Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup – Müsəlman Birliyi Hərəkatının üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin (cəmi 12 nəfər) cinayət işi məhkəməyə göndərilib.
“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.
İş hakim Zeynal Ağayevin icraatına verilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 4-ü mülki şəxs, 2-i polis olmaqla 6 nəfər həlak olub, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə başda olmaqla, daha bir neçə üzvü həbs edilib. 2015-ci il, dekabrın 8-də isə Nardarandakı əməliyyatla bağlı feysbuk yazılarına görə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olunub.
Hazırda Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrupun – Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və başqa 16 nəfərin məhkəmə prosesi davam etdirilir. Prokuror çıxışında T.Bağırzadəyə ömürlük, F.Qəhrəmanlıya 11 il, qalanlarına da 10-20 il arasında həbs cəzası istəyib.
İkinci qrupun – Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramovun sədrliyi ilə baxılır.



