Şanxay Universitetinin
dəvət olunmuş professoru
Cəmil Həsənliyə
Dünya tarixi hadisələrdə iştirak etmiş, onları öz əsərlərində əks etdirmiş yazıçılar tanıyır. Elmin bir çox sahələrinin xadimlərinin də, həmçinin öz təcrübi kəşflərini nəzəri əsərlərlə müşayiət etmək imkanı olur. Eyni zamanda məşhur musiqi ifaçısı və bəstəkar olmaq olar. Bu siyahını davam etdirə bilərik, amma insan fəaliyyətinin bir sahəsi var ki, orada əmək bölgüsü çox dəqiqdir. Bu, tarixdir: bəzi insanlar onu yaradır, digərləri isə öyrənir. Real tarixi hadisələr yaratmaq və bunu peşəkar elmlə birləşdirmək iqtidarında olan çox nadir insanlar var. Hazırda yaşayan insanlar arasında şəxsən mən yalnız birini tanıyıram – həmvətənimiz Cəmil Həsənli.
Yanvarın 15-də professor Həsənlinin altmış beş yaşı tamam oldu. Yaş, əlbəttə ki, az deyil. Amma onun Şanxayda olarkən verdiyi müsahibəni oxuduqda yubilyarın ruhunun gəncliyinə və tarixi hadisələrdə insanların davranışının mütləq xalqın yaddaşında qalacağına möhkəm əminliyinə təəccüb etdim. Zamanların qırılmaz əlaqəsinə olan bu inam gələcək nəsillər qarşısında məsuliyyət hissi yaradır. Və bu keyfiyyət Cəmil Həsənlini, gündəlik konyunktura düşüncələrini rəhbər tutaraq yaşayan əksər ziyalılarımızdan fərqləndirir.
Artıq bir neçə il əvvəl Cəmil Həsənli ölkədə bərqərar olmuş rejimin haqq-hesab çəkmək təhlükəsi ilə qarşılaşdı; bu təhlükə istənilən fərqli düşüncəni amansızcasına yatırmağı özündə ehtiva edən yeni faktlarla təsdiq olunur. Və dostumu ad günü münasibətilə təbrik edərkən, mən taledən təmənna edirəm ki, bizim vətənimizdə tarixi hadisələrin gedişinə mətanətlə təsir göstərməyə can atan dünyanın bu yeganə tarixçi alimini qorusun.
Əzizim Cəmil, yaşımın hazırkı ixtiyar çağından mən görürəm ki, sən altmış beş yaşında da hələ gəncsən, enerjilisən və işgüzar təbiətinin tələb etdiyi hər şeyi həyata keçirməyə qadirsən. Sənə hələ çox gözəl kitablar yazmağı və dünyanın bütün inkişaf etmiş ölkələrində dərc etməyi arzu edirəm. Azərbaycan demokratik müxalifətinin lideri kimi fədakar fəaliyyətinin ölkəmizin tarixinə düşəcəyindən əminəm. Haqlısan, gələcək nəsillər çoxlarının susduğu vaxtda, həqiqəti deyənlərin adlarını bilməlidir.
Səni qucaqlayıram, səmimi hörmətlə,
Rüstəm İbrahimbəyov
15 yanvar 2017-ci il.
Los-Anceles