Peşman olmağı bacarmamaq

Zümrüd Yağmur
yagmurzumrud@gmail.com

“Nəsimi” filmində Şeyx Əzəmin “gülməyin, mən onun qanını içərəm, amma gülmərəm” dediyi səhnəni xatırlayırsınızmı? Möhtəşəm ifa, deyim, o səs, duruş, əməlinin həqiqiliyinə inamın əzmi…

Amma Şeyxin qırılma nötqəsi “Səfillər”in “ədalət səfili” Javerinki kimi möhtəşəm deyil. Ömrü boyu inandığı həqiqətlərin bur anlığa çöküşü… Həqiqətinin mütləqliyinə inanan birinin onun nisbi olduğunu anlamaq nisgili və ya yalanın son ana qədər həqiqətə müqavimət göstərməsi… Bütün bunların insan ruhunda yarada biləcəyi təlatüm…

Nədənsə, mən Azərbaycan reallığını, insanını, siyasətini və məhkəmələrini müşahidə edəndə hər zaman Javeri xatırlayıram. İnandıqlarının çöküşü ilə birgə həqiqətin bitişinin insan qəlbində yaratdığı boşluqdakı acının o müdhiş, böyük zülmətini Azərbaycanda insanlara işgəncə verən polisin, yalan danışan siyasətçinin, sözünü satan yazarın, prinsipləri, qüruru ilə alver edən kişilərin, bədənini satan qadının gözlərində görmək istəyirəm.

Peşmançılıq hissi qorxunc bir şeydi. Bəlkə də bir insanın yaşaya biləcəyi hisslərin ən ağırı… Amma peşman ola bilmək də hər kəsin işi deyil. Çünki bu hissi yaşaya bilmək üçün ən azından Javerin ədalətə inandığı kimi inanmağı, sevdiyini sevməyi, nifrət etdiyinə nifrət etməyi bacarmalısan.

Bir sözlə, yaşadığımız nədirsə, onun səfili, sərgərdanı ola bilmək…

Yarımçıq olan hər şeydən imtina etmək!

Bəzən biz adını qoyduğumuz bir çox şeyi mahiyyətdə heç yaşamırıq. Sevdiyimizi hesab edirik, sevmirik, ya da peşmançılıq yaşadığımızı zənn edirik, amma əslində, yaşadığımız ani sıxıntıdan başqa bir şey deyil.

Bəzən də əksinə, sevdiyimizi, peşman olduğumuzu özümüzdən gizlədib yaşadıqlarımıza bir ad vermək istəmirik.

“Nardaran işi” üzrə məhkəmə iclaslarında iştirak edib “Bandotdel”in  həbs etdikləri insanlara işgəncə edən işçilərini dinləyəndə, onların gözlərinə diqqətlə baxırdım. Hər dedikləri yalanın onların üzündə yarada biləcəyi dəyişikliyi görmək, bəlkə bir acı, peşmançılıq yaxalaya biləcəyimə ümid edirdim. Bilmək, hiss etmək istəyirdim bu şəkildə yaşaya bilmənin necə olduğunu… Birinə işgəncə verib, onu ən müqəddəs şeylərlə təhdid etmək, hakimiyyətinə arxayın olub qarşısındakına zülm vermək və heç bir şey olmamış kimi gecə evinə gedib gündüzləri günahsız birinin qanına bulaşmış əlləriylə məsum bir körpəni, bu dünyanın çirkabına bulaşmamış övladını qucaqlamaq necə bir hissdir əcaba?

O ifadə verənlərin arasında gənc olanlar da vardı. Yəqin ki, o işgəncə verən əllər həm də sevdiyi bir qadına cicək də tuturdu.

Bu nə təzaddı, ilahi və insanoğlu bu təzadların, ziddiyyətlərin içində  necə var ola bilir?

Ya da bəlkə bu, varoluş deyil, sadəcə ömrü tükətmək, zamanın Salvador Dalinin saatlarındakı kimi əriyib tökülməsidir.

Nədənsə yadıma İran İslam İnqilabından bəhs edən “Şirazda sentyabr” filmi düşürdü hər dəfə o məhkəmlərdə… Həbs etdiyi insanlara işgəncə verilən həbsxana rəisinin üst qatda sevdiyi oğlu ilə oynadığı səhnəni xatırlayırdım. Alt qatdasa işgəncə görmüş, inildəyən dustaqlar onun oğlunun gülüş səslərini eşidirdi.

İniltinin gülüşlə, əzabın sevinclə qarışımı…

Və mənə elə gəlirdi ki, ifadə verə-verə sanki qarşısındakı dustaqlara orda da meydan oxumağa çalışaraq, kinayə edən o idarənin əməkdaşlarının da içində bir inilti var. Verdikləri işgəncələrlə öz ruhlarına yüklədikləri yükün ağırlığından doğan əzabın iniltisi…

Amma hər dəfə də o məhkəmə içlaslarından çıxıb soyuq ağılla düşünəndə qarşımdakı insan ovçularının Ted Bandi olmadığını anlayırdım. O Ted Bandi ki, seriya qətllər törətmişdi, amma sonradan böyük bir peşmançılıqla elə bir katarsis, təmizlənmə yaşadı ki, hətta valideyinlərə uşaqlarını pis adam olmaqdan necə qorumaq haqqında uzun-uzun yazılar yazıb, tövsiyyələr verdi.

