Sarkisyan Putinlə Moskvada nələri müzakirə edəcək?

Vladimir Putin və Serzh Sarkisian

Ermənistan prezidenti Serj Sarkistyan martın 14-də Rusiyaya ikigünlük rəsmi səfərə gedəcək.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti Sarkisyanın mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə Ermənistan prezidenti səfər zamanı Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra görüşlər keçirəcək.

Danışıqlar zamanı strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi-ticarət, humanitar və mədəni sahələr, həmçinin Avrasiya məkanına inteqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Serj Sarkisyanla Vladimir Putin bir sıra beynəlxalq və regional problemlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.

Sarkisyanın səfər çərçivəsində Moskva Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcəyi, müəllim və tələbə heyətilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Sarkisyan bundan əvvəl-martın 7-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun digər həmsədr ölkəsi Fransaya da baş çəkib.

O, səfər zamanı Fransa prezidenti Fransua Holland və digər ölkə rəsmiləri ilə görüşüb.

Dağlıq Qarabağ münaqişəsi səfər zamanı müzakirə edilən məsələlərdən biri olub.

Minsk qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edirlər.