Biləsuvardakı etirazlarda 10-a yaxın şəxs saxlanıb

etiraz-bilasuvar«Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan köçkünlərin elektrik enerjisinin verilməməsinə görə dekabrın 22-də keçirdikləri etiraz aksiyasında təqribən 10-a qədər şəxs saxlanılıb».

Bunu Azadlıq Radiosuna həmin şəxslərdən bəzilərinin vəkili olan Elçin Sadıqov bildirib.

E.Sadıqov deyir ki, o, hazırda Kürdəxanı təcridxanasında olan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkilidir: «İndiyə kimi görüşə bilməmişik, yaxın günlərdə görüşməyə çalışacağam. Amma hər iki şəxsin saxlanması ilə bağlı dekabrın 27-də şikayət vermişəm və Şirvan Apellyasiya Məhkəməsində baxılması gözlənilir. Amma, hələ ki, vaxt müəyyən olunmayıb».

E.Sadıqov bildirir ki, vəkili olduğu hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi ) maddələri ilə ittiham irəli sürülüb.