Tarixçi, “Bütöv Azərbaycan Ocaqları”nın başında duranladan olan Dilavər Əzimli bu gün Xocalı qırğını ilə bağlı yaxşı bir status yazıb. Statusunda o, ermənilərin Bakıda törətdikləri mart qırğınları (1918) ilə bağlı o çağkı Azərbaycan parlamentinin tezliklə komissiya yaradıb qırğın faktlarını araşdıdığını bildirir. (O materialları oxumuşam, tarix gerçəklərini ortaya çıxarmaq, yaşatmaq baxımından olduqca dəyərli materiallardır). D.Əzimli sonra çox düzgün olaraq Xocalı qırğınına qayıdır, aradan 25 il keçməsinə baxmayaraq, bu qırğının parlament düzəyində araşdırılıb dəyərləndirilmədiyini söyləyir. Bü faktla bağlı hakimiyəti-parlamenti suçlayır. Bütünlüklə doğrudur, ancaq…
Bir gün qabaq tarixçi D. Əzimli bütünlüklə başqa statusla çıxış etmişdi. Əzimli o statusunda dönə-dönə “qüdrətli Azərbaycan ordusundan” dəm vurur, ordumuzun tezliklə Qarabağı qaytaracağından, hökumətimizin, dövlətimizin hansısa aşırı gücündən danışırdı. Özünü “Turançı”, Ukraynadakı “assambleya” yiyəsi olan birisi də hay-küylə onun səsinə səs verirdi. Biri “assambleya” yiyəsi, biri də “ocaq”. Biri ordan rejimə “dəstək” verirdi, biri burdan. Hansı rejimə? Dövləti təpədən dırnağa korrupsiyaya bürümüş-batırmış rejimə! Ən azı, keçən ilin aprel oyununu unutmamalıydılar, unutmuşdular: Xocalı soyqırımını törətmiş Sərkisyanın istəyindən (“Ali baş komandanın” dediyinə görə) Putinin göstərişindən sonra nə olmuşdu? Uğurla başlayan döyüş uğursuzluqla başa çatmışdı! Bu dövlətin başında duran adam Xocalı qarışıq qanlı qırğın törətməklə Qarabağı əlimizdən almış Rusiyanı “strateji müttəfiqimiz” adlandırırsa, bu hakimiyət qaldıqca biz Qarabağ cəbhəsində hansısa strateji uğurumuzun olacağını nə düşünməli, nə gözləməliyik. Bir daha vurğulayıram: strateji uğur! Arada bir yandan xalqın gözünü qorxutmaq, o biri yandan rejimə inam yaratmaq üçün çoxlu qurban verməklə (ötən ilin aprelində olduğu kimi) bir təpə, bir neçə km. yer alına bilər, ancaq strateji uğur olmayacaq – bunu bəlli bilmək gərəkdir. Son 10 ildə 23 milyard dollarlıq yaraq-sursat alınıb; bu kimi faktlarla bağlı arada gərək bir atışma-çatıma da olsun…
Əzimli bugünkü statusuyla dünənkini bütünlüklə alt-üst etmiş olur. Özlərinin çıxarları üçün Xocalı cinayətkarlarını 25 il cəzasız qoyan rejim başçılarının gerçəkdən Qarabağı qaytarmaq istəkləri ola bilərmi?! Qarabağ onlar üçün bir çağlar hakimiyətə gəlmək aracı idisə, 24 ildən bəri hakimiyətdə qalmaq aracıdır!
H.Əliyevin hakimiyətə qayıdışı ilə 20 Yanvar qırğınının başında durmuş Primakovun adı ortadan qaldırıldı, Xocalı qırğınının başında durmuş 366-cı polkun adını çakmək yasaqlandı. Başqa faktlar bir yana, bu iki fakt istənilən tarixçi, aydın üçün ortadakı siyasi konyunktura ilə bağlı böyük bir aydınlıq örnəyi deyilmi? Bəs ölkədə Təhsil, Sağlamlıq sistemlərinin rüşvət içində dağıdılması, korrupsiya, soyub-yağmalama yoluyla xalqa diz çökdürmə faktları necə? Tarixçilərdən, “assambleyaçı”-assambleyasız, “ocaqçı”-ocaqsız kimsələrdən də yox, az-çox düşünmək bacarığı olanlardan soruşuram: təpədən dırnağa KORRUPSİYAYA bulaşmış-batmış dövlətdə QÜDRƏTLİ ORDU ola bilərmi? Bundan savayı, demokratik dəyərlərin tapdandığı, qanunçuluğun ayaqlar altına atıldığı, klançılığın DÖVLƏT SİYASƏTİNƏ dönüşdüyü dövlətdə QÜDRƏTLİ ORDU ola bilərmi?
Bizim yurddaşlarımızın, soydaşlarımızın çoxunda görsənişlərə, faktlara, olaylara sistemli, kompleks yanaşma bacarığı olmadığından görsənişləri, faktları, olayları düzgün dəyərləndirə bilmir, bu üzdən topumu düzün yola yönəltməyi, topluma düzgün yol göstərməyi də bacarmırlar. Belədə ən yaxşısı susmaq olardı. Xanımlar, bəylar, yurddaşlar, soydaşlar, susun, toplumu-xalqı çaşdırmayın!
İstər içdə, istər dışda strateji uğurlar əldə etməyimizin bir başlıca yolu var: demokratikləşmə – demokratik hüquq dövləti qurulması!

Tarixçilərimizin (eləcə də “aydınlarımızın”) Əzimli sindromu
•