Hər 100 manatın 35 manatı ciblərə gedib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Şahid qismində ifadə verən Cəfər Namazov bildirib ki, təmir-tikinti işləri üçün ayrılan pulların 35 faizini nazirliyə verirdik.
Azərbaycanda bütün qurumların pul silmək üçün fəaliyyət göstərdiyi, büdcədən ayrılan pulların böyük hissəsinin ciblərə axdığı məlumdur. Məhz bunun nəticəsidir ki, tikilən körpülər, salınan yollar, ucaldılan binalar istismar müddəti başa çatmamış məhv olur. Məhz bunun nəticəsidir ki, 2016-cı il başa çatsa da əksər qəsəbələrdə hələ də kanalizasiya sistemi yoxdur, yollar bərbaddır, su problemi var, qazla təhciz olunmayıb və.s Yəni, büdcədən müxətlif işlər üçün ayrılan pullar mənimsənilib.
Amma məhkəmədəki ifadələr bu mənimsəmələrin miqyasını daha da aydınlaşdırır. Bu illər ərzində təmir-tikinti işlərinə onmilyardlarla manat vəsait xərclənib. Əgər bu işlər üçün 30 milyard pul ayrılıbsa, bu pulun 10 milyardı silinib. Yaxud, baş nazirin müavini Abid Şərifov deyir ki, yol-nəqliyyat sisteminin qurulmasına 25 milyard manat pul xərclənib. Deməli, bu pulun 9 milyardı ciblərə gedib. Hələ bu etiraf olunan hissədir. Mümkündür ki, 35 faizdən əlavə də yeyinti yerləri olsun. Amma etiraf olunan miqdara istinad etsək, demək olar ki, ölkəyə yatırıldığı iddia edilən 200 milyard dollar vəsaitin 70 milyardı ciblərə gedib.
Xülasə, bir daha aydın olur ki, ölkənin bu vəziyyətə düşmə səbəbi neftin qiymətinin ucuzlaşması, qlobal böhran deyil. Azərbaycanı bu qədər müqavimətsiz edən səbəb oğurluq, talançılıq, korrupsiya, ədalətsizlikdir.
Rüşvət ala bilməyən, büdcədən oğurlamaq qabiliyyəti olmayan adamları yüksək vəzifələrə çəkmirlər. Büdcəyə ata malı kimi baxırlar və bunun nəticəsidir ki, büdcə yetim qalıb.
Samir