Dünyanın müxtəlik yerlərində seriya qətllər törətmiş insanların söylədiklərini, son çıxışlarını az-çox dinlədim. Bəzən bizim qatil deyib keçdiyimiz insanların etdiyi cinayətə bir filosof kimi haqq qazandıra bildiyini də gördüm. Məsələn, Çarliz Mensonun çıxışını dinləyəndə bəzən mən hətta onun deyil, cəmiyyətin qatil oldunu düşündüyüm oldu belə…

Ədaləti belə sorğuladım. Onun nisbiliyini və hər an, fərd üçün dəyişkənliyini…

Birinin cəzalandırılması onun zülmünə tuş olan üçün ədalətin qələbəsi, ondan yaxşılıq görən üçünsə  haqsızlıq ola bilir.

***

Bəs Azərbaycan reallığında nə baş verir?

Bu gün Eldar Mahmudov, Akif Çovdarov və digər insanların əslində etdiyi əməllərə görə peşman olduğunu deyə bilərikmi? Bilmirəm. Amma dəfələrlə bir gerçəklə qarşılaşdım. Azərbaycansayağı peşman olmaqla… “Kaş bu işi edirdimsə, belə etməyəydim, ağlım olmadı”.

Mən Eldar Mahmudovun peşman olduğuna, BÖYÜK peşimançılıqla katarsis, ömrünün kiçik qiyamətini yaşadığına inana bilmirəm nədənsə… Olsa-olsa “niyə etdim” deyil, “harda yanlış etdim ki, bu hala gəldim?”peşmançılığı ola bilər – ancaq bu qədər… Çünki dəfələrələ, məsələn, işində dürüst olub varidat qazanmayan birinin maddi cəhətdən çətinə düşəndə “ağlım olmadı, hamı kimi mən də yığmadım” peşmançılığına çox rast gəlmişəm.

Bu Azərbaycasayağı “peşmançılıq”da katarsis yoxdur.

Xalq olaraq biz Böyük peşmançılıqlar yaşaya, toplum olaraq kiçik qiyamətlərimizi qoparıb təmizlənə, katarsisdən keçə bilirikmi?

“Nardaran iş” məhkəməsində vəkil Fariz Namazlı Elçin Qasımovun ona içgəncə edən Kərim Əlimərdanov adlı şəxsə “o dünyada əlim yaxanda olacaq” deməsi ilə onun geri çəkilib susmasını nağıl etmişdi. O anda düşünmüşdüm, görəsən  bu geri çəkilmə nə idi, Allah xofumu, peşmançılıqmı?

Bəlkə bu geri çəkilmənin adı ani sıxıntı idi? Çünki Azərbaycan reallığında işgəncə verənlərin, yalan danışanların, saxtakarlıq, əxlaqsızlıq edələrin böyük peşmançılıq yaşaya bilməsi üçün onları peşman edəcək toplumsal dəyərlər yoxdur.

“MTN işi” üzrə gedən məhkəmə iclaslarının icmallarını oxuyuram. Və Akif Çovdarov, Eldar Mahmudov haqqında düşünürəm. Onların və dindarlara iggəncə edənlərin də bir zamanlar günahsız körpə olduğunu, addımlarını atanda onların da analarının buna sevinməsini canlandırmaq istəyirəm. O sevinən analar ağlının ucundan belə keçirməyib ki, övladı gələcəkdə oğurluq, işgəncə zəncirində bir halqa olacaq. Böyük adam olacaq deyib. Böyük oğru, qatil, yalançı, zülmkar olacaq deməyib.

Onları bu hala nə, kim gətirdi? İçindəki o qorxunc potensiyalı üzə çıxaran səbəb nədir? Biz bir xalq olaraq bu insanların qatilə, yalançıya, zülmkara çevrilməsində heçmi günahkar deyilik?..

Polisin ədalətsizliyindən şikayətlənib övladını polisə düzəldətmək üçün rüşvət verən bir toplum doğrudanmı məsumdur?

Doğrudanmı, yalançı siyasətçini arxada lənətləyib, görəndə əlindən öpən bir cəmiyyətin olub bitənlərdə məsuliyyəti yoxdur?

Bəlkə bir xalq olaraq bizim hər zaman peşman-pərişan olduğumuzun səbəbi də budur. Biz bizə zülm edənləri, yalan danışanları, zalımı, haqsızlıq edəni peşman etməyi bacarmamışıq. Əksinə, fürsət düşüncə onlarla eyni sırada durmağa çan atmışıq.

Peşman etməyi bacarmadığımızdan hər zaman peşman olmuşuq…