Gülməli hadisə

Natiq Güləhmədğlu

Yumor vacib və çox faydalı bir duyumdur. Bir mahnımızda işlənən “yazıq o şəxsə ki qaraqabaqdı”-fikrinin altından lap qədimlərdə imza atanlardanam. Di gəl ki, son vaxtlar bizimkilərin yumora aşırı düşkünlüyü bəndeyi-həqiri “yazıq” eləməkdədir.

Diqqət eləmisinizsə, biz son vaxtlar ucdadtutma hamımız yumorist, satirik olub getmişik. Ən ağlamalı hadisəni gülüş obyektinə döndərmək üçün hər gün azərbaycanlılar çox amansız rəqabət mühüti yaradırlar.

Başımıza gətirilən ən dözülməz hadisələrə biz gülüb keçə bilirik. Heç kim onda yumor alınıb-alınmamasına qəti fikir vermədən, hər gün həyatın ən müxtəlif məsələlərinə dair yumor nümunələri (olmaz olsun) istehsal eləməkdədir. Adam başına düşən milli yumor istehsal miqdarına görə biz rekorsmen olmağın astanasındayıq.

Hələ 5-6 il qabaq Şahvələd Çobanoğlunun bu mövzuda “bal arısı və adi arı” bənzətməsi üzərindən bir məqaləsi vardı. Orda da narahatlıq ifadə olunmuşdu ki, bizdə “sancmaq” yüksək səviyyəddir, ancaq təəssüf ki, bu “sancamalar” bal tədarükü üçün olmur.

Məni indi bal tədarük eləməyimiz düşündürmür. Hərçənd o çox vacibdir. Narahatlığım çayxanalarımızı, sosial şəbəkələrimizi bürüyən yumoristik “atmacaların”, sancmaların (olmaz olsun belə yumor) çatmayan bir cəhəti barədədir. Bu barədə deyinmək istəyirəm.

Psixoloqlar deyir ki, adətən insan beyini faciələri, çətinlikləri şişirdilmiş formada qəbul edir, odur ki, üzləşdiyimiz hansısa çətinliyə görə dəsmal götürüb ağlaşma qurmağı mən də məqbul saymıram. Ona görə “gülüb keçmək “ özünü qoruma üçün məqbul varinantdır. Hətta, bunu insanın, orqanizimin özünüqoruma instinkti də adlandırıla bilər. Bunu iddia etməyə yəhudi yazıçı Sol Belloun bir fikir cəsarət verir. O deyir: “basqı altında saxlanan xalqlar zarafatcıl olmaq məcburiyyətindədilər”.

Düzün deyim ki, S. Bellounun sizin kimi heç bir romanın oxumamışam. Onun fikirlərin sevimli satirikim-Sərdar Turqutun məqaləsində tapmışdım. Həmin o məqalə, bu gün sizlə yumor mövzusunda söz açmağıma səbəb oldu.
Sərdar Turqut yəhudilərin inkişafında yumorun müstəsna rol aldığını deyir və əlavə edir ki, bu ənənə lap qədimə-Talmuta qədər uzanır. Müəllifə görə yəhudi xalqının bəşəriyyətə bəxş elədiyi dühaların yetişməsində bax bu cəhət-yumor müstəsna rol oynayıb. Bu sözlərlə tanış olanda gözlərimdə qığılcım parladı, məzlum xalqımızın gələcəyinə böyük ümidlər peyda oldu. Əcaba, bizim də xeyli müddətdir aşina olduğumuz yumor, atmacalar öz bəhrəsini verəcəkmi?

Demək, qabaqda bizi dünyanı heyrətə salacaq filosoflar, fiziklər, yazıçılar, ixtiraçılar gözləyir?! Ancaq, yox, nəticə çıxatmağa çox tələsmişəm.

Yəhudilərin yumora yanaşması ilə bizimki arasında çox ciddi bir fərq var və mənə görə sirr də ordadı. Yəhudi yumorlarının ana sütunun özünü dolama, özünü ələ salma təşkil edir. Aydın olurmu? Bizim kimi özümüzü Zevsin yerinə qoyub, özümüzdən başqa hamını və hər şeyi dolamaq, ələ salmaq, gülmək yox.

Ana hədəf özün olacaqsan. Bu yazını oxuya oxuya, öz keçmiş günlərimi yada saldım. Yadıma düşdü ki, hafizəmdə ilişib qalan təbəssüm bəxş edən şeylərin çoxu elə bu janrda olub. Həyatımda iz qoyan müəllimlərim olub, onlar məhz belə edərdilər. Özlərini dolayar (bu hətta qondarma formada olsa da), özlərini ağıllı davranışları ilə yox, sərsəm rolları hekayətlərinə mövzu edərdilər.

Bəli, razıyam bu asan məsələ deyil. Xüsusən, o mühütdə ki, orda ciddi sözlə, zarafat arasında fərqi ayrıd eləməkdə çətinlik çəkir. Mən o adamam ki, bədnam “Kuklalar” verilişində Rəsul Quliyevin adına quraşdırılan sözə (yəni cənab Quliyevin demədiyi, deməsi mümkün belə olmayan, sadəcə xəstə bir təfəkkürün quraşdırıb efirə çıxardığı yumoristik (olmaz olsun belə yumor) süjet) görə Rəsul Quliyevin özünü tənqid eləyən insanlara qulaq müsafiri olmuşam. Belə bir ictimai çevrədə özün haqda zarafat eləmək, bir az təhlükəli görünür. Heç bir qarantiya yoxdur ki, sənin özün haqda elədiyin zarafatı sabah bambılı saytlar, adamlar “sən öl özü deyib ki, filan filan cürdür, sitəyirsən ala videosuna bax” möhürbəndi ilə tragikomediya mövzusu eləməyəcək. Lakin, tərəqqi istəyiriksə, kütlənin dalıyca sürünmək istəmiriksə bu gülüşlərimizə bir korrektə eləmək məcburiyyətindəyik.