Sekulyarlıq üçün narahat olan dostlar

tural-agayevGənc hüquqşünas Tural Ağayev

Azərbaycanda dindarların tələb etdiyi haqlar (hansı ki bunu siz dindarların siyasətə gətirilməsi kimi təqdim edirsiz) Avropa dövlətləri, qərb demokratiyası tərəfindən çoxdan təmin edilir. Hal-hazırda bizdə dindarların tələb etdiyi haqları yerinə yetirmək sekulyarlığa heç bir zərər gətirmir, əksinə, onların radikallaşmasının qarşısını alır. Əksi olsaydı, bu boyda təcrübədən çıxmış qərb o hüquqları heç onlara verməzdi.

Dindarların tələb etdiyi hüquqlar bəlli bir xəttə qədər təhlükəsizdir, sekulyarlığa risk yaratmır, əksinə radikallaşmanın qarşısını alır. Əgər o xətt aşılarsa, bir neçə preventiv mexanizm işə keçir: güclü daxili etiraz, əgər hökümət həqiqətən də, sekulyar dövlətin qorunmasında maraqlıdırsa və demokratikdirsə, onun atdığı addımlar, parlament parlamentdirsə, onun qəbul edəcəyi qanunlar, məhkəmələr müstəqildirsə, onların verəcəyi qərarlar, beynəlxalq təşkilatların atacağı addımlar, regionda sekulyarlığın qorunmasına özünün təhlükəsizliyi kimi baxan demoktatik dövlətlərin atacağı addımlar (hətta Rusiya da regionda sekulyarlığın qorunmasına təhlükəsizlik məsələsi kimi baxır). Ən əsası Avropa Məhkəməsi hərəkətə keçir ( “Refah partisi Türkiyəyə qarşı” Avropa Məhkəməsinin qərarını oxuyun. )

Türkiyəni misal göstərə bilərsiz. Hətta, höküməti dindar, əhalinin 50 faizdən artığı aktiv dindar olan ölkə belə o qırmızı xətti keçə bilmir. Amma bizdə ölkənin  “radikal” dindarı deyirsə ki, “dövləti ateist idarə etsin, təki ədalətli olsun” onu həbsə atmaq yox, onunla işləmək lazım idi, əks halda radikallaşma qaçılmazdır. Həmişə sekulyar qalmaq istəyirik,  sekulyarlıq  öncəliyimiz olmalıdır. Amma çalışın, onu da alətə çevirməyin.