Haqq sözü deyənləri müdafiə edə bilsəydik…

Ölkəmizdə kim islahatlardan, rüşvətxorluqdan, məmur özbaşınalıqlarından, büdcə yeyintilərindən danışırsa, həmin şəxsi dərhal həbs edirlər. Müəmmalı məsələlərdən biri də budur ki, sadaladığımız bu nöqsanlara qarşı hamımız birlikdə mübarizə aparmalı olduğumuz halda, heç kim bu məsələlərə qarışmaq istəmir. Ya xalqa bu cür yaşayış sərf edir, ya da insanlar qorxusundan danışmaq istəmir.

Birinci varianta baxanda görürük ki, heç də elə deyil, yəni camaat bu cür yaşayışdan narazıdır. İkinci variant düşündürücüdür ki, qorxu sindromu bu xalqa hakim kəsilib. Ən optimal variant da elə budur. Çünki bizlərə, xüsusən də Hacı Tale Bağırzadəyə irad tutanlar hamısı deyirdilər ki, “a kişi, belə danışma, səni tutacaqlar”. Hacı Talehin həbsindən sonra yaxınlar, uzaqlar, hamı səs-səsə verib dedilər ki, “belə danışanda bilmirdi, onu tutacaqlar? Əşi, nəyinə lazımdır kim rüşvət alır, kim büdcəni dağıdır, kim dövlətə xəyanət edir?”.

Bəli, düz deyirdiniz. Tutacaqlar dediniz, tutdular da. Bu cür tendensiya ilə barışdığımız üçün belə həbsləri də qəbul edirik və bu işlərin bu cür olmasına zəmin yaradan da elə özümüzük. Əgər biz haqq sözü deyənləri müdafiə edə bilsəydik, heç kim cürət edib bu işləri görə bilməzdi. Biz haqqı deyənləri həmişə qınaq hədəfinə çevirib və danışdığı sözlərinin ziyanla nəticələnəcəyini düşündüyümüz üçün bu repressiyalarla razılaşırıq. Haqqı deyənləri müdafiə ermək üçün gərək birinci haqqı tanıyaq. Çox təəssüflər olsun ki, bizlərə haqqı tanımağa imkan verməyiblər və vermirlər də!

İnsan haqları deyilən bir anlayış var ki, bunun nədən ibarət olduğunu bilmirik. Əgər bunu bilsəydik, həm o haqları, həm də onu tələb edənləri müdafiə edərdik. Bilməmək eyib deyil, bilib danışmamaqsa eyibdir. Bilməyib danışanlara da xatırlatmaq istədiyim budur ki, əgər haqsızlıqlara qarşı danışmaq irad tutulası işdirsə, birinci növbədə ölkə başçısı İlham Əliyevə irad tutulmalıdır! Çünki o da islahatlardan danışanda birinci sözü rüşvətxorluq, məmur özbaşınalığı və büdcə yeyintiləri haqqında olur. Nəzərə alsaq ki, bu sözləri geniş miqyaslı kütləvi informasiya vasitələri deyir, onda bu daha da geniş ictimai qınağa səbəb olası bir işdir.

O məntiqlə irad tutulası və həbs olunası şəxslərdən biri də məsələn, yəhudi əsilli millət vəkili Yevda Abramovdur. O da KİV-dən və Milli Məclisdəki deputat kürsüsündən istifadə edib dedi ki, “Büdcəmizə uzanan haram əllər kəsilsin!”.

İndi gəlin görək Hacı Talehin çıxış etdiyi məhdud dini auditoriya ilə, yuxarıda göstərdiyim şəxslərin geniş kütlənin qarşısındakı çıxışının fərqi nə qədərdir?! Onda gəlin bu suala cavab axtaraq görək kim həbs olunmağa daha da layiqdir?!

MHB-nin İdarə heyətinin üzvi Nahid Qəhrəmanlı
17 fevral 2017