Bu qədər ifşadan sonra o məsuliyyətə cəlb olunmayıbsa….
Ölkənin mafiya qaydaları ilə idarə olunduğu hər gün daha aydın görünür. “MTN işi” məhkəməsində baş verənlər göstərir ki, dövlətin bütün qurumları çirkaba bulaşıb və komanda daxilində böyük “rozborka”lar gedir.
Rabitə Nazirliyinin keçmiş şefi Əli Abbasov istintaqa ifadəsində bildirib ki, Eldar Mahmudovdan qorxurdum və buna görə də ona pul verirdim. Ölkənin bir naziri başqa bir nzirin şantajlarından qorxur və ona külli miqdarda rüşvət verir. Əslində, bu etirafda dəhşətli reallıqlar gizlənir. Bu faktın özü ölkənin necə eybəcər vəziyyətə salındığının göstəricisidir. Eyni hakimiyyətdə təmsil olunmuş adamlar bir-birinə qənim kəsiliblər. Əgər bir naziri qorxudub “haqq” verməyə məcur ediblərsə, xırda sahibkarın, sadə vətəndaşın nə qədər hüquqsuz, sahibsiz olduğunu təsəvvür etmək çətin deyil. Bu komanda da təmsil olunanlar üçün dövlət, xalq maraqları qətiyyən önəm daşımır. Hamı daha çox qazanmaq uğrunda çalışıb və bunun uğrunda istənilən cinayəti törətməyə hazır olub.
Faktiki olaraq dövlətin təhlükəsizliyi, vətəndaşın taleyi bütün dönəmlərdə təhlükə altında olub. Eldar Mahmudov Əli Abbasovu rüşvət verməyə məcbur edibsə, uzun illər ərzində ölkədə minlərlə insanın haqqının oğurlandığını, qanının batırıldığını iddia etmək olar.
Amma bu etirafın arxasında daha mühüm faktlar yer alıb. Nəticə onu göstərir ki, Eldar Mahmudovdan qorxan təkcə Əli Abbasov olmayıb. Bu qədər faktlar, etiraflar, ittihamlar ortaya çıxır və hələ də Eldar Mahmudov azadlığın səfasını çəkir. Hamının cinayətkar kimi qiymətləndirdiyi adamı məsuliyyətə cəlb etmək mümkün olmur. Eldar Mahmudovun şantaj yoluyla milyardlar əldə etdiyi, hətta Rabitə nazirindən hesab aldığı hamıya məlum oldu.
Bir müddət əvvəl belə xəbərlər yayıldı ki, ölkə başçısı Əli Abbasovu qəbul edib və ondan açıqlama tələb edib. Əli Abbasov da Eldar Mahmudovdan qorxduğunu ölkə başçısına da etiraf edib. Hazırkı mərhələdə Əli Abbasovun istintaqda dedikləri, yayılan söhbətlərin həqiqət olduğunu üzə çıxarır.
Bu qədər ifşalardan sonra hələ də Eldar Mahmudovun toxunulmaz qalması onu göstərir ki, ölkə başçısı da ondan çəkinir. Bəli, məntiqlə belə görünür. Prokuror da, məhkəmə də, ölkə başçısı da Eldar Mahmudovdan qorxur və buna görə də heç bir addım atılmır.
O zaman sual meydana çıxır ki, bu adamların Eldar Mahmudov qarşısında hansı qəbahətləri var. Eldar Mahmudov bunların hansı cinayətlərindən xəbərdardır ki, onu məsuliyyətə cəlb etməkdən qorxurlar? Görünən budur ki, ölkə başçısı da Eldar Mahmudovun qarşısında aciz qalıb.
Samir



