Son istifadə tarixi…

Zümrüd Yağmur

Keçən gün od çərşənbəsi idi. Evə dönərkən yol boyu yanan tonqallar bayram etmək kimi bir vərdişim olmadığından  məndə heç bir hiss yaratmırdı, amma bilmirəm nədənsə, dəniz kənarında  çox  hündür, ətrafı işıqlandıran tonqal diqqətim çəkdi.  Dayandım və yaxınlaşdım. Ətrafında iki kişi, bir xeyli uşaq və iki qadın tonqala yaxın dayanıb əllərini isidirdi. Bayramlaşıb onlarla eyni sırada dayandım. Əllərimi isitmədim amma…

Bu ölkədə  bayram tonqalları niyə yandırılır görəsən? Ürəyində bayram  sevinc olmayan insanlar axı üstündən tullandığı bu tonqallarda nisgil və ağırlıqlarının yanacağına inanmırlar daha…

“Ağırlığım, uğurluğum burda qalsın” deyib üstündən məsum inamla  atladığımız o tonqalların bizim ağırlığımızı götürəcəyinə inamımızı çoxdan tükətmişik biz… 

Bu ölkənin bütün nağılları bitib deyəsən…

İnsanlarının bu qədər reallıqlarla üz-üzə durduğu ölkələrdə nağılların canlı qalması mümkün deyil.

Bunu düşünüb tonqalın yaxınlığında dayanmış qadının üzünə baxdım. Tonqala elə gərginliklə baxırdı ki, sanki orda yanan odunlar deyil, arzuları, inamı idi.  Bəlkə də elə idi, bəlkə də bir il öncə od çərşənbəsində  hələ gerçəkləşəcəyinə inandığı   nağıllarını bu tonqala pıçıldamışdı, ya da  qaladığı tonqalın onun ağırlığını yandıracağına inanmışdı. Amma  ötüb keçən bu bir ildə yanan ancaq arzuları olmuşdu və qadın indi tonqalın istisinə isinmirdi, yanan arzularının oduna qovrulurdu.

Yanındakı kişi də eyni şəkildə bədbəxt görünürdü.

Bayramlaşıb uzaqlaşdım. İçimdəki ağırlıqla, çünki “ağırlığım, uğurluğum” o tonqalda filan yanmamışdı, əksinə, içimdə uzun müddət alovlanmasın deyə üzərinə su tokdüyüm tonqal alovlanmışdı və nədənsə, düşündüm ki, yol boyu yanan tonqalların ətrafında toplaşanların hər birinin içində də bir nisgil atəşi var və onları qalayıb oduna ömrümüzü yandıran da bizik…

Bir birimizi tükətməyə, heçləşdirib yararsız elan etməyə çalışan bizlər…

 

Bir od çərşənbəsi tonqalına belə sevinclə baxa bilməyəcək qədər tənhalaşan insanlar niyə belə həvəslə bir-birini tükətmək yarışına girib!?.

Bu qədər ədalətsizliyin, haqsızlığın, yaramazlığın baş alıb getdiyi bir ölkədə insanlar niyə bir-birinə qənim kəsilib!? Niyə  bir-birinin məzarı, zülməti olmaq üçün bu qədər həvəslidir!?

 İstisinə isinə biləcəyi bir tonqala həvəslə su töküb onu söndürməyə tələsən insanların təklik şikayətləri nədi belə?!

“Niyə”lər insanın beynini deşir və ardından buraxdığı mücərrədlik elə bir vurnuxma yaradır ki, bir anlığa azmaq, itmək, yox olmaq istəyirsən. Bir dəfəlik… Nəyəsə ümid belə etmək istəmirsən, çünki bilirsən, azıb getsən, geri dönüşün üçün bir dönüş, istinad yerin, kimsən yoxdur.

Bu ölkədə daha kimsə kimsənin yolunu gözləmir.

Yolsuzluğun bu qədər yol aldığı ölkələdə yolların gözlənilmədiyindən real nə ola bilər ki!?

Çox şeyin tükənmək üzrə olduğu bir vaxtda, insanların da bir-birini acgözlüklə bitirməsinin  tamaşaçı olmaq böyük bir səhnədə acı bir dramda iştirakşı olmaq kimidir. Hamının təklikdən şikayətləndiyi ölkədə sənə dəyər verib məna yükləmək istəyən birinin sənə vermək istəyidiyi dəyəri özünlə bərabər tükətmək nəyin havasıdır, Tanrı eşqinə?

Tənhalıq marafonunda iştirakçı olub  “qalib mükafatıyla” birgə bağrımıza basacağımız təklik bizi hüzursuz edir, amma hər uqursuzluqdan sonra da biz öz tükətmək inadımızdan vaz keçmək istəmirik. Sanki lənətlənmişik kimi…

Qurduğumuz münasibətləri həssas, diqqətli insan obrazında başlayıb obrazımızı da “bir baxışdakı kədər məni öldürür” sözləri ilə möhkəmləndirməyə çalışırıq. Amma  az sonra o sözləri söylədiyimiz adamın gözləri yaşla dolub daşanda əhəmiyyət vermədən sarıldığımız hər hansı texnikanın düymələrindən qoran səsə daha diqqətli yanaşıb yanımızdakının kədərinə  öz biganəliyimizlə meydan oxuyuruq.

Şikayət olarsa da,  “biz o mərhələni keçdik axı” deyib dodaq büzürük.

Acı-acı gülüb susursan, “duyarlı, həssas olmanın mərhələsimi olur arxadaşım?” sualının içində yaratdığı acı gülüşü yanındakının soyuq və biganə simasında xəyali çiliklənməsinə sadəcə tamaşa edirsən.

Güvənməkləri yalana, dürüstlüyü saxtakarlığa, sevgini şəhvətə, ehtirasları adiliklərə, şəfqəti biganəliyə, qayğıkeşliyi diqqətlsizliyə asan xərcləyib sonda da  hamımız ölkənin bitişindən danışıb bizdən bir şey çıxmayacağını söyləyirik. Ölkənin sakinləri, insanları bir-birini tükədib yeyib bitirməyə bu qədər həvəsli ikən bir ölkənin bitişi, tükənişi labüd deyilmi?!

Biz gözəl duyğuları tükədib qarşımızdakı dürüst və səmimi birini öz yanaşmalarımızla qiymətləndirib elə asanlıqla etiketləyirik ki, sanki qarşımızdakı insan deyil də, hər hansı bir məhsuldur. Və onun üzərinə son istifadə tarixi vurub o tarixə qədər də onu yeyib bitirmyə çalışırıq.

“İştahımız” o qədər böyükdür ki, bu yeyib bitirmədə özümüzü də tükətdiyimizin fərqinə belə varmırıq. Tək dərdimiz var, haqlı olmasaq da, haqlı çıxmağa nail olmaq…

***

Bəzən küçədən yürüyən insanları müşahidə edirəm. Hamı harasa tələsir. Hamının üzü gərgin… Bir qadının tək olduğu hər halından bəlli, qəlbində tənhalıq halay çəkib rəqs edir.  Yanından ötüb keçən kişi, bəlli ki, nələrisə paylaşmaq istəyir, öz təkliyində boğulur. Amma bir-birinə ehtiyacı olan bu iki insanı bir araya gətirsən, qısa müddətdə tükədəcəklər bir-birini… İkisi də ən bəsit şəkildə ifadə etsək, dəyərli, yaxşı olsa belə bu ölkənin ağır reallığı, insanın içinə doldurduğu kimsəsizlik şəraitində elə asanlıqla və səxavətlə yeyib bitirəcəklər ki, bir-birini, sanki hər an rast olub danışacaqları insanlarla qarşılaşmaq bu ölkənin ən adi reallığıdır.

Amma deyil və bəzən bu reallıq insanı zəif  salır,  bu qədər yaramazlıqların içində məsum olduğuna inandığın, ya da inanmaq istədiyin birini itirmək istəmirsən. Amma nə yazıq ki, az sonra çabalarının boş olduğunu anlayırsan, çünki qarşındakı sənin, səninlə bərabər də özünün tükənmə, son isifadə tarixini artıq müəyən etmiş…

 

 

P.S

Bu sadəcə, Azərbaycanda insani münasibətlərin qısa tarixcəsidir.