“Uzaqgörən” hökumət Azərbaycanı hansı uzaqlığa aparır?
Artıq xeyli müddətdir ki, Azərbaycanın adı bütün pis siyahıların ön cərgələrini “bəzəyir”. Nüfuzlu nəşrlər Azərbaycandakı korrupsiyadan, tanınmış hüquq müdafiə təşkilatları Azərbaycandakı repressiyalardan xəbər verir. Bütün hesabatlarda ölkəmizin adı qırmızı xəttlə keçir. Uzun illər Azərbaycan hakimiyyəti belə hesabatları erməni lobbisinin qarayaxması, Azərbaycana qarşı qərəz və iklistandartlar kimi təqdim edib. Amma elə bir mərhələyə qədəm qoymuşuq ki, belə çürük arqumentlər işə yaramır. Çünki, beynəlxalq araşdırmalar təkcə Azərbaycanı deyil, bütün ölkələri əhatə edir. Yəni, “Azərbaycanı qaralayıblar” şüvənliyi öz qüvvəsini itirir.
Bugünlərdə “The Economist İntelligence Unit” beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksini açıqladı. Məlum oldu ki, Azərbaycan demokratiyanın səviyyəsinə görə 165 ölkə arasında 148-ci yerdədir. Hətta Zimbabve, Qambiya, Cibuti kimi Afrika ölkələri də Azərbaycandan yaxşı vəziyyətdədir. Yeri gəlmişkən Birləşmiş Ştatlar «tam demokratik» ölkələr sırasından çıxıb, «qüsurlu demokratik ölkələr»in siyahısına düşüb. Sənədin müəllifləri bunu ABŞ-da hökumətə və seçki rəsmilərinə etimadın azalmasıyla bağlayırlar.
Göründüyü kimi Azərbaycan Afrika ölkələrindən də, kasıb qonşularımzdan da geridə qalıb. Təkcə iqtisadi baxımdan deyil, demokratiya və insan haqları baxımından da Azərbaycan qonşuların arxasında gizlənib.
Bəli, əsrin əvvəlində dünyanın 22 demokratik dövlətindən biri olan Azərbaycan, bu gün qeyri-azad ölkələrin, diktaturaların sırasındadır. Tərbiyəsiz uşağa görə valideynlərinə şikayət gəldiyi kimi, mövcud hakimiyyətə görə də Azərbaycan rüsvayçı ölkələrin siyahısına düşüb. Hər addım başı “qara kağız” alırıq. Korrupsiyada, repressiyada, saxtakarlıqda öndə, təhsildə, səhiyyədə, iqtisadiyyatda sondayıq.
23 illik “analoqsuz siyasət” Azərbaycanın adını pis adların arasına yazdırdı. Hökumət əlindən gələn ietdi ki, “odlar yurdu” oğrular yurdu kimi tanınsın. Düşmənin Azərbaycana vura bilmədiyi zərbəni hökumətin yarıtmaz siyasəti vurdu.
Dünyanın hansı küncündə çirkli əməkdaşlıqlar, qeyri-leqal işlər varsa, Azərbaycan hökumətinin adı ordadır. Avropa Şurasından tutmuş, Avstriya məhkəməsinə qədər hər yerdən rejim təmsilçilərinin pis əməlləri boylanır.
Hökumətin bütün fəaliyyəti Azərbycanı keçmişə aparmağa, müasirlikdən uzaqlaşdırmağa, dünyadan təcrid etməyə hesablanıb. Bir qrup adamın aşırı varlanması naminə bir ölkənin imicinin üstündən xətt çəkildi, bir xalqın taleyi qaraldıldı.
Hakimiyyət “uzaqgörən siyasət” deyəndə ölkəni gələcəyə yox, uzaq keçmişə aparmağı nəzərdə tuturmuş. YAP hakimiyyəti sayəsində imzalar içində bizim də imzamız var. Amma ağ dəftərlərdə yox, qara kağızlarda.
Əlbəttə ki, dövlətə obyekt kimi yanaşanda, hakimiyyəti pul qazanmaq üçün fürsət kimi dəyərləndirəndə nəticə belə də olmalıydı. Bizim böhranımız təkcə sosial-iqtisadi vəziyyətlə bağlı deyil. Anti-milli rejim ölkənin adını da, mənəvi dəyərləri də böhran zonasına saldı.
Bəli, mövcud hakimiyyətin “xidmət”ləri göz qabağındadır. Ön cərgədə addımlamalı olan ölkəni, son cərgədə sürünməyə məhkum etdilər.
Akif