“Sovet dağıldı, burnumuzda izi qaldı”- bunu bir reportajda Bakı sakinindən eşitdim. Qocanın sözlərindən belə çıxır ki, sovet vaxtında vətəndaşlar daha rahat, daha sərfəli xərclərlə yaşayırdılar.
Yaşlı nəslin nümayəndələrindən bu fikirdə olanlar az deyil. Sübuta da ehtiyac yoxdur. Bu yaxınlarda qaz və işığın qalxmasını vətəndaşlar böyük narazılıqla qarşıladı. Bir çox bölgələrdə etiraz aksiyaları keçirildi. Əhali kommunal xərclərin artmağına səssiz qala bilmir, görünür, artıq öz sözünü deməkdən də çəkinmir. Zatən məcbur olur.
“Gürcüstanda 440-a yaxın kilsə, məbəd, məscidlərə allah yolunda pulsuz qaz verməklə, Azərbaycanın nə qədər tolerant ölkə olduğunu cənab prezident bəyan etdi” – bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev öz çıxışında bildirib. Bunlar hamısı “allah yolunda” edilir. Amma bunlar insan yolunda niyə edilmir? Ölkədə bir tikə çörəyini qazanmaq üçün böyrəyini, qaraciyərini satan, oğurluğa əl atan, intihar edən, təəssüf ki, özünü satan insanlar çoxalırsa, yaşlı nəslin Sovet xatirələri oyanmış olur.
Cəmiyyətin təbəqələri arasında uçurum hər gün böyüyür: bu, bir çoxları tərəfindən artıq boğaza dirənən bir uçurumdur. Hər dəfə “analoqsuz inkişaf” deyə-deyə ölkəni çiçəkli göstərən, ən müstəqil, ən demokrat ölkə kimi təsvir və tərənnüm edən televiziya kanalları, düzgün olardı ki, soyuqdan küçənin ortasında donan vətəndaşı, evdə əlil övladları olan işsiz ataları, özünü mərkəzi yerlərdə yandıran qaziləri, daxmada yaşayan şəhid ailələrini göstərərdi.
Bəlkə bu zaman təcrübəli və yaşlı adamlarımızın burnundakı sovet izi aydınca görünmüş olar və bu günün acısı ilə imperiyanı sevdirməyin mahiyyəti açılardı!

Soveti sevdirənlər
•
•