Akif Çovdarovdan şok iddia: “Müstəntiq məndən 100 min manat istədi”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası fevralın 1-də davam edib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses Sabunçu rayon Məhkəməsində keçirilir.

Budəfəki iclasda Kürdəmirdəki torpaq sahəsiylə bağlı epizod üzrə dindirmələr olub. Əvvəlcə zərərçəkmiş Şehman İmanov dindirilib. Kürdəmir Rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı olan bu adam istintaqa ifadəsini təsdiqlədiyini söyləyib.

“Mənə dedi ki, səni bir anda məhv edərəm”

O, ifadəsində bildirib ki, Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb. Bu zaman onun kafesi Çovdarovun işinə mane olub və general əvvəl 20 min manat təklif etməklə onun əmlakını almaq istəyib. Şehman İmanov generalın təklifi ilə razılaşmadığını deyib. Nəticədə kafesi təhdid və silah vasitəsilə əlindən alınıb:

“Çovdarovun təklifi ilə razılaşmayanda mənə dedi ki, “səni bir anın içində məhv edərəm. Heç bir dövlət orqanı mənim göstərişimdən kənara çıxa bilməz, ağlını başına yığ! İstəsəm, qardaşını da bir anın içində ilişdirib içəri basaram”. Bu olaydan sonra Çovdarov kafenin ətrafındakı 100 hektara yaxın ərazini hasarlatdırıb, onun adamları kafeyə gedən işıq xətlərini kəsib, dirəkləri söküb aparıb. Belə bir vəziyyətdə kafenin fəaliyyətini dayandırmağa məcbur qalıblar.

Şehman İmanovun sözlərinə görə, Çovdarovun əlindən qurtulmaq üçün kafeni qohumu Sədiyar Tağıyevə satıb. Amma general onu da hədələyib və nəticədə Sədiyar Tağıyev ölkədən getməli olub. O da zərərçəkmiş kimi tanınıb.

Çovdarov üçün sərəncamlara imza atmış icra başçısı

Bu məsələyə görə Kürdəmirin icra başçısı olmuş Fəxrəddin Məlikov da şahid kimi dindirilib. MTN generalının vəkilləri deyib ki, icra başçısı Çovdarovun Kürdəmirdə yüz hektarlarla torpağı 99 illik icarə adıyla necə ələ keçirdiyini izah edə bilməyib.

Sabiq icra başçısı istintaqa ifadəsində də baş verənlərdən xəbərsiz olduğunu deyib. 2004-2012-ci illərdə icra başçısı olduğunu söyləyən Fəxrəddin Məlikov bildirib ki, “RAF-2006” MMC-yə torpaq ayrılmasından məlumatı olsa da, məsələnin detallarını xatırlamır.

Fəxrəddin Məlikova onun imzası olan, torpaq sahələrinin ayrılmasına dair sərəncamlar təqdim ediləndən sonra şirkətin rəhbərinin kimliyini bilmədiyini deyib.

“Belə iş olmaz, axı…”

“Cinayət işinin materiallarında Şehman İmanovun torpaq sahəsini və kafesini Sədiyar Tağıyevə satmasını təsdiqləyən alğı-satqı müqaviləsi var. Belə bir müqavilə olan halda, Şehman İmanov necə zərərçəkmiş ola bilər? Axı o, kafeni satıb və buna görə də 55 min manat pul alıb. Bu haqda Şehmana sual verdik, cavab verə bilmədi. Bu epizodda onun zərərçəkmiş kimi tanınması başadüşülən deyil. Eyni vaxtda onu da, Sədiyar Tağıyevi də zərərçəkmiş kimi tanıyıblar. Tağıyevin istintaqa ifadəsi də yoxdur. Yəni, zərərçəkmişin adı var, amma şikayəti, məktubu, müraciəti yoxdur. Sadəcə, bir arayış var ki, guya müstəntiq Moskvada olan Sədiyara zəng edib, o da deyilənləri təsdiqləyib. Belə iş olmaz, axı…”, – Çovdarovun vəkili Sadiq Rəsulov Azadlıq Radiosu-na açıqlamasında belə deyib.

Kürdəmir epizodu üzrə dindirmələrdən sonra Akif Çovdarov da çıxış edib. Bildirib ki, MTN işi üzrə istintaqı aparan müstəntiqlərdən biri – Emin Qəhrəmanov bu epizodu işdən çıxarmaq üçün ondan 100 min manat rüşvət istəyib: “Saxta zərərçəkənlər, saxta şahidlər. Hətta bu işi aparan müstəntiq də həmin epizodu saxta dəlillərlə hazırlayıb. Hətta məndən və oğlumdan bu epizodu çıxartmaq üçün 100 min manat pul istədi. Vermədim”.

Məhkəmə fevralın 5-də davam edəcək.