“Onu həbsdə saxlamaq “imam” elan etməkdən də böyük rüsvayçılıqdır”

Cəmil Həsənli: “Faiqi imam elan etmək üçün DİN-də işləmək və dindən uzaq olmaq azdır, həm də gərək son dərəcə abırsız olsan”

Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsi barədə yeni yazı ilə çıxış edib. Cəmil bəy frysbuk səhifəsində paylaşdığı yazıda F.Əmirlini çoxdan tanıdığını xatırladıb və onun Gülənçi ittihamı ilə həbsini həyasızlıq kimi qiymətləndirib. Yazını təqdim edirik:

Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsindən artıq altı aydan çox vaxt keçir.

Faiqi Fətullah Gülən təriqətinin imamı olmaqda şərləyib tutmuşdular. Maşınına da YAP-ın Siyasi Şurasının üzvü tərəfindən redaktə edilmiş, ön söz yazılmış Fətullah Gülənin kitablarını qoymuşdular. Etmədiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Mən Faiqi ötən əsrin 90-cı illərdən tanıyıram. Çox tərbiyəli, bacarıqlı, milli dəyərlərə sayğı göstərən bir gənc idi. Sonrakı dövrdə də öz ideallarına sadiq qaldı. Həmişə dünyəvi dövlətin və dünyəvi dəyərlərin daşıyıcısı olub. İndi birdən birə Faiqin imam elan olunması hər kəsə təəccüblü olmaqdan çox gülməli gəlir. Və hələ bu azmış kimi üstəlik sən demə imam kimi pişnamazlıq edib dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına da qəsd edib. Yaxşı, imamsa bunun əbası, çalması, təsbehi hanı? Harada bu imam kimi dini ayin icra edib və məclisinə gələnlərin də hüquqlarına qəsd edib? Faiqi imam elan etmək üçün DİN-də işləmək və dindən uzaq olmaq azdır, həm də gərək son dərəcə abırsız olsan.

İndi Fətullah Gülənlə, onun hizmət hərəkatı ilə bağlı hər şey gün kimi aydındır. Azərbaycan hakimiyyətinin gerçək gülənçiləri qoyub cəbhəçilərdən gülənçi düzəltmək kimi gülünc işləri də ifşa olundu. Amma bütün bu rüsvayçılıqdan sonra Faiq Əmirlinin hələ də Gülənçi adı altında həbsdə saxlanması onu hizmət imamı elan etməkdən də böyük rüsvayçılıqdır. Deməli, Gülənçilik bəhanə olub, şər olub, böhtan olub. Faiq Əmirlini Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin inzibati işçisi olduğuna görə həbs ediblər. İndiyə qədər cəfəng və ifşa olunmuş ittihamla həbsdə saxlanması da məhz, bununla bağlıdır. Təkcə bu fakt ölkənin hüquq sistemi üçün kiçicik bir meyardır. Tarixin heç bir məqamında Azərbaycanın hüquq sistemi belə rüsvayçı vəziyyətə düşməmişdi.