Atın bizi dənizlərə…

O`Kamil

İki Azərbaycan var. Yox, Cənubi və Şimalini demirəm. Köhnə və yenini də demirəm. Başqa iki Azərbaycan var. Elə bu tanıdığımız Azərbaycanda. Bir-birinin qonşuluğunda, bəlkə də, iç-içə yaşayır. Amma fərqli-fərqli ölçü sistemində, fərqli şərtlərlə. Birində Şekspirin məşhur sonetində deyildiyi kimi, “Haqqın qollarına vurulub zəncir”, yenə də orada deyildiyi kimi, “Rəzalət yetişir bəxtiyarlığa” və yenə də orada deyildiyi kimi, “Nuru pəncəsində boğur qaranlıq”. Orada deyilmədiyi kimi, bu iki Azərbaycan həm də Şimal və Cənub yarımkürələri kimidi: birində bahar olanda o birində qış olur. Birinin işığı yananda o birinin işığı sönür. Biri güclənəndə o biri zəifləyir.

Birində zor var, zorbalıq var, utilitar hədəflərə yönəlmiş siyasi diribaşlıq var, dələduzluq var. Qaniçənlik var – zəli kimi insanların damarından qanını sorurlar. Konturlarını müəyyən eləmək hər kəsin fantaziyasına müyəssər olmayan hərislik var, yekəxanalıq var. Türklük yoxdu, türkün qılıncından iti tamah var… Müsəlmanlıq yoxdu, müsəlman qiyafətində lotuluq var. Hiddət var, insana nifrət var, buqələmunluq var, səlahiyyət sahiblərinin corabını öpmək alçaqlığı var, səlahiyyət sahibi olub, corabını öpdürmək təşnəliyi və alçaqlığı var…

Burda hər şey pulla ölçülür. Pula gedəcək nə varsa, hamısı satışa çıxarılıb.

Bu, bir Azərbaycandır. Bu Azərbaycan ona “vətən” deyə xitab etməyə ən çox haqqı çatanlara zindan kəsilib. Mədəsi və cibindən başqa qibləsi olmayanların Azərbaycanıdı bu. Milyonların işığını söndürüb özünün, ailəsinin, tayfasının işığını yandıranların Azərbaycanıdı bu.

O biri Azərbaycan Vətən sevgisi başına bəla olanların Azərbaycanıdır. Bu sevgini xalq öz içində yaşadır. Ən ağır şərtlər daxilində belə, sevdiyi, varlığının tərkib hissəsi sandığı dəyərləri doğma balası kimi əzizləyib, qoruyub, doğma balası vasitəsilə gələcəyə ötürəcək. Bir vaxtlar orta məktəb dərsliklərində “Buz heykəl” adlı bir hekayə vardı. Ana öz körpəsini bağrına basıb çovğunlardan keçirir. Özü ölür, amma bədəninin hərarəti ilə çağanı yaşadır. Xalq qoruduğu bu dünyanı od-alovdan sağ-salamat keçirəcək.

Tənqidçi filosof Asif Əfəndiyev “İnam”ında bir vaxtlar belə yazırdı: “Dünya yaxşılarındı. Qanadlıların, fədakarların, munislərin, ideala, ülviyyətə tapınanların. Dünyanı özündə, özünü dünyada tapanların. Həyatda gözəl nə varsa, onlar üçündü, onlarındı. Göy səma da, bahar da, məhəbbət də, mehr də, uca dağlar, zirvələr də. Çaylar, dənizlər də. Pislərin, xəbislərin dünyası yoxdu, dünya yaxşılarındı”.

…İKİ AZƏRBAYCAN VAR: BİRİNİ İÇİMİZDƏ YAŞADIRIQ, BİRİNİN İÇİNDƏ ÖLÜRÜK.
…Azərbaycan həmvətənlərinin ürək çırpıntısını duyanlarındı.
…Azərbaycan xalqı bu maneəni də adlayacaq. Bu xalq bunlardan əvvəl də vardı, bunlardan sonra da olacaq. Bir zaman başı olanı baş əydirən, dizi olana diz çökdürən türk ölməyəcək. O, özü də yaxşı anlayır ki, koramal kimi torpaqlarda sürünmək üçün yaranmayıb.