Kəndimə
Yalçın İmanov
Gözləntidən axmaq şey, bir də özüdü! Bu gün yaxşı deyil, amma sabah bu gündən daha yaxşı olacaq, sabah düşündüyüm kimi olmadı, birigün ondan daha yaxşı olacaq mütləq, birigün heç nə nəzərdə tutulduğu kimi alınmadı, altdakı gün…
…Kəndimin ölkə boyu it unu kimi səpələnmiş sakinləri də eynən belə – hər açılan sabahı təbii, amma heç bir əsası olmayan ümidlə gözləyir/di/lər: “Sabah qayıdırıq”, “birigün gedirik”, “altdakı gün ordayıq ha”.
Tam bir ilğım! Bu ilğım içində əsrin dörddəbiri – dopdolu 25 il əriyib, yoxa çıxdı!
Uzaq 92-nin bugünündə sonralar “sabah, birigün, altdakı gün qayıdırıq” deyə-deyə yarıuçuq ictimai binalarda, yataqxana künclərində can verəcək simaları bozarmış görmüşdüm! Biz tərəflərdə martın soyuğu bir başqa olurdu, sümüyə işləyən, adamın canına üşütmə salan soyuq deyirəm. Həmin o bozarmış sifətlər o soyuq gündə, üzlərinə açılan yeni bir dünyanın nəhayətsiz qeyri-müəyyənliyini və xoş olmayan məcaralarını sanki duyubmuş kimi donuq, ağlabatan bir şey ifadə eləməyən hal almışdılar.
Əvvəl o bozarmış simaların tez-tez bütün ölkə boyu yas xəbərləri gəlirdi, sonralar bu xəbərlər də tədricən azaldı, təkəm-seyrək və adda-budda oldu!
***
Təbii, ömürə uyğun gözlənti özünü doğrultmayanda iyrənc bir çevrilmə, metamarfoza baş verir! Qreqor Zamzanın çevrilməsi kimi! Yox, bəlkə ondan da pis. İndi mənə gün kimi aydındı – bu 25 illik gözlənti, bu gözlənti prosesində yaşananlar, itirilənlər, əldən çıxanlar, mənasız gözlənti prosesinin özü o gözlənilənin özünü əhəmiyyətli şəkildə dəyərsizləşdirdi və daha gözlənilən lap elə günü sabah baş versə belə, heç bir xüsusi məna, dəyər kəsb eləməyəcək, ölmüş içləri oyatmayacaq, uzaqbaşı tamarzılığı damaq dadı əvəz edəcək!
Ya da, 92-nin o soyuq günündə, heç nə ifadə eləməyən, bomboz bozarmış simaları yada salıb, bir siqaret yandırmaq olar həmin gün. Bu mənada, hərdən qulağıma dəyən “yurd həsrəti”, “vətən yanğısı” dilxoşluqları eramızdan əvvəlin söhbətləri kimi gəlir mənə.
***
Biz heç Covanni Droqo da olmadıq. O yenə, hərdən Bastiani qalasından ucsuz-bucaqsız tatar çölününü vəhşi cazibəsinə nəzər salıb, xəyali qəhrəmanlıqla özünü ovundurur, təsəlli edirdi! Bizim xəyali qəhramanlıq lüksümüz də yoxdur, olmadı. Droqoyla oxşarlıq yalnız odur ki, miskin taleyə eyni miskinliklə boyun əydik. Kənd gözləntimiz, sonralar bütov bir ölkə gözləntisinə çevrildi, sonuncu isə heç nəyə, qarışıq stixiyaya. Bütün bu kəskin ictimai üfunətin, təmənnalı qovğa və oyunçu hay-küylərin, kütləvi bədbəxt insan qalereyalarının içində, xüsusi bir gözləntidə, intizarda olmaq artıq müşküldür. Limit bitib. Müqəddəs kitabın “Gözləyin. Doğrusu, mən də gözləyənlərdənəm” məntiqi daha aktual səslənmir.
***
Gözləntidən pis bir şey yenə özüdür! İllah da ki başını edam kötüyünə söykəyib gözləyəndə…
P.S. 12 mart 1992-ci ildə Ağdərənin bütün kəndləri, o cümlədən, azərbaycanlıların ən çox yaşadığı Sırxavənd kəndi işğal olunub.