Azərbaycan politoloqu Xaliq Bahadırdan putinçi politoloq Sergey Markova yanıt

Xaliq Bahadır

Rusiya prezidenti V.Putinin yetkilisi, İctimai Palata üyəsi, politoloq Sergey Markov 25 fevral (2017) olayı ilə bağlı açıqlama yayıb. Kreml politoloqu açıqlamada bildirir: “Dağlıq Qarabağda gərginliyə nədən olan hücumu Ermənistan etdi. Biz mənzərəni aydınlaşdıra bilməsək də, erməni hərbi nümayəndələrinin bəyanatları onların hücum etdiklərini göstərir”. Açıqlama uzundur, ancaq gerçəyi ortaya çıxarmaq, Kreml açıqlamasının arxasında hansı amacların durduğunu bilmək, düşünmək baxımdan bu iki fraza da yetərlidir.
Markovun birinci tezisi: “Dağlıq Qarabağda gərginliyə nədən olan hücumu Ermənistan etdi”. Markov özünün (daha doğrusu, Kremlin) bu tezisini doğrulayacaq fakt göstərməyə borcli idi, ancaq göstərmir. Bu elə-belə söhbət, küçə söhbəti deyil, bunu söyləyən də hər hansı jurnalist, lap hər hansı politoloq da deyil, Kreml politoloqu, Putinin sağ əli rolunu oynayanlardan biridir. Az-çox döyüş gedib, qırğın olub, bu üzdən də, o üzdən də öldürülənlər var. Azərbaycandan bildirildiyinə görə, bizim itkilərimiz 5, ermənilərin itkiləri 2000-dir. Ermənilərin də öz versiyaları var. Bizim nə bunlara inamımız var, nə onlara. Onlar özləri bilərlər, Bizdə yalan, yalançılq çoxdan dövlət siyasətidir. Ötən ilin aprelində 5-6 itkimiz olduğunu bildirirdilər, ancaq, bəlli olduğu kimi, 100-dən artıq itkimiz olmuşdu.
Birinci hücumetmə tezisinə gəlincə, Kreml politoloqu kimi, “bizimkilər” də hücumu birinci ermənilərin etdiklərini söyləyirlər, ancaq ortada boyük quşqu doğuran görsənişlər var. 1) ermənilər birinci hücum etmişdilərsə, nəyə görə erməni hücumunun qarşısına kəşfiyatçılarımız çıxarılırdı; 2) kəşfiyatçılarımızın düzənlik yerdə öldürülmələri faktı hansı gizlinin görsənişidir? Bu sorular bütünlüklə olmasa da, kimin birinci hücum etiyinin soraqçısı yerindədir. Yeri gəlmişkən, bilgili dostların dediyinə görə, ötənilki aprel döyüşlərində “arxadan sizə kömək göndərəcəyik” deyə, kəşfiyat bölüyümüz desant olaraq Ağdərəyə atılmış, sonra onlar köməksiz qalaraq qırılmışdılar…
Markovun ikinci tezisi: “Biz mənzərəni aydınlaşdıra bilməsək də, erməni hərbi nümayəndələrinin bəyanatları onların birinci hücum etdiklərini göstərir”. Birinci tezis kimi bu tezis də bütünlüklə Kremlin Azərbaycan – “Ermənistan” siyasətinə bağlı yalan üzərində qurulub. Bəlli olduğu kimi, Birincisi, “Ermənistan” Rusiyanın Azərbaycan coğrafiyasında işğal sonucu olaraq yaratdığı əlaltı dövlətdir. İkinci, “Ermənistan”dakı Sərkisyan, Azərbaycandakı Əliyevlər hakimiyəti bütünlüklə Kremlə, Kremlin siyasi oyiunlarına bağlıdır.
Bundan başqa, Azərbaycan Kremlə daha çox siyasi baxımdan bağlıdırsa, “Ermənistan” siyasi, ekonomik baxımdan olmaqla yanaşı, bir də ordu gücləri baxımından bütünlüklə Rusiyaya-Kremlə bağlıdır. Burasını isə ayrıca vurğulamağa dəyər: Türkiyə – “Ermənistan” sınırlarını rus qoşunu qoruyur. Rusiyanın 7-ci ordusu “Ermənistanı”, Dağlıq Qarabağı, ona bitişik işğal zonasını bütünlüklə özünün çətiri altında tutur. Bunlar olmasa belə, Rusiyanın orduya bağlı texniki olanaqları hücumu birinci kimin başladığına istənilən çağda aydınlıq gətirmək düzəyindədir…
Sonrakı tezislərin üzərində ayrıca dayanmaq çox da gərəkmədiyindən Markovun sonra dediklərini qısaca çatdırıram. Markov “Ermənistan”ın Azərbaycandan gücsüz olduğunu, Azərbaycanın “Ermənistanı” asanlıqla yenə biləcəyini nədənsə çox qabardır. Məncə, burada Putin rejiminin bir gülləyə iki dövşan vurmaq istəyi var: bir yandan ermənilərdə qorxu yaratmaqla Sərkisyan hakimiyətinə qarşı çıxışları neytrallaşdırmaq, o biri yandan Azərbaycanı qızışdırıb savaşa sürükləməklə hansısa planlarını gerçəkləşdirmək. “Hücum birinciliyində” 21 fevral (2017) faktı ilə bağlı hansısa iç-dış faktorların da rolu ola bilər – bir ucu yenə Rusiyaya gedib çıxmaqla…