi başlanıb. İnsanova qarşı CM-nin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. İddia olunur ki, keçmiş nazirdən psixotrop tərkibli dərman tapılıb, o, cəzaçəkmə müəssisəsinin əməkdaşını döyüb. Lakin Əli İnsanov ittihamı qəbul etmir, bütün bunları böhtan adlandırır. Bildirir ki, bu cinayət işi onu həbsdən buraxmamaqdan ötrü siyasi sifarişlə quraşdırılıb və saxtadır. Keçmiş nazirin sözlərinə görə, sifarişçi də birbaşa prezident İlham Əliyevdir.