rafiq aliyev-akademik-yeni

Həyatda, elmdə və mənəviyyatda şəxsiyyət obrazı

rafiq aliyev-akademik-yeniFevralın 10-da Azərbaycanın görkəmli alimlərindən biri, akademik Rafiq Əliyevin 75 yaşı tamam olur. Bu yubiley münasibətilə professor, Milli Şuranın sədri Cəmil Həsənlinin qələmə aldığı yazını təqdim edirik:

Hər bir millətin səviyyəsini müəyyən edən amillərdən biri onun elmi potensialıdır. Texnalogiyalar zəmanəsində, innovasiyalar əsrində bu daha çox qabarıq görəsən bir amilə çevrilib. Elmimiz zəmanə ilə ayaqlaşa bilməsə də, xoşbəxtlikdən  bu meyarlar baxımından dünya elmi ilə bağlantımızı saxlayan bir alimimiz var. Həmin alim, həmin müəllim, həmin intellekt fevral ayının 10-da 75 yaşı tamam olan professor, Azərbaycan Milli Elmlər Akademiyasının müzbir üzvü Rafiq Əliyevdir. Zəmanə ilə ayaqlaşmaq baxımından o, bu məmləkətin üz ağlığı, güvənc yeri, elm brendidir. Zərdabi hələ ilk qəzetçilik fəaliyyətinə başlayanda haray salırdı ki, elm təlim etməsək, uşaqlarımızı oxutmasaq zamanın gərdişindən geri qalacaq, zəngin bir məmləkətə sahiblik haqqını itirib getdikcə inkişaf edən qonşularımıza kirəkeşlik edəcəyik. O yazırdı ki, elmsiz  “bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və bir az vəqtdən sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik.” Böyük bir mütəfəkkir olaraq Zərdabi hər kəsdən daha öncə anlamışdı ki, milli inkişafa gedən yol elmdən, məktəbdən keçməlidir.  Bu 75 il ərzində Rafiq Əliyevin keçdiyi həyat yolu, yalnız həyatın deyil, elmin, ictimai düşüncənin  zirvəsinə doğru yorulmaz yolçuluğu Zərdabinin öz zəmanəsinin 75-ci ilində dediyi yuxarıdakı sətirlərin canlı bir nümunəsi, maraqlı bir örnəyidir.

