AXCP sədri Əli Kərimli cəmiyyəti ağzını tikərək ölüm aclığına başlayan vətəndaş Nicad İbrahimin vəziyyətinə diqqət etməyə çağırıb. Əli Kərimli feysbuk səhifəsində paylaşdığı yazıda Nicad İbrahimin hökumət orqanlarından tələblərinə qoşulamağa, özündən isə ölüm aclığını dayandırmağı xahiş etməyə səsləyib:
5-ci gündür ki, ağzını tikərək ölüm aclığına başlamış Nicad İbrahimdən xəbəriniz var? Heç maraqlanırsınız ki, öldümü, yoxsa sağdır? İki gün öncə təmtəraqla qeyd etdiyimiz Milli Həmrəylik həm də o deməkdir ki, paqonlu cinayətkarlar tərəfindən əmlakı əlindən alınmış, ayağına 3 güllə vurulmuş, çarəsizlikdən ölüm aclığı keçirən bir soydaşımızı ölümlə üz-üzə buraxmayaq. Nicad bəyin əlindən alınmış əmlakının özünə qaytarılmasını, müalicəsinin təmin edilməsini, onu güllələyən cinayətkarların məsuliyyətə cəlb olunmasını hamılıqla dövlətdən tələb edək! Hamımız intihar edənləri qınayırıq ki, niyə mübarizə aparmadan canlarına qəsd edirlər. Nicad bəy ən sərt mübarizə üsulu ilə bizlərin vicdanını tərpətmək istəyir. Təkcə dövlət hakimiyyətini deyil, həm də toplum olaraq bizi sınağa çəkir. Nicad bəyin harayı eşidilməsə, o gözümüzün qarşısında məhv olsa, biz özümüzü bağışlaya biləcəyikmi? Nicad bəy hələ sağdır, onu xilas etməliyik. Onun tələblərini müdafiə edək, özündən isə xahiş edək ki, ölüm aclığını dayandırsın!



