Şair-publisist Elnur Astanbəyli xalq qəhrəmanı Babəkin heykəlinin ucaldılmasının ləngiməsi ilə bağlı yazıb.
2011-ci il sentyabrın 6-da informasiya portallarında İlham Əliyev Bakıda Babəkin abidəsinin ucaldılmasına dair sərəncam verdiyinə dair xəbər oxumaq olardı.
Bundan təxminən 8 ay sonra – 2012-ci ilin aprelində isə bu dəfə saytlarda eyni mövzuda başqa bir xəbər gözə dəyirdi:
“Görkəmli Azərbaycan sərkərdəsi Babəkin Bakıda ucaldılacaq abidəsinin eskizləri hazırdır və prezident İlham Əliyev eskizi bəyənib. Bunu simsar.az saytına açıqlamasında heykəltəraş Arif Qazıyev deyib.
Arif Qazıyev bildirib ki, abidə üçün paytaxtın Babək prospektinin axırı və digər üç yer ətrafında söhbət gedir: “Abidənin hara qoyulacağına prezident İlham Əliyev qərar verəcək. Abidənin eskizləri hazırdır, prezidentə göstərilib. Dövlət başçısı eskizi bəyənib. Ancaq məsələ burasındadır ki, abidənin qoyulacağı yer hələ məlum deyil. Bu bəlli olduqdan sonra miqyas da bilinəcək və buna uyğun kompozisiya seçiləcək. Model hazırdır. Qəhrəmanlığı ifadə edən bu abidənin layihəsində Babək əlində qılınc təsvir olunub. Babək sərkərdə olub, yəni tək döyüşməyib. Buna görə kompozisiyada xalq nümayəndələrinin təsviri də əksini tapacaq”.
Həmin xəbərdə o da deyilirdi ki, heykəltəraş elə həmin ilin mayında Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsindən sonra Babəkin abidəsi ilə bağlı məsələlərə aydınlıq gələcəyinə ümid edir.
İl 2016. Dekabr.
Bir neçə gün sonra 2017-ci il başlayacaq.
Amma Babəkin abidəsindən hələ də heç bir xəbər yoxdur. Daha doğrusu, onun harada qoyulacağı bir yana, ümumiyyətlə, qoyulub-qoyulmayacağı bəlli deyil.
Qulaqdan qulağa deyilənlərdən eşitdiyim qədərilə heykəlin ucaldılması üçün Babək prospekti müəyyənləşdirilib.
Amma artıq yer məsələsi bir o qədər önəmli də deyil.
Düşündürücü olan, sərəncamın üstündən 5 il 3 ay, eskizlərin bəyənilməsinin üstündən isə 4 il 8 ay keçdikdən sonra hələ də Babəkin abidəsinin ucaldılmamasıdır”, – E.Astanbəyli “makroblog.az”dakı məqaləsində qeyd edib.
Müəllif son vaxtlar Babək haqqında bəzi deputatların da tənqidi çıxışlarına işarə edərək, heykəlin ucaldılmasının yubanmasını “düşündürücü” adlandırıb: “Babəkin heykəlinin ucaldılmamasında birilərinin hər fürsətə qarşı Babəkə qarşı hücumlarını daxilən bölüşənlər, Babəkə qarşı gizli və ya aşkar şəkildə eyni münasibəti bəsləyənlər, eyni baxışları daşıyanlar nə qədər rol oynayırlar?!”
Məqalə böyük maraq doğurub və müzakirələrə səbəb olub.
“SOCAR-ın bir nümayəndəsi gəldi, dedi işi başa çatdırmaq üçün maliyyə ayrılacaq. Sonra araya 2016-cı ildəki Avropa Çempionatı düşdü. Dedilər çempionatdan sonra heykəli tamamlamaq üçün pul ayrılacaq. Hələ bir xəbər yoxdur” – bu sözləri teleqraf.com-a açılamasında Babəkin heykəlinin böyük formatda hazırlanması işi ilə məşğul olan heykəltəraş Rəşid Hüseynov deyib.
Sayt yazır ki, heykəli hazırlamaq heykəltəraş Arif Qazıyevə tapşırılıb. O, iki metrlik modeli hazırlayıb, təhvil verib. Sonrakı mərhələ modelin böyük formatda hazırlanması prosesidir ki, hazırda bu işlə Rəşid Hüseynov məşğul olur.
O deyib ki, heykəlin maliyyələşdirilməsi ilk gündən SOCAR-a tapşırılıb: “Arif müəllim layihənin smetasını bir dəfə hazırlayıb SOCAR-a təqdim edib. SOCAR smetanı bəyənməyib və deyib ki, məbləği özümüz hazırlayacağıq. Sonra da Arif müəllim smeta ilə maraqlananda ona bu barədə məlumat verməyiblər. Məhz maliyyə məsələsi ilə əlaqədar iş bu qədər ləngiyir”.
Heykəl hazır olandan sonra Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulacaq, üzü şəhərə tərəf dayanacaq. Ayağının altında budaq formasında postament olacaq. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr olacaq.