Qadınlarsız təqdim olunan Qadınlar Şurası

Qadınlara ictimai həyatda iştirak haqqı verilməyən Səudiyyə Ərəbistanının Kassım vilayətində bir Qadınlar Şurası qurulub. Amma maraqlı burasıdır ki, şuranın keçirdiyi yığıncağın fotoşəkillərində bircə qadın da yoxdur.
Bir müddətdir qadınların ictimai həyatda iştirakı mövzusunda bəzi islahatların işarətini verən Kral rəhbərliyi qadın problemlərinin müzakirə ediləcəyi bir şura yaradıb. Amma Kassım Qadınlar Şurasının təşkilat konfransının fotoşəkillərində yalnız 13 kişi görünür. Verilən məlumata görə, bir başqa otaqda qadınlar da var və onlar video əlaqəsiylə yığıncağa bağlanıb.
Səudiyyə rəhbərliyinin yeni yaratdığı Qadınlar Şurası Kassım vilayətinin qubernatoru Şahzadə Faysal bin Mişalın təşəbbüsü ilə qurulub. O, belə bir platformanın ölkədəki ilk nümunəsini yaratmaqdan qürur duyduğunu söyləyib: “Kassım vilayətində biz qadınları kişilərin qardaşları olaraq görürük və qadınlar ilə gənc qızların iş həyatına iştirakı üçün daha çox imkan yaratmaqdan qürur duyuruq.”
Qadınlar Şurasına əslində fotoşəkildə olmayan bir qadın Şahzadənin xanımı Şahzadə Abir bint Salman başçılıq edir.
Səudiyyə Ərəbistanında qohum olmayan kişi və qadınların eyni məkanda olması qaydasına rəsmi səviyyədə qəti qadağa tətbiq olunur.
Dünyada qadınların avtomobildən istifadəsi sərbəst olmayan tək ölkə Səudiyyə Ərəbistanı və qadınlar avtomobil istifadə edərkən tutulsalar, həbs olunurlar. Lakin “2030 proqramı” deyə xatırlanan bir islahat planı çərçivəsində hökumət artıq bəzi addımlar atmağa başlayıb.

azadliq.info