Ölkədə vəziyyət göründüyündən daha ağırdı. Bütün sahələrdə “qanaxma” başlayıb. Amma bu qanı kəsməyə, yaranı sarımağa heç kim cəhd göstərmir. İndiki halda həkim rolunu hökumət oynamalıdır. Hökumət isə israrla deyir ki, damardan axan qan deyil, inkişafın qırmızı formasıdır.
Bəli, reallıq təhsildəki rüsvayçılığı göstərir, hökumət “təhsil hökumət üçün prioritetdir” deyir. Müşahidə etdiklərimiz səhiyyənin xəstələndiyini göstərir, baş həkim “Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib” söyləyir. Məhkəmədəki saxtakarlıqlar, günahsız insanların şərlənərək həbs edilməsi aydın görünür, hökumət isə “Azərbaycanda insan haqlarına ən yüksək səviyyədə hörmət olunur” şüarı səsləndirir. Hər gün xarici şirkətlərin ölkəni tərk etdiyinə şahid oluruq, hökumət isə “ölkəyə investisiya axını güclənib” təbliğatını aparır. Hər gün hansısa bankın, iri marketin, ticarət mərkəzinin bağlandığı xəbərini eşidirik, dövlət müəssisələrində aylarla maaşların gecikdiyini müşahidə edirik, hökumət isə “yeni iş yerləri açılıb” şüarına sarılıb. Statistik rəqəmlər problemli kreditlərin həcminin artdığını, əhalinin alıcılıq qabiliyyətinin azaldığını göstərir, hökumət isə “əhalinin həyat şaraiti yaxşılaşıb” bəyanatını verir. Mənasız yarışlara milyardlar xərcləndiyinin, məmurların aşırı varlandığının hamılıqla şahidi olsaq da, rəsmi təbliğat “qənaət rejiminə keçmişik”, “lazımsız xərcləri azaltmışıq” arqumentindən sallaşıb. AzTv-nin efirinə 3-4 nəfər “xoşbəxt vətəndaş” çıxarsalar da, xəbər saytlarında hər gün ölkədəki intiharları seyr edirik. Hökumət ermənilərin Azərbyacana axın etdiyini təbliğ etsə də, reallıq onu göstərir ki, ölkə vətəndaşları sürətlə ölkəni tərk edir.
Göründüyü kimi hökumət “böhrandan şərəflə çıxmışıq” desə də, ölkədə “böyrəyimi satıram” elanı verənlərin sayı artıb. Bəli, hökumət komandası böhrandan çıxıb, vətəndaş komandası isə böhrana əsir düşübdü.
Ən pisi budur ki, hökumət ağır vəziyyətdən real işin nəticəsində deyil, təmtəraqlı yalanların sayəsində çıxmaq istəyir. “çörək bol olarsa basılmaz vətən” deyimini, “yalan bol olarsa basılmaz hökumət” şüarıyla əvəzləyiblər.
Ölkə tamamilə qara rəngə bürünüb, rəsmi təbliğat isə “hər şeyi qara rəngdə görməyin” tələbi irəli sürür.
Bir sözlə, hamıya aydın oldu ki, çörəyin bolluğu vətəni basılmaz etsə də, yalanın bolluğu vətəni uçuruma aparır. Deməli, bu çirkin gedişatı, bu yalan bolluğunu yalnız həqiqətin gücüylə məhv etmək olar. Həqiqət isə, yalanın at oynatdığı ölkənin vətəndaşları ayağa qalxanda qailb gəlir.
İlham