Vaxtilə MTN-in yüksək vəzifəli şəxsləri tərəfindən hədələnərək, hətta saxta cinayət işləri vasitəsilə qanunsuz həbsdə saxlanılan və bir neçə yüz min, hətta bəzən 1-2 milyon pulları əllərindən alınandan sonra azadlığa buraxılmış adamlar indi zərərçəkən kimi tanınıblar. Amma bu, onları qane eləmir. MTN işində zərərçəkənlər pullarının geri qaytarılmasını, həmçinin başlarına açılan oyunlarda günahı olan, amma bu gün məsuliyyətdən kənarda saxlanılan adamların da cəzalandırılmasını tələb edirlər. Zərərcəkmişlərin həbsini tələb etdikləri şəxslər iki nəfərdir – MTN-in istintaq idarəsinin rəisi olmuş, general Mövlam Şıxəliyev və “Texnikabank”ın Müşahidə Şurasının sədri olmuş Etibar Əliyev.
Zərərçəkənlər Mehriban Əliyevaya yazır
Zərərçəkənlər Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Musənnif Salahov və Akif Qurbanov bu məqsədlə Azrbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər.
Zərərçəkmişlər müraciətlərində “Texnikabank” ASC-nin keçmiş əmanətçiləri kimi MTN-in vəzifəli şəxsləri tərəfindən hüquqlarının pozulduğunu bildiriblər:
“Başımıza gətirilən faciənin baş qəhrəmanlarından biri də “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri, Eldar Mahmudovun sağ əli hesab edilən Etibar Əliyevdir. Əgər Etibar Əliyev xəlvəti yolla MTN rəsmiləri ilə əməkdaşlıq etməsəydi, MTN-ə gizli yollarla informasiya ötürməsəydi, Vüsal Ələkbərov və ya Mövlam Şıxəliyev haradan bilmiş olardılar ki, biz əmanətçilər banka nə qədər vəsait qoymuşuq. Bizim hər birimizi bu gün bir sual dərindən düşünməyə vadar edir ki, görəsən qanuni yolla banka əmanət etibar etmək nə vaxtdan bəri dələduzluq sayılır? Banka əmanət yatızdırmaq həqiqətən cinayət hesab edilirsə, bəs onda Etibar Əliyev hansı zərurətə görə yalnız biz 8 nəfərin siyahısını MTN-ə göndərib? Bizdən savayı “Texnikabank”da digər əmanətçilər yox idi? Görünür, MTN-i yalnız iri məbləğdə əmanətləri olan müştərilər maraqlandırıb.
Dövlətin təhlükəsizliyini qorumalı olan MTN öz işindən başqa bütün iyrənc işlərlə, hətta adam oğurluğu ilə məşğul olub. İllər öncə Hacı Məmmədovun cinayətkar əməllərini ifşa edib, sonradan onun funksiyalarını özləri icra etməyə başlayıb. Günahımız nə idi ki, Vüsal Ələkbərov və Mövlam Şıxəliyev həm son qəpiyə qədər pullarımızı aldılar, həm də bankdakı əmanətlərimiz batdi?”
Zərərçəkmişlər həmçinin müraciətlərində Mövlam Şıxəliyevin, eləcə də onun tabeliyində işləmiş polkovnik, İstintaq İdarəsinin şöbə rəisi olmuş, hazırda isə həbsdə saxlanılan Vüsal Ələkbərovun hədə-qorxu və zorakılıqla onlardan külli miqdarda pul aldıqlarını yazırlar. Müraciətdə qeyd olunub ki, zərərçəkənlərdən Nizami Kazımov, Hüseyn Səfərov heç bir əsas olmadan təxminən 2 ay MTN-nin təcridxanasında saxlanılıb, onların hər birindən 2 milyon dollar alınıb.
Digər zərərçəkmişlər Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min, Bahəddin Sultanovdan 370 min, Müsənnif Salahovdan 600 min, Akif Qurbanovdan 2 milyon dollar alınıb.
Şikayətçilər müraciətlərinin sonunda Mehriban Əliyevadan xahiş edirlər: “Bizə dəymiş maddi ziyanın Vüsal Ələkbərov və Mövlam Şıxəliyev tərəfindən ödənilməsinə, eləcə də istintaqdan yayınan Mövlam Şıxəliyev və Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsinə qəti göstəriş verməyinizi ailələrimiz və doğmalarımız adından xahiş edirik”.
azadliq.info