Saray keşikçisi az qala Britaniya kraliçasını səhvən güllələyəcəkmiş


kralica
“The Times” yazır ki, Buckingham sarayının keşikçisi səhvən əlahəzrət kraliçanı güllələyə bilərmiş.

Məsələ burasındadır ki, əlahəzrət zaman-zaman yuxusuzluqdan əzab çəkdiyinə görə “paltosunu çiyninə atıb” sarayın həyətində gəzməyə çıxır.

Bu barədə məlumatı “The Times” qəzetinə sarayın keçmiş keşikçisi verib.

Keşikçi deyib ki, bir gecə o sarayın hasarı boyunca keşik çəkdiyi vaxt üstünə bir qaraltının gəldiyini görüb.

Gecə saat 3-də keşikçi ona yaxınlaşmaqda olan qaraltının yalnız saraya soxulan kimsə olduğunu zənn edə bilərdi.

“Kimsən?” – deyə keşikçi qışqırıb. Yaxşı ki, elə bu an qarşısındakının əlahəzrət Britaniya kraliçası ikinci Elizabeth olduğunu başa düşüb.

“Aman Allah, əlahəzrət, az qala sizi güllə ilə vuracaqdım” – deyib keşikçi.

Keşikçi “The Times” qəzetinə deyib ki, o əlahəzrətlə belə tonda danışmasının fərqinə varıb və kraliçanın onu danlayacağını gözləyib.

Amma kraliça hadisəyə özünün səbəb olduğunu bildirib və keşikçini sakitləşdirib.

“Narahat olma, hər şey qaydasındaır, – deyib 2-ci Elizabeth, – Gələn dəfə həyətə çıxmazdan əvvəl sənə zəng edərəm ki, məni güllələməyəsən…”

Hadisənin həftəarası gündə Buckingham sarayında baş verdiyi söylənir.

“The Times” yazır ki, 2013-cü ildə silahlı polis saray bağçasında gəzən şahzadə Andrew-nü səhvən vura bilərmiş.

Doğrudur, onun üstünə silah çəkilməyib, amma hər halda şahzadədən üzr istənib.

Avqust ayında səhər saat 4 radələrində sarayın hasarına dırmaşan 22 yaşlı gənc həbs edilib. O polisin təhlükəsizlik kamerasına düşmüşdü.

May ayında isə kraliçanın başqa bir təbəəsi 41 yaşlı Denis Hennessy sarayın hasarından aşmağı bir yana, Buckingham-in bağçasında 10 dəqiqəyədək var-gəl edib.

Deyilənə görə, zabitlər onu həbs edərkən çaşqın Hennessy “Əlahəzrət evdədirmi?” deyə soruşub.

2013-cü ildə isə başqa bir adam hasardan aşıb və sarayın dövlət otaqlarından birinə daxil ola bilib.

“The Times” yazır ki, bu son hadisə barədə xəbər ictimaiyyətin 2-ci Elizabeth-in sağlamlığından xüsusilə narahat olduğu vaxta təsadüf edir.

Kraliça Milad bayramı ərəfəsində möhkəm soyuqladıqdan sonra iki həftədir ki, ictimaiyyət qarşısına çıxmayıb.

 

(bbc azəri)