Ali Məhkəmə dekabrın 27-də hazırda xaricdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların kassasiya şikayətini qismən təmin edib.
Bunu AzadlıqRadiosu-na onların vəkillərindən Əfqan Məmmədov deyib.
Vəkilin sözlərinə görə, kassasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2015-ci il dekabrın 9-da qəbul etdiyi qərarından verilmişdi.
Həmin qərar Arif və Leyla Yunuslarla bağlı çıxarılmış azadlıqdan məhrumetmə hökmünün şərti cəza ilə əvəz edilməsini nəzərdə tuturdu. Ali Məhkəmədən həmin qərarın ləğv edilməsi, Yunuslara bəraət verilməsi tələb olunmuşdu. Kassasiya şikayəti 2016-cı ilin fevralında verilmişdi.
Ali Məhkəmə kassasiya şikayətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılıb. Kassasiya şikayəti qismən təmin olunub. Yəni Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.
Əfqan Məmmədov şikayətin qismən təmin edilməsi anlayışının arxasında nə durduğunu konkret bilmədiyini söyləyib.
Yunuslar haqda həbs qərarı qüvvəyə minir?
“Bizə qərarı verməyiblər, qərarda nə yazılıb, onu da bilmirik. Ancaq bilinən budur ki, Ali Məhkəmə şikayəti qismən təmin edib”.
Ə.Məmmədov bunu da deyib ki, Ali Məhkəmənin bu qərarından sonra iş Apelyasiya Məhkəməsinə qaytarılacağından Bakı Ağır Cinayətlər Məhkəməsinin Leyla və Arif Yunuslar barədə həbs qərarı qüvvəyə minir.
“Amma inanmıram ki, onlar barəsində hər hansı təqib və ya axtarış elan edilsin. Bu, beynəlxalq hay-küyə səbəb olar. Sadəcə məhkəmə sistemi vaxt udur, yəqin ki, bir-iki il də apelyasiya baxışı və qərarın qəbul edilməsi çəkər”.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Hüquq müdafiəçiləri ittihamları qəbul etməyiblər.
2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Həmin il dekabrın 9-da Apelyasiya Məhkəməsi həbs müddətini şərti cəza ilə əvəz edib. Aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib.
Bundan sonra Leyla Yunus Azərbaycanda həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun və bəzi dindarların, siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.