Mart və namərd və ya aşiqlər üçün risk-menecment

O`Kamil

Qarşıdan yaz gəlir. Yaz könüllərin, hisslərin sinələrdə tasalandığı, insanı müxtəlif qənaət və addımlara təşviq, təbliğ, təhrik etdiyi, eşqin başa girdiyi, bu səbəbdən ağılın tətilə çıxdığı dövrdür. Hisslərin hegemonluğu risk – neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklər yaradır. Risk-menecmentin vəzifəsi isə risklərin aşkarlanıb idarə edilməsidir. Beləliklə, deyilən məsələ üzrə mümkün risklər və arxivacib tövsiyələr…

Namərd mühit. “Eşqin bəhrinə” qədəm qoyan hər kəs ilk növbədə mikromühitin təhdidlərini, xüsusən müxtəlif sosial qruplar arasında mümkün vendetta riskini nəzərə almalıdır.
Həri. Onlar da adam idi. Onlar da istəyirdilər ki, evlənsinlər. Belənçik totuq-motuq uşaqları olsun. Qoysunlar “kolyaska”ya. Gözünün qabağından rəngli oyuncaqlar assınlar. Burnundan basıb güldürsünlər. Əppəyi xırdı-xırda doğrayıb, üstünə yağ çəkib düzsünlər. Birini ağzına doğru uzadıb: «Maşın gəlir, siqnal verir: «Bibippp» deyib yedirsinlər və artıq qalanı da özləri yesinlər. Amma olmadı. Niyə? Çünki  iki ailənin arasında qan davası vardı. Bir də görürdün, Kapulettilərin biri içdi, getdi Montekkilərin birini öldürdü. Montekki ailəsi oldu «x-1». Aradan bir az keçdi, indi də Montekki ailəsindən biri içdi-içdi, qan vurdu beyninə, piştoyu götürdu getdi, «part». İndi də Kapulettii ailəsi oldu «y-1». ..Baxın, dünyanın futbol komandalarına, bir dənə Kapuletti və ya Montekki soyadlı futbolçu cəhənnəmə, məşqçi yoxdu. Çünki toxumluq da saxlamadılar…

Stereotiplərin yaratdığı risk. Aşiqlər çox vaxt məşuqu yox, özünün yaratdığı obrazı sevir. Əlinə götürür fırçanı, palitradakı bütün pozitiv rənglərdən istifadə etməklə başlayır onun metafizik hissəsini rəngləməyə və yaratdığı portretə heyran olmağa. Məşuqun portretinə hansı rəngləri vurursan, vur – bir gün onlar çartlayıb töküləcək və altından nə çıxacağını bircə Aləmlərin Rəbbi bilir… Bu zaman, adətən, aşiqin palitranı və rəng qutusunu yerə çırpıb yeddi mərtəbəli söyüşlər söyməkdən başqa çarəsi qalmır.

Namərd kədər.
Harda eşq varsa, orda kədər də var. Sührəvərdi deyirdi ki, Tanrının ilk yaratdığı varlıq ağıldır. Bu varlığa Allah üç xassə verib: gözəllik, eşq, hüzn. Bunlar qardaşdır: “…Ən böyük qardaş olan gözəllik özünə tamaşa etdi. …Özünü uca bir xeyir kimi gördü. Nəşə ondan doğdu və gülümsədi. Ortancıl qardaş olan Eşq gözlərini gözəllikdən ayıra bilmədi. Onun təbəssümü ilə dəli-divanə oldu, ona yetişmək istədi. Ən kiçik qardaş olan Hüzn ona qoşuldu, ayrıla bilmədi”. Göründüyü kimi, Eşq Gözəllikdən, Hüzn isə Eşqdən ayrılmır. Bu, o deməkdir ki, harada gözəllik varsa, eşq var, harda eşq varsa, hüzn var.

Zalım nənə riski. Dünyada yaxşı nənələr çoxdu, amma potensial kürəkənlərə qarşı xüsusi aqressiyası ilə seçilənlər də olub, var və olacaq. Yəni hər bir aşiq sifəti məhkəmə divarına bənzəyən zalım bir nənə ilə üzləşə bilər (müəllif mausu 3 dəfə servanta vurur – tak-tak-tak). Zalım nənə, sanksiya deməkdi, sanksiya hicran deməkdi, hicran hüsran deməkdi. Allah belə nənələri sizdən iraq etsin. İlahi, amin… Aşiq və məşuqların belə nənələrdən çəkdiyi sitəmlər mahnılarda da əksini tapıb:
Qoymur gedim yanına, a Leyli,
Bir zalım nənəsi var, a Leyli….

və ya
Qapıda duran oğlana,
İrəhmin gəlsin nənə.

Namərd dəvə riski. Balası olan dəvənin belinə minməyin. Məcnunun səhrada yaşadığı, atasına “Ey insan, kimsən, nə istəyirsən, Leyli sözü söylə, ya da xamuş” dediyi dövr idi. Dəvəni minib Leylini görməyə gedir. Dəvənin belində xəyallara dalır və yüyən boşalır. Dəvənin də öz prioriteti var – könlünə balası düşüb. Yüyənin boş olduğunu görüb başını döndərir öz evlərinə, balasının yanına. Məcnun baxır ki, dəvənin istəyi yerinə yetib. Bir neçə dəfə belə təkrar olunandan sonra dəvəni buraxır: «Sən mənim başımın bəlasısan. Sənin öz dünyan var, mənim öz dünyam, səninlə mənimki tutmuz». Əgər belə ovqatda yarın yanına metro ilə getsəniz, “Bakmil”ə, avtobusla getsəniz, qaraja gedə bilərsiniz….

Namərd səmimiyyət – eşqini gizlədə bilməmə riski.
Aşiqlərin cəhalətindən biri də budur ki, elə bilirlər məşuqu dünyalar qədər sevmək və bunu sübut etmək hər şeyi həll edir. Ah, sadəlövh zavallı! Sənin problemlərin bundan sonra başlayır. Hətta anonim mənbənin statistikasına görə, zəriflərin müxtəlif psixotipləri sevmə faizləri belədir: güldürən 30%, ağladan 50, rədd edən 70%. Bəlkə, bunu bilən bibisi Top Qara Birçək Gül Oğlana belə tövsiyə edirmiş: “Dərdin alem, sevdiyini qətiyyən hiss etdirmə. Yanarsan”. Necə yəni bilməsin? Başımda quş yuva qurmadısa, rüsvayi-cahan olmadımsa, onun nəyi eşqdir?, – deyə düşünürdü aşiq. Sevdi və sevdiyini azdırdı. Sonra istismar edilən hisslərini düz altı ay ağladı…  NƏ QƏDƏR ACINACAQLI OLSA DA, KAMUFLYAJ EDİLMƏSI MÜMKÜN OLAN QƏDƏR ZƏİF SEVGİ VƏ YA GƏDA SEVGİSİ bu dünyada daha yaxşı perspektiv vəd edir…

Namərd gözəllik.
Gözəllərlə ehtiyatlı olmaq lazımdır. Tərcüməçilər arasında belə bir deyim var: “Tərcümə də qadın kimidir – gözəli sadiq (orijinala yaxın), sadiqi gözəl olmur”. Zarafat eləyirəm, Yusif həm gözəl, həm sədaqətli idi. Amma o, Yusif idi. Züleyxa elə deyildi. Yusif istədi və Allah da istədiyi üçün Züleyxa da gözəl və sədaqətli oldu. Amma olmya da bilərdi. Deyəsən, İnyestavari dəqiq pas verdim. Məsələnin “püf nöqtəsi” də elə budur, sanki…

Sokrat xəbərdarlıq edir:
Yuxarıdakı deyilən vendetta tipli təhlükəli risklər olmasa, evlənməkdən qorxmayın: “Həyat yoldaşınız yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız…”

Xeyirli cümələr…