ziyalilarforumu-29iyun

Rafiq müəllimin həyat yoluna baxanda orta məktəbi qızıl medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirməsinin şahidi olursan.  25 yaşında texnika üzrə elmlər namizədi, 33 yaşında isə elmlər doktoru  olan Rafiq müəllim 34 yaşından professordur. Ötən illər ərzində o, 130-dan çox elmlər namizədi, 30 nəfərə yaxın elmlər doktoru hazırlayıb.  Doğrusu böyük nailiyyətdir, bir ömürdə bu qədər möhtəşəm elmi potensial yaratmaq, onlara istiqamət vermək, istedadlı insanların əlindən tutmaq, intellektli gənclərə yol göstərmək hər alimə nəsib olan müəllim xoşbəxtçiliyi deyil. Bunu ancaq elmin və müəllimliyin vəhdətində dayanan, millətin taleyində inkişafın istinad nöqtəsini düzgün müəyyən edən, içində azadlıq ruhu olan  bir ziyalı, bir alim edə bilərdi. Necə ki, Rafiq müəllim edib.  Əslində, böyük elm tək böyük potensialın, yüksək intellektin, tükənməz zəhmətin məhsulu deyil. İçində azadlıq ruhu olmayan alim böyük elmi kəşflərə imza ata bilməz. Əsərləri Azərbaycan, Rusiya, Türkiyə  ilə yanaşı, New Jersey, London, Singapure, Hong Kong, Berlin, Koln və dünyanın bir sıra digər böyük elm mərkəzlərində nəşr olundu. Bir neçə il əvvəl Almaniyanın məşhur “Şprinqer” nəşriyyatı onun “Qeyri-səlis məntiqə əsaslanan ümumiləşdirilmiş qərar qəbuletmə nəzəriyyəsinin əsasları” adlı kitabını çap etdi.  Təxminən iki il əvvəl Birləşmiş Ştatlarda Rafiq müəllimin nəşr olunmuş kitabı insan beyninin qeyri səlis neyron şəbəkələri haqqında dünya elmi üçün yeni istiqamətin əsasını qoydu. Əsərlərinin yayılma coğrafiyasından görünür ki, apardığı tədqiqat işləri dünyanın həmişə diqqət mərkəzində olub.  Keçmiş SSRİ-nin Dövlət Mükafatından tutmuş ABŞ-ın ən yüksək elmi mükafatı sayılan “Dünya elmində ömürlük nailiyyətə görə” mükafatlarını qazandı Rafiq Əliyev. Amma nə bu mükafatları qazananda öz təmkinini pozdu, nə də vaxtı ilə seçildiyi akademik yeri qeyri-qanuni olaraq əlindən alınanda, hətta ictimai mövqeyinə görə 2011-ci ildə uzun müddət rəhbərlik etdiyi kafedranın müdiri vəzifəsindən uzaqlaşdırılanda belə qüruruna xal düşmədi. Yaxşı xatırlayıram 2011-ci ildə hakimiyyətin göstərişi ilə Ziyalılar Forumuna qarşı geniş kampaniya başlamışdı. Təkcə Bakı Dövlət Universitetindən 245 nəfər elm “fədaisi”, təhsil “əzabkeşi” Ziyalılar Forumuna qarşı müraciətə imza atmışdı. Forumun altı həmtəsisçisi olsa da, həmin kampaniyanın ünvanlı hədəfi məhz Rafiq Əliyev idi. Digər universitetlər də bu kampaniyada fəal iştirak edirdilər. Hətta, Akademiyanın bir qrup həqiqi və müxbir üzvləri hesabdarlığa qurşanıb guya Rafiq Əliyevin elmi işlərinə dünyada elə də çox istinadlar olmadığın “sübuta” yetirmək istəyirdilər. Fəqət unudurdular ki, Rafiq Əliyev bir alim kimi özü, artıq tarixin həmin məqamında dünya elminin Azərbaycanda istinad nöqtəsinə, Azərbaycan elminin dünyada etiraf məqamına çevrilmişdi.

Dünyanın Qəribə işləri var. “Samizdat” nəşrlərlə akademik  seçilən bir məmləkətdə Rafiq Əlyev kimi dünya nəşrləri ilə tanınan və təmsil etdiyi ölkəni beynəlxalq elm indeksinə daxil edən bir alim Azərbaycanda Akademiya adına fəaliyyət göstərən bir qurumun həqiqi üzvü deyil. Hələ bu azmış kimi, həmin “Samizdat”ların zaman-zaman ölkənin elm kimliyini müəyyən edən bir şəxsə  yuxarıda qeyd olunduğu kimi necə daş atdıqlarının da şahidi olmuşuq. Bu məqamdə yeni böyük Zərdabini zikr etmədən keçinmək olmur.  o, yazırdı: “Ey millət təəssübü çəkən qardaşlar, aləmi-məhşərdə “Vaümməta!” – deyən peyğəmbər olacaq. Amma indi biz elə biəhəmiyyət olmuşuq ki, xaricilər “Vamilləta” – deyib öz işlərini möhkəm edən vaxtda biz “Vanəfsə” deyib milləti işlərimizə rövnəq vermirik, hətta zəhmət çəkib elm təhsil edənlərimizi incidib qovmaq ilə millətimizi kor edirik… Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Doğrudur, qeyri-millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız.”

Rafiq müəllim dəqiq elmlərin təmsilçisidir. Əslində dünyanın, elmi daha da dəqiqləşdirən bir nəslinin parlaq nümayəndəsidir. Ona görə onun elmi düşüncələrinin hüdudlarını, qeyri-səlis məntiq sahəsindəki elmi yeniliklərin müəyyənləşdirmək və qiymətləndirmək mənim üçün çətindir. Doğrusu, mənim riyazi -məntiqin nə səlis, nə də qeyri-səlis sillogizmi ilə aşınalığım yoxdur. Amma onu deyə bilər ki, Rafiq Əliyev özünün səlis düşüncələrin qeyri-səlis məntiqin bir qədər mücərrəd qəlibinə sığışdıran və qeyri-səlis məntiqin elmi imkanlarını səlis şəkildə ictimai münasibətlərə, insanlıq münasibətlərinə tətbiq edə bilən çox az alimlərdəndir.

Rafiq Əliyevin 75 yaşının tamamında istər istəməz onun Ziyalı Forumunda fəaliyyəti yada düşür. Şübhəsiz ki, Forum böyük ziyalımız Rüstəm İbrahimbəyovun ətrafında yaranmışdı və həmin ortamda Rafiq müəllimin də öz yeri, öz missiyası var idi. Forum təsisçilərinin sayı çox olmasa da, onların mənəvi çəkisi və ictimai rəyə təsir imkanları böyük idi. Təsisçilərin hər biri öz sahəsində böyük uğurlara imza atmış ziyalılar idi. Rafiq Əliyev isə bunun aydın bir örnəyi idi. Yazıçı, sənətkar, alim nüfuzu ziyalı mövqeyi ilə cilalananda böyük mənəvi gücə çevrilir. Ziyalı Forumu bunun yaxın tariximizin yaddaşına həkk olunan maraqlı bir nümunəsi idi və proseslərin həmin məqamında Forum içində yaşadığımız tarixin yaradıcısı rolunda çıxış edirdi. Doğrudan da Rüstəm bəyin evində Azərbaycan ziyalılarının yaddaqalan bir mühiti formalaşmışdı və həmin mühiti yaradanlardan biri də məhz, Rafiq Əliyev idi.  Forum müzakirələrində o, Azərbaycan elmi, təhsili, iqtisadiyyatı, sosial həyatı və mənəvi mühiti ilə bağlı bir sıra təməl istiqamətlərin maraqlı mənzərəsini, milli tale baxımından bizi gözləyən təhlükələrin ağrılı meyllərini təqdim etmişdi. Mən deyərdim ki, hələ neft gəlirlərinin ən pik vaxtında Rafiq müəllim son iki ildə ölkəni bürüyən sosial-iqtisadi böhranın anonsunu vermiş, onun konturlarını göstərmişdi. Lakin təəssüflər olsun ki, həmin vaxt bunu ciddiyə alan olmadı.

Rafiq müəllim uzun müddət rəhbər vəzifələrdə çalışıb. Keçmiş Mərkəzi Komitədə şöbə müdiri, institut rektoru olub. Amma getdikcə natəmizləşən dünyada öz təmizliyini qoruyub saxlaya bilib. Çünki onun üçün “təmiz adam” anlayışı maddiyatla deyil, mənəviyyatla  bağlı olub. Yüksək intellekt sahibi olmaqla yanaşı Rafiq müəllim həm də incə bir ruh adamıdır, gözəl  musiqini  duyumu var, poeziyanı yaxşı bilir. Poetik təqlidi Ramiz Rövşənə olsa da, bütövlükdə Azərbaycan poeziyasını ruhuna hopdura bilib. Məhz bu keyfiyyəti onu dəqiq elmlərlə məşğul olan həmkarlarının çoxundan fərqləndirir. Bir də alim üçün hər şeydən daha çox vacib olan mənəvi keyfiyyət ŞƏXSİYYƏT məsələsidir. Əslində, şəxsiyyəti olmayan alim elmi də simasızladırır. Natamam şəxsiyyətlə tam bir düşüncə sisteminə çevrilən elmi yeniliklərə, mükəmməl nəzəriyyələrə imza atmaq sadəcə olaraq mümkün deyil. Bu baxımdan Rafiq Əliyev sözün tam mənasında şəxsiyyətdir: həyatda şəxsiyyətdir, elmdə şəxsiyyətdir, mənəviyyatda şəxsiyyətdir. Onun 75 illik ömrünün ən böyük anlamı da elə bundan ibarətdir.

Cəmil Həsənli
Şanxay
09.02.2017