Bu gün Milli Məclisin plenar iclasında Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.
“APA-Economics”in məlumatına görə, layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, layihəyə 98 dəyişiklik təklif edilir.
H.Rəcəbli qeyd edib ki, layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur. Layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.