Səs salma, yatanlar oyanar!

Natiq Güləhmədoğlu

“Riyaziyyat”dan da, “Ali Riyaziyyat”dan da qiymətlərim “əla” olub. İnanmasanız, “vatsap” nömrənizi yazın, diplom və attestatımın fotosun ataram.

Bunu özümü sığorta üçün yazıram, çünki qorxuram, növbəti oxuyacağınız cümlədən sonra müəllif haqqında “iki eşşəyin arpasın bölə bilməyən” hökmü çıxardasınız. Riyazıyyatı sevirəm, buna şübhə etməyin, ancaq redaktordan güclə keçirdiyim bu köşəni “cəbr və analiz” dərsi üçün yazı taxtasına çevirməyi nə özümə rəva bilirəm, nə oxucuya.

Çünki müşahidələrimə görə, rəqəmləri insanlar ancaq pul formasında sevir, özü də gəlir kimi. Qalan məsələlərdə rəqəmlərdi, kimyəvi formullardı, geopolotik goplamalardı – bunlar oxucuları qıcıqlandıran şeylərdir.

Bunları bilərək, hətta nəzəri əsaslanmasın edə-edə, bağışlayın bir iki rəqəmi yazımısa qısa müddətliyə qonaq etmədən qala bilməyəcəm. Məni bu işə vadar edənlər utansın.

Bu günlərdə facebookun milli sektorunda xəbər “partlayış”doğurdu. İsveçdə musiqi yarışına qatılan azərbaycanlı İbrahim Nəsrullayevin ordakı ifasını “Azadlıq” qəzetinin facebook səhifəsi ilk olaraq yaymışdı. Mən bu məqaləni yazanda həmin xəbəri 136 min istifadəçi görmüş, 4.877 nəfər paylaşımış, 8 minə yaxın bəyənən olmuşdu. Bir nəfərin sözü olmasın, bu analoqsuz rəqəmlər göstəricilərdir. O müğənni qardaşın ifası barədə nəsə deməyəcəm, ona görə ki, bu haqda xüsusi bir fikrim yoxdur.

Baş verən məlum “partlayış”, oradakı yüksək rəqəmlər məni tamam başqa mətləbləri düşünməyə sövq etdi. Diqqət eləmisinizsə, bu, birinci hal deyil. Tez-tez internet aləmində hansısa azərbaycanlının hansısa qərib bir diyarda musiqi yarışında parlaq bir ifası səs-küy doğurur, həmin hadisə virtual dünyada xalqımızın sevinc hisslərini şahə qaldırır. Qaramatlıq eləmirəm, bu, pis bir şey deyil. Lakin hər belə halı görəndə daxilən sarsılıram. Paxıllığımdan deyil, əlbəttə. Tam əksinə, insanlarımızın sevinc hissinin necə kiçik şeylərə sərf olunmasına, əsl qələbəyə, fərəhlənməyə necə tamarzı qalmasını duymağın əzabıdır bu. Bizim insanlar gör neçə illərdir əsl sevincə, qələbəyə, şadyanalığa həsrət qalıb. Orqanizm buna dözə bilmir, ona görə o avtomatik, qeyri-ixtiyarı olaraq süni, yalançı hadisələrlə özünü ovutmağa meyillidir. Belə olanda bu İsveçdəki qardaşın ifası, yaxud hardasa birinin kəlləsində 3 “kubik”i birdən qırması kimi hadisələr dada çatır, bizi sevindirir, heyrətləndirir, bəzən kədərləndirir. Xülasə, qoymur ki, insanlığımız ölsün, robota dönək. Fəqət dərk edəndə ki bunlar “kov” deyil, başaldatdıdı, ömürü, həyatı yola verməkdi, bax onda vəziyyət çox çəkilməz olur.

Fəryad qoparmayın ki, müəllif hər şeyi siyasiləşdirir, ya da qoparın fərq eləmir. Azadlığa verilən çoxlu təriflər var, biri belədir: azadlıq seçim azadlığıdır. Seçim azadlığının rədd edildiyi, heçə sayıldığı bir diyarın insanı hansısa musiqi yarışındakı qələbə ilə özünü çox aldatmamalıdır. Biz özümüzə gəlməli, öz dərdimizi düşünməliyik.