Natiq Güləhmədoğlu
Bizim ölkədə bir qrup insan var ki, onlar özlərini uzun müddətdir bir məqsəd üçün şəhid edirlər. Bu, çox çətin məqsəd və hədəfidir, ancaq nə edəsən, bəşəriyyəti qabağa ancaq belə yüksək fədakarlıq nümunəsi göstərənlər aparır. Bu yolda ölüm və taleyin başqa sərt davranışları olsa da…
Bu qrupa aid insanların məqsədi ondan ibarətdir ki, sutkanın bütün saatlarında ayıq və sayıq dayansın, kimsə hardasa rejim əleyinə nəsə yazsa, Azərbaycanda baş verən haqsızlığı qamçılasa, rüşvətxorluğun yava bir əməl olduğunu və ölkəni ağuşuna aldığını desə, müsəlləh əsgər kimi o fikirlərin qabağında peyda olsun və uca səslə, aydın tələffüzlə desin (yaxud yazsın): “Əşi danışmaqla, yazmaqla bu şeylər düzələn deyil”; “Əşşi, deyirsən ee, düz də deyirsən, ancaq bunlar heç hökumətin vecinə də deyil”…
Əcaibdir ki, bu qaramat adamların özlərinin heç bir əməli işi yoxdur. Yəni, hamını danışmağın, yazmağın faydasız olduğuna iqrar edən bu vücudlar özləri elə ən böyük yazı-pozu adamlarıdır. Ancaq yazdıqları tərsədir. Yəni, missiya ayrıdır – ruhdan salma!
Bu adamlar sizin də zəhlənizi tökübsə, qəlbinizə az da olsa şübhə salıbsa, onda məqalənin davamın oxumağa dəvətlisiniz.
Əvvəlcə belə bir faktla tanış olun: son bir ayda 8 cəbhəçini tutublar. Bir o qədər də başqa siyasi təşkilat nümayəndəsi və icitmai fəal həbsə salınıb. Bilmədiklərimiz yəqin, daha çoxdur. Bu tutulan şəxslərin hamısı yazısına, sözünə görə tutulub. Nə kimisə vurublar, nə hardansa oğurluq ediblər. Sadəcə olaraq, facebookda və başqa sosial şəbəkələrdə hakim rejimi tənqid edən statuslar, fikirlər yazıblar, paylaşıblar.
İndi sual yaranır, sözün, yazının təsiri, əhəmiyyəti yoxdursa, bu adamlar niyə həbs olunur? Axı həbs də elə belə hadisə deyil. Ən elementar həbsi həyata keçirmək üçün dövlət aparatının bir xeyli strukturu vaxt, enerji xərcləyir. Polislər, agentlər, üzəduranlar, məhkəmə, saxlanma yeri və s. – bütün bu qurumlar birilərinin “heç nə” kimi qiymətləndirdiyi şeyə görə giriftar olur. Üstəlik, bununla da iş bitmir, bu “heç nə” hakimiyyətə ucuza başa gəlmir. Mötəbər məclislərdə bu həbslərə görə az tənə yemirlər, üstəlik Avropa Məhkəməsi o işlərə görə babat maddi cərimələr yazır. Bəli, bu yerdə o filmdəki “nə nolsun” sualı aktual görünə bilər. Ancaq bu da yenə səthi yanaşmadı.
Azərbaycanda hələ rejim dəyişikliyi baş verə bilmirsə, bu ona qarşı olan vasitələrin, konkret halda yazı-pozunun, siyasi çıxışların lazımsız olduğunu şərtləndirmir. Bu hanısa məhdud ağıl sahiblərinin müzakirə mövzusu ola bilər, ancaq dünya lap çoxdan bunu qəbul edib ki, söz özü də bir əməldir. Əlbəttə sözdən sözə də fərq var. Dərin fəlsəfi ümmanlara baş vurmayacağıq, məgər unutmuşuq ki, “qılınc yarası sağalar, söz yarası sağalmaz”?. Axı bu fikir ki, bir başqasının deyil, özümüzündü. Nə təhər olur biz keçmişə nəzərən danışanda sözün qılıncdan da iti, kəsərli olduğun deyirik, ancaq hədəf hakimiyyət olanda, sözü qiymətsiz sayırıq.
Dünyanın dəyişiklik olan istənilən bölgəsinə, hadisəsinə baxa bilərsiniz. Orda həmişə söz, fikir birinci işi görür, sözlər, fikirlər insanları cilalayır, siyasi-ictimai şüuru yüksəldir, ondan sonra hərəkat başlanır. Bütün bunlarla bəndəniz o cahil cəsarəti göstərib, kiməsə ağıl öyrətmək istəmir ki, dəyişiklik üçün hamı işini-gücünü atıb, ancaq yazı-pozu, oxumaq, danışmaqla məşğul olmalıdır. Xeyr. Demək istədiyim bu:
Bir: Siyasətçi üçün yazı da, söz də bir əməldir. Özü də çox vacib və lazımı.
İki:Avtoritar rejim əleyhinə deyilən hər söz, fikir qiymətlidir, təsirlidir, əhəmiyyətlidir. Hakimiyyət onlardan narahat olmasaydı, bu gün ölkədə heç olmaya bircə azad, tənqidçi mətbuatın olduğun görərdiniz. Görürsünüzmü? Söz azadlığı elə-belə şey deyil. Demokratlar üçün o “oksigen yastığı”, tiranlar üçün onların ülqumundan sıxan güclü əldir.
Üç: praktikamız sübut edir, ölkədə dəyişiklik üçün nəsə bir hərəkət edən, addım atanlar da elə bir başqaları yox, bu gün yazıb-pozan, çıxış edənlərdir.
Nəhayət: “yazı-zad boş şeydir” deyən və eyni zamanda özünü demokrat kimi göstərən çərənçilərin yadına ancaq yazı-pozularına görə şərlənib zindanda ömürlərini keçirən yoldaşlarını xatırladın, bilmək olmaz insanın vicdanı qəribə xüsusiyyətə malikdir, bəlkə onlarda daxili tələtüm yarada bildiniz.