3 aylıq cəbhəçiyə qarşı səngərdən məktub

fuad-ahmadli1Fuad Əhmədli

Salam Ramal, keçmiş bayramın və 3 ayın mübarək olsun. Bundan əvvəlki məktubumu sənin 3 günlüyündə yazmışdım. Həbsxanada ciddi nəzarət altında saxlandığıma və ailəylə görüşümə qadağa qoyulduğuna görə o zamanlar adını bilmirdim. Bir həftə sonra öyrəndim və araşdıranda məlum oldu ki, Ramal qədim Kazak döyüşçülərinə deyilirmiş. “Qorxusuz döyüşçü” anlamını verir. Açığı biraz da paxıllıq etdim. Çünki, 27 ildir min bir bəlasına düşdüyüm bir bədən üzvünün adını daşımaq ( Fuad sözünün mənası “ürək” deməkdir) bəzən taleyin cığal məzəmməti kimi görünür. 27 demişkən, bu məktubu  yanvarın 9-da, doğum günümdə, xalan oğlu Yusifin də doğum gününü qeyd edərək yazmağı planlaşdırırdım . Lakin nəzarətçi əmilərin naməlum səbəbdən qəzəbinə tuş gəldim və 8 yanvarda 5 sutka “kars”a salındım. İndi hər şey qaydasındadır. Hər gün bir neçə saat idmanla məşğul olur və əqidadaşlarımızın göndərdiyi kitabları mütaliə edirəm. Sənin, Mahirin, Yusifin və minlərlə həmyaşıdlarının yaşadığı ölkəni  azad bir məmləkətə çevriməyə hazırlaşıram.

Faiq əminin, Fuad əminin və qiyas dayının da sənə salamları var.  Tam səmimi deyirəm, sənən həmişə hər şeyin ən yaxşısını arzulamışam və buna görə də bu insanlar kimi dost da arzulayıram. Təsəvvü et ki, azadlıqda olanda Fuad Qəhərmanlı ilə heç vaxt yola getmirdik. Hansısa mövzu ətrafında bəzən sübhə qədər yazışar, sonda isə heç nəyə nail olmadan, ya İlham Hüseynə, ya da Ayaz əmiyə üz tutardıq. Doğurdan da nə vaxtsa həbsxanada çörək yoldaşı olacağımızı təsəvvür etmirdik. Hələ sənə Faiq əmi haqqında bir əhvalat danışım, gül.  Deməli, dekabrın 5-də məhkəmə öncəsi Faiq əmiylə görüşdük və  söhbət zamanı siqareti tərgidib tərgitmədiyini soruşdum. Mədə ağrılarına görə öncələr də siqaret çəkməməsiylə bağlı xəbərdarlıq etmişdim. Bəy, könülsüz halda tərgitdiyini təsdiqləyib, mövzunu dəyişdi. Yarım saat sonra axtarış zamanı bəydən 3 qutu siqaret tapıldı. Ürəyimdə dedim ki,  bəy, səndən intiqam almaq boynumun borcu olsun. Xülasə, çatdıq məhkəmə binasına və maşından bəydən öncə düşərək kameraya keçdim. Dustaq yoldaşlarla danışdım ki, hər kəs öz siqaret qutusunu gizlətsin və siqaret lazım olanda Faiqdən istəsin. Beləliklə, 1 saat ərzində Faiq bəyin 3 qutu siqaretini müsadirə etdik.

Bəy zala qalxanda hər kəsdən siqaretləri alıb, yenidən qutulara doldurdum. Həmin gün axşamaqədər bəyin siqaretsizlikdən dəyişən rəngini görməyə iki göz lazım idi. Axşam qayıdanda həmin 3 qutu siqareti özüm bəyə qaytardım.  Bəy, gah əsəbi, gah da gülərək “YAP-çılardan fərqiniz odur ki, onlar min bir hoqqayla aldıqlarını qaytarmırlar, siz isə qaytardınız” söylədi.  Bu da belə dayı qurban.

Bilirsən bu yazıları niyə böyük adamların anlayacağı tərzdə yazıram?  Əminəm ki, nə vaxtsa sən və yaşıdların  yaxın keçmişin repressiya illərinə aid yazılar axtaranda, məhz bu yazıları tapıb günümüzün reallıqlarını anlayacaqsız. Arzu edirəm ki, repressiyanın, irticanın nə olduğunu ancaq tarix kitablarından, qəzet məqalələrindən oxuyasız.

Yeri gəlmişkən, 27 yaşımın tamam olmasına görə biraz da kədərlənirəm. Bir nəfər əqidə yoldaşım kimi ən gənc dövlət katibi olmağa bir yaş gecikdim. Xətamı sığortalamaq üçün gərək partiya sədrinin müavinliynə hazırlaşam. Elə bu cümləmə görə də yazını dustaq yoldaşlara, Fuad əmin yatandan sonra oxuyacam.

Bizi tanıyan, barəmizdə yazılar yazan, dəstəyini əsirgəməyən, yazılarımızı oxuyan, kitab göndərən, ərzaq göndərən, ailələrimizi tək qoymayan, günahsızlığımıza inanan bütün soydaşlarımıza minnətdarlığmızı çatdırmaq üçün “davernus”u sənə verirəm. Hər bir sektor üzvü, hər bir düşərgə adamı,  hər bir əqidə yoldaşım üçün  ayrı-ayırlıqda darıxdığımı bildirməyini istəyirəm. Bir nəfər üçün isə ayrıca darıxmışam. Onu da daha yazmıram. Məktub zəfər babayla, Mahir babanın əlinə keçər ayıb olar. Partiyadaşlarımıza isə ayrıca tapşır ki, bu şərlənmək xasiyyətlərindən əl çəksinlər. Belə getsə növbəti qurultayı Kürdəxanıda keçirəcəyik. İşıqlı və azad Azərbaycanda görüşmək ümidiylə…

Girovluqdakı dayın Fuad Əhmədli 1 saylı Bakı İstintaq Təcridxanasından

  1. 01.2017