Düşüncəmizi dəyişmək gərəyi

Xaliq Bahadır 

Qubad İbadoğlu! Dəyərli ekonomik analizləri olur. “Yeni” partiya başında durur. Günü Avropada, ABŞ-da keçir (sonuncuda aylarla qalır). Siyasi düşüncəsi… çox da uzağa getmir!
İ.Əliyev iki nazirlyi birləşdirib. AzTV-lərdə göstərişlə bu faktdan “islahat” şousu düzəldəcəklər. Müxalifətçilərin Feysbukda yazdıqlarına baxıram: tutarlı bir baxış-analiz yoxdur. Ən azı, yeni nazirin bioqrafiyasına baxmaq gərəkdir…O, rejimin başqa başda duran kadrlarından seçilən birisi deyil: nəyə görə o yerə qaldırıldiğı bəllidir; dəyişməzlik axarında dəyişiklik imitasiyası edilir – illərdən bəri çağaşırı imitasiya edilən seçkilər sayağı…
Demokratik dünyanı su yoluna döndərən Q.İbadoğlu da bizim bir sıra başqa müxalifət liderləri kimi antidemokratik rejimə demokratik önəridə bulunur: daha 7 nazırlik “ləğv” edilməli, 12 nazirlik yaradılmalıdır. Soruşuruq: nə olsun? bununla nə dəyişəcək? Ortada çeşidli adlar olsa da, ölkədə faktiki bir nazirlik, kollektiv nazir var – Əliyevlər! Faktiki olaraq bu rejimdə nazirlərin hüquqları rayon icra başçılarının hüquqlarından artıq deyil. Onlar bunlar kimi, bunlar onlar kimi hüquqsuzdurlar. Buna görə Azərbaycan kimi yaranışından varlı bir ölkənin bütün rayonları bu gün dotasiyadadır. Bunu kim də bilməsə ekonomist Q.İbadoğlu gözəl bilir.
Bir sıra müxalifət tanınmışları korrupsioner rejimi nəyə çağırır: “islahatları” dərinləşdirməyə, genişləndirməyə. Soruşan gərək: bir rejim korrupsiya üzərində qurulub korrupsiya üzərində durursa, o rejimin başında duranlar hansısa gerçək reformalara gedərlərmi? Getməzlər! Dönə-dönə yazmışam, bir daha yazıram: İ.Əliyevin gerçəkdən “islahat” aparmaq istəyi olsaydı, demokratik düşüncə yiyələrinə, demokratik mediaya düşmən kəsilməzdi. Ən başlıcası, o, gerçəkdən reformalar aparmaq istəsəydi, televiziyaları demokratikləşdirməklə özünün başlıca arxa-dayağına, yaxın yardımçısına çevirərdi – gerçək reformist olaraq!Demokratik düşüncəli kimsələrin dışlandığı, demokratik medianın qapadıldığı ölkədə korrupsiya at oynadar, repressiya meydan sulayar. Nədən? Oğurluq DÖVLƏT SİYASƏTİNƏ dönüşdüyündən!
Bir çağlar Putinin prezident administrasiyasının başında durmuş V.Surkov yazır: “Sistemi qoruyub saxlamaq, bərkitmək üçün “dövlət quruculuğu” adı ilə “tikinti materialı” olaraq korrupsiya institutlaşdırılıb”. Biz uzun illərdir belə bir gerçəkliklə üzləşmiişik. İndiki yalançı “islahatlar” sistemi qoruyub saxlamaq üçündür. Siyasi sistem dəyişmədikcə, “tikinti materialı” toxunulmaz qalacaq. Bu üzdən də hansısa gerçək, köklü dəyişiklik deyil, imitasiya-yamsılama-yalan olacaq. Belə yerdə müxalifətin başlıca işi dərin, geniş analizlərə baş burmaqla topluma gerçəyi anlatmaq olardı…..
İllərdi Antikorrupsiya adına qurum yaradılıb. Dövlət qurumları başından korrupsiyaya bulaşsa da, bu qurum indiyədək bircə naziri belə tutmayıb. Tuta bilməz – oradək yetkisi olmadığı üçün! 2005-ci ildə iki nazir tutuldu. Hər ikisi də korrupsiya suçlaması ilə deyil, siyasi suçlama (“dövlət çevrilişinə cəhd”) ilə tutuldu. İndi məhkəməsi gedən “MTN”, “Rabitə” işlərinin də kökündə siyasi suçlama motivləri dayanır. İstər MTN, İstərsə də Rabitə işi ilə bağlı qabaqca soruşdurma, sonra məhkəmə dindirmələırindən ortaya istənilən dövləti yıxa biləcək faktlar çıxır – korrupsiya faktları, bir-birindən ağır kriminal faktlar. Hansı nazirlikdə gərəkən yoxlama aparılsa ortaya oxşar faktlar çıxacaq. Nədən? Siyasi sistemin – rejimin özünün korrupsioner-kriminal xarakter daşıması gerçəyindən!
Məhkəmə-hüquq sisteminin bütünlüklə korrupsiyalaşdığı, parlamentin bütünlüklə etkisiz duruma gətirildiyi, dövləti yönətim yetkilərinin bütünlüklə bir adamın (bir ailənin!) əlində toplandığı ölkədə bir nazirlik də, yüz bir nazirlik də, çoxsaylı nazir-kadr kombinasiyaları da olsa,hamısı birdir – dəyişikliklər yalnız nominal-kosmetik xarakter daşıya bilər